Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 4 dəfə, Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyüb

Mətn Ölçüsü

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi göstəricilər artıb. Qarabağ iqtisadi rayonunda əsas sahələr üzrə məhsulun ümumi buraxılışı 6 milyard manata, Şərqi Zəngəzurda isə 4 milyard manatı ötüb. Bu ərazilərin bərpasına indiyədək dövlət büdcəsindən 26 milyard manat ayrılıb.

PostNews xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Deputatın sözlərinə görə, Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat olduğu halda, hazırda 6 milyard manata çatıb. Beləliklə, göstərici təxminən 4 dəfə artıb.

Şərqi Zəngəzur iqtisadi rayonunda isə 2020-ci ildə 134 milyon manat təşkil edən məhsulun ümumi buraxılışı 30 dəfədən çox artaraq 4 milyard manatı ötüb.

“Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var”, – deyə Vüqar Bayramov qeyd edib.

İşğaldan azad edilmiş ərazilərin bərpasına 26 milyard manat ayrılıb

Deputat bildirib ki, ötən müddətdə yalnız dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpasına 26 milyard manat vəsait yönəldilib.

Onun sözlərinə görə, ümumi uzunluğu 3 720,5 kilometr olan 64 avtomobil yolunun tikintisi icra edilir. İndiyədək ümumi uzunluğu 1 338 kilometr olan 17 avtomobil yolunun tikintisi tam başa çatdırılıb.

Bundan başqa, strateji əhəmiyyətli üç beynəlxalq hava limanı istifadəyə verilib.

Azad edilmiş ərazilərdə 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır

Vüqar Bayramovun diqqətə çatdırdığına görə, hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır. Onların 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Belə ki, rayonda 8 300 nəfər yaşayır. Cəbrayıl rayonuna isə 7 112 keçmiş məcburi köçkün qayıdıb.

Deputat bildirib ki, Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası bu il başa çatacaq. Növbəti proqram isə 2027–2030-cu illəri əhatə edəcək.

“İnfrastrukturun formalaşması intensiv məskunlaşma üçün xüsusi zəmin yaradır. Növbəti aylarda və 2027-ci ildə həmin ərazilərdə kütləvi məskunlaşma olacaq. Hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda ev təklif ediləcək. Heç bir keçmiş məcburi köçkün prosesdən kənarda qalmayacaq. Bu, Prezidentin siyasi iradəsidir”, – deyə o əlavə edib.

Prezident azad edilmiş ərazilərə 600 dəfədən çox səfər edib

Vüqar Bayramov çıxışında Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə 600 dəfədən çox səfər etdiyini də bildirib.

Deputatın sözlərinə görə, dövlət başçısı həmin səfərlər və tədbirlər çərçivəsində 180-dən çox layihənin təməlini qoyub, 170-dən çox obyektin açılışında iştirak edib.

O, bu göstəriciləri yenidənqurma və məskunlaşma prosesinə dövlət başçısının xüsusi diqqətinin göstəricisi kimi qiymətləndirib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri