PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Xarici bazarlara daxil olmaq istəyən şirkətlər yerli istehlakçıların psixologiyasını, mədəni xüsusiyyətləri, rəqabət mühitini və maliyyə dayanıqlığını əvvəlcədən qiymətləndirməlidirlər. Tələbatı təsdiqləmədən yeni bazara çıxmaq və yerli rəqabəti düzgün təhlil etməmək bizneslərin yol verdiyi əsas səhvlərdəndir.
PostNews xəbər verir ki, bunu Bakıda keçirilən TEI Forum 2026 (Trade, Export & Innovation Forum) çərçivəsində təşkil olunan panel müzakirəsinin moderatoru, “BMG International” şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO) Orxan Məmmədzadə bildirib.
Xarici bazara çıxışda istehlakçı psixologiyası nəzərə alınmalıdır
Orxan Məmmədzadənin sözlərinə görə, rəqabət mühitinin təhlili və qiymətlərin yerli bazara uyğunlaşdırılması biznes araşdırmalarının adi tərkib hissələridir. Bununla yanaşı, hər bir ölkənin mədəni xüsusiyyətlərinin və istehlakçı psixologiyasının öyrənilməsi də xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, bizneslərin lokallaşdırma strategiyası, qiymət siyasəti, kommunikasiya və satış yanaşmaları yerli bazarın gözləntilərinə uyğun qurulmalıdır.
Şirkət rəhbəri vurğulayıb ki, xarici bazara çıxış zamanı strategiya, məhsulun bazara uyğunluğu, bazara giriş əməliyyatları və maliyyə dayanıqlığı əsas diqqət yetirilməli məsələlərdir.
Onun fikrincə, bir çox biznes subyekti fəaliyyətə başlamazdan əvvəl zəruri göstəriciləri düzgün qiymətləndirmədiyi üçün vaxtını, enerjisini və sahib olduğu aktivləri itirir.
Biznes planı rəqəmsal göstəricilər əsasında hazırlanmalıdır
Orxan Məmmədzadə bildirib ki, bu riskləri azaltmaq üçün şirkətlər əvvəlcədən düzgün biznes planı hazırlamalı və fəaliyyətlərini əldə etdikləri rəqəmsal göstəricilərə uyğunlaşdırmalıdırlar.
O, müxtəlif ölkələrdə biznesin inkişafı üçün bir sıra bazara giriş üsullarının mövcud olduğunu diqqətə çatdırıb:
- Birbaşa ixrac;
- Yerli distribütorlarla əməkdaşlıq;
- Strateji tərəfdaşlıqlar;
- Birgə müəssisələrin yaradılması;
- Yerli bazarda fiziki mövcudluğun təmin edilməsi.
Şirkət rəhbərinin sözlərinə görə, bizneslər əvvəlcə öz yerli bazarlarında təcrübə qazanmalı, daha sonra həmin təcrübəni digər bazarlarda tətbiq etmək bacarığını formalaşdırmalıdırlar.
O əlavə edib ki, biznesin fəaliyyətində müəyyən problemlərin qarşısını başlanğıc mərhələdə almaq həmişə mümkün olmur. Lakin risklərin mövcudluğu aşkarlandıqda şirkətlər fəaliyyətlərini davam etdirməzdən əvvəl qərarlarını yenidən qiymətləndirməlidirlər.
Tələbatı təsdiqləmədən yeni bazara daxil olmaq risklidir
Orxan Məmmədzadə xarici bazarlara çıxış zamanı yol verilən əsas səhvlərdən birinin real tələbatı təsdiqləmədən yeni ölkədə fəaliyyətə başlamaq olduğunu vurğulayıb.
Onun sözlərinə görə, digər ciddi səhv yerli rəqabətin lazımi səviyyədə qiymətləndirilməməsidir.
“Digər səhv yerli rəqabəti lazımi səviyyədə qiymətləndirməməkdir. Çünki hər kəs müəyyən ölkələrin biznesin inkişafı üçün açıq olduğunu söyləyə bilər. Siz də həmin bazara daxil olacağınıza və oradakı yerli iştirakçılardan daha yaxşı fəaliyyət göstərəcəyinizə əmin ola bilərsiniz”, – deyə O.Məmmədzadə qeyd edib.
O vurğulayıb ki, xarici bazarda uğurlu fəaliyyət üçün yalnız bazarın açıq olması kifayət deyil. Şirkətlər yerli tələbatı, rəqiblərin mövqeyini, istehlakçı davranışlarını və öz maliyyə imkanlarını hərtərəfli təhlil etməlidirlər.

