PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Noyabrın 4–6-da Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – AIREX 2026 keçiriləcək. Tədbirdə 20-dən çox ölkədən nümayəndələrin, 70-dən artıq yerli və beynəlxalq şirkətin iştirakı, ümumilikdə 20 min ziyarətçinin qatılması gözlənilir.
PostNews xəbər verir ki, üç gün davam edəcək sərgi daşınmaz əmlak sektorunun yerli və beynəlxalq iştirakçılarını, investorları, tikinti və inkişaf şirkətlərini, memarları, rieltorları, maliyyə və texnologiya qurumlarını vahid platformada bir araya gətirəcək.
AIREX 2026-nın əsas məqsədi Azərbaycanın daşınmaz əmlak bazarının investisiya potensialını beynəlxalq auditoriyaya təqdim etmək, yeni biznes əlaqələrinin qurulmasını təşviq etmək və ölkənin regional investisiya mərkəzi kimi mövqeyinin gücləndirilməsinə töhfə verməkdir.
Sərgi ərəfəsində “PAŞA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında tədbirin proqramı, iştirakçı şirkətlər, investisiya imkanları və daşınmaz əmlak sektorunun inkişaf perspektivləri barədə məlumat verilib.
AIREX 2026 yeni investisiya imkanları yaradacaq
“PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev bildirib ki, sərgi daşınmaz əmlak bazarının müxtəlif iştirakçıları arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Onun sözlərinə görə, AIREX 2026 həm mənzil almaq və yaşayış şəraitini yaxşılaşdırmaq istəyən şəxslər, həm də daşınmaz əmlaka sərmayə yatırmağı planlaşdıran investorlar üçün nəzərdə tutulub.
T.Əliyev qeyd edib ki, tədbirdə Azərbaycanın və regionun perspektivli daşınmaz əmlak layihələri təqdim olunacaq. İştirakçı şirkətlər öz layihələrini potensial alıcılara və investorlara nümayiş etdirmək, beynəlxalq tərəfdaşlarla birbaşa əlaqələr qurmaq imkanı əldə edəcəklər.
Şirkət rəhbərinin fikrincə, sərgi yeni investisiyaların cəlb olunmasına, işgüzar münasibətlərin inkişafına və daşınmaz əmlak sektorunda beynəlxalq əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.
Yerli və xarici daşınmaz əmlak layihələri təqdim ediləcək
“PAŞA Property Management” şirkətinin kommersiya direktoru Riad Salayev bildirib ki, sərgi ziyarətçilərə yerli və beynəlxalq daşınmaz əmlak layihələrinin konsepsiyası, infrastrukturu və inkişaf perspektivləri ilə yaxından tanış olmaq imkanı verəcək.
Onun sözlərinə görə, potensial alıcılar və investorlar şirkət nümayəndələri ilə birbaşa görüşərək layihələrin xüsusiyyətləri barədə ətraflı məlumat əldə edə və mövcud təklifləri öz ehtiyaclarına uyğun qiymətləndirə biləcəklər.
R.Salayev vurğulayıb ki, AIREX 2026 peşəkar dialoqun inkişafı, beynəlxalq təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından da əhəmiyyətli platforma olacaq.
Qarabağ və regionların investisiya potensialı diqqət mərkəzində olacaq
“PAŞA Property Management” şirkətinin tədbirlər üzrə layihə meneceri və AIREX-in layihə direktoru Afitab Sultanova Azərbaycanın daşınmaz əmlak bazarının beynəlxalq arenaya çıxmaq üçün potensiala malik olduğunu bildirib.
Onun sözlərinə görə, Qarabağda və ölkənin digər bölgələrində həyata keçirilən inkişaf layihələri yerli və xarici investorlar üçün yeni imkanlar formalaşdırır.
A.Sultanova qeyd edib ki, AIREX 2026 bu imkanların beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, investorların müvafiq layihələrlə tanışlığı və gələcək əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm platforma rolunu oynayacaq.
Sərginin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan edildiyi dövrdə təşkili də xüsusi əhəmiyyət daşıyır. Tədbir çərçivəsində müasir şəhərsalma yanaşmaları, yaşayış komplekslərinin inkişafı və daşınmaz əmlak sektorunun investisiya perspektivləri müzakirə olunacaq.
Beş panel müzakirəsi və B2B görüşlər keçiriləcək
AIREX 2026-nın üçgünlük proqramında beş panel müzakirəsinin, şirkət təqdimatlarının, sahə ekspertləri ilə görüşlərin və biznes nümayəndələri arasında B2B danışıqlarının keçirilməsi nəzərdə tutulur.
Panel müzakirələrində Azərbaycanın şəhərsalma perspektivləri, yeni inkişaf və infrastruktur layihələri, brend rezidensiyalar, premium yaşayış konsepsiyaları, şəhər və məhəllələrin planlaşdırılması, dayanıqlı tikinti prinsipləri, həmçinin maliyyə və texnologiya şirkətlərinin daşınmaz əmlak bazarı ilə əməkdaşlıq imkanları diqqət mərkəzində olacaq.
Bununla yanaşı, tədbirdə investorlar və developerlər arasında birbaşa danışıqların aparılması, beynəlxalq daşınmaz əmlak layihələrinin təqdimatı, potensial tərəfdaşlıqların müzakirəsi və yeni işgüzar əlaqələrin qurulması üçün imkanlar yaradılacaq.
Sərgidə daşınmaz əmlakın inkişafı və idarə edilməsi ilə məşğul olan şirkətlərlə yanaşı, memarlıq və dizayn, tikinti texnologiyaları, proptech, mehmanxana və qonaqpərvərlik sahələrini təmsil edən biznes subyektlərinin də iştirakı nəzərdə tutulur.
Sərgi dövlət qurumlarının dəstəyi ilə təşkil olunacaq
AIREX 2026 “Baku Expo Management” və “PAŞA Property Management”in təşkilatçılığı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, Qarabağ Dirçəliş Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), AZPROMO və ADRA-nın dəstəyi ilə keçiriləcək.
Tədbirin baş sponsorları sırasında “PAŞA Real Estate”, “Sea Breeze”, “PMD Group” və Bakı Ağ Şəhər yer alır. Azərbaycan Beynəlxalq Bankı (ABB), “Absheron Hotel Group” və digər tərəfdaşlar da sərginin təşkilinə dəstək verirlər. “Times Consulting” isə tədbirin strateji tərəfdaşıdır.
Sərgiyə giriş ödənişsiz olacaq
Noyabrın 4–6-da Bakı Ekspo Mərkəzində keçiriləcək AIREX 2026 sərgisinə ziyarətçilərin girişi ödənişsiz olacaq.
İştirak etmək istəyən şəxslər əvvəlcədən elektron qeydiyyatdan keçə və ya sərginin keçirildiyi günlərdə tədbir məkanında qeydiyyatdan yararlana bilərlər.
Sərgi barədə ətraflı məlumatı və qeydiyyat şərtlərini AIREX 2026-nın rəsmi saytından əldə etmək mümkündür.
Qeyd edək ki, AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisinin informasiya dəstəkçiləri sırasında PostNews xəbər portalı da yer alır.

