PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
“CLARSEN” konsaltinq şirkətinin təsisçisi və baş icraçı direktoru Nikoloz Kandelaki Azərbaycan startaplarının Gürcüstan bazarına çıxmasına dəstək göstərməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, şirkət “BMG International” ilə memorandum imzalayaraq tənzimləməyə uyğunluq, biznesin inkişafı və təcrübə mübadiləsi istiqamətlərində əməkdaşlıq edəcək.
PostNews xəbər verir ki, bunu Bakıda keçirilən TEI Forum 2026 (Trade, Export & Innovation Forum) çərçivəsində müsahibəsində “CLARSEN” konsaltinq şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO) Nikoloz Kandelaki deyib.
O, forumun beynəlxalq tərəfdaşlıqların qurulması, startapların xarici bazarlara çıxışı və innovativ həllərin regionda yayılması baxımından əhəmiyyətini vurğulayıb.
Müsahibəni təqdim edirik:
– TEI Forum 2026-nı (Trade, Export & Innovation Forum) necə dəyərləndirirsiniz?
– Bu, möhtəşəm bir forumdur. İlk növbədə, burada olmaq, dəvət edilmək, “CLARSEN”in və şirkətlərimizin təcrübəsini təqdim etmək, həmçinin hörmətli qonaqların təcrübələrini bölüşmək mənim üçün şərəfdir.
Burada Qazaxıstandan və Maltadan gələn həmkarlarımızı gördük. Bu, beynəlxalq forumdur və təkcə yerli oyunçular, yerli startaplar üçün deyil, həm də tərəfdaşlıq qurmaq və məhsulları beynəlxalq səviyyəyə çıxarmaq üçün platformadır.
Ən vacibi isə ölkələrimiz arasında körpülər qurmaq, bazarları birləşdirmək, həm dünyada, həm də regionda yeni texnologiyaları və innovasiyaları gətirməkdir. Təkcə qonşu ölkələrdən deyil, bütün dünyadan təcrübə mübadiləsi aparmaq çox vacibdir.
Qafqaz regionu üçün birlikdə fəaliyyət göstərmək, bazarları və startaplarımızı birləşdirmək imkanıdır. Gürcüstan və Azərbaycan startapları öz məhsullarını birgə yarada bilərlər.
Həmçinin “CLARSEN” Azərbaycan startaplarının Gürcüstan bazarına çıxmaq istədikləri halda güvənə biləcəkləri şirkətdir. Onlara kömək etməkdən və yol göstərməkdən məmnun olarıq. Çünki komandamızın tənzimləyici orqanlarla iş təcrübəsi unikaldır. Onlarla Gürcüstanda görüşməkdən, eyni zamanda innovasiyaları Gürcüstandan Azərbaycana gətirməkdən məmnun olarıq.
– Azərbaycanın fintex bazarının inkişafını necə qiymətləndirirsiniz?
– Fintex bazarının özü yeni bazardır və düşünürəm ki, Azərbaycanın sürətlə böyümək üçün çox böyük potensialı var. Çünki ölkə Qafqaz regionunun ən böyük iqtisadiyyatına malikdir. Həmçinin əhalisi və gənc nəslin sayı da çoxdur – bu, təxminən 70 faizdir. Yeni texnologiyalara isə çox sürətlə uyğunlaşmaq mümkündür.
Odur ki, siz dünyanın hər yerindən insanları gətirməli, onlara ölkənizi göstərməlisiniz. Məncə, hökumətiniz iqtisadi baxımdan çox yaxşı iş görür. Çoxlu forumlar və Formula 1 kimi bir çox digər tədbirlər keçirilir. Düşünürəm ki, bu, ölkənizin inkişafının təməlini təşkil edir.
Əlavə olaraq, ənənəvi maliyyə sektoruna kripto, süni intellekt (AI) və digər yeni texnologiyaların tətbiqi də iqtisadiyyatınızın inkişafına və böyüməsinə böyük kömək olacaq.
– Azərbaycan Gürcüstanın fintex təcrübəsindən nə öyrənə bilər?
– Məsələn, biz kripto tənzimləmələrini tətbiq edən ilk ölkələrdən olduq. Startaplarımız və lisenziyalı qurumlarımız var idi. Bu təcrübə sizin üçün çox faydalı olacaq.
Gürcüstan bazarı istənilən ölkədən gələn bütün startaplara açıqdır. Gürcüstanın iqtisadiyyatı açıq iqtisadiyyatdır. Düşünürəm ki, bu təcrübəni bölüşmək, Gürcüstan startaplarını gətirmək, həmçinin Azərbaycan startaplarını Gürcüstana dəvət etmək üçün güclərimizi birləşdirmək çox səmərəli olacaq. Bu, hər iki ölkəmiz üçün faydalı olacaq.
Biz bilirik ki, ölkələrimizin dostluğu bu gün başlamayıb, əsrlər əvvəl başlayıb və tərəfdaşlığımızı bu dəyərlər üzərində qurmalıyıq. Dostluq, təcrübə mübadiləsi və bizi əsrlər boyu dəstəkləyən dəyərlər… Tarixi bilirik, çətin dövrlərdə kimin yanımızda olduğunu bilirik və bu, qorumalı olduğumuz dəyərdir. Yeni əlaqələr də bu dəyərlər əsasında yaradılmalıdır.
– “BMG International” şirkəti ilə tərəfdaşlığı necə qiymətləndirirsiniz? Bu çərçivədə hansı addımların atılması planlaşdırılır?
– Bəli, “BMG International” şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO) Orxan Məmmədzadə bizim dəyərli dostumuzdur. Biz tərəfdaşlığımıza bu gün memorandumla başlayacağıq. Bu gün “CLARSEN” və “BMG” olaraq memorandum imzalayacağıq və bu tərəfdaşlığı şirkətlərimizin inkişafı və təcrübə mübadiləsi ilə davam etdirəcəyik.
Tərəfdaşlarımız üçün əsas fürsət ondan ibarətdir ki, bizim tənzimlənən sektorda təcrübəmiz var. Qaydaları bilirik, onları necə hazırlamağı və sektorun bu qaydalara uyğunlaşmasına necə kömək edəcəyimizi bilirik. Beləliklə, biz bu standartı Azərbaycana gətirəcəyik.
Bizim biznes modelimiz unikaldır. Niyə unikaldır? Çünki bu, tənzimləməyə uyğunluq (regulatory compliance) üzrə autsorsinq xidmətidir. Bu xidmət modeli nə Gürcüstanda, nə də bir çox digər ölkələrdə hələ tam inkişaf etməyib.
Bu standartın məqsədi startaplara və investorlara asanlıqla yol göstərməkdir. Biz maliyyə, insan resursları (HR) və təhsil kimi ənənəvi autsorsinq xidmətlərində böyük təcrübəyə malik “BMG” kimi bir şirkətlə güclərimizi birləşdiririk.
Onların artıq “CLARSEN” kimi yeni biznes modellərini mənimsəmək və mövcud daxili bazara “tənzimləməyə uyğunluq üzrə məsləhətçi” kimi yeni autsorsinq xidmətləri təklif etmək üçün bazası var.

