Vüsal Qasımlı: “Azərbaycan startap ekosisteminin dəyəri 600 milyon dollara yaxındır”

Mətn Ölçüsü

Azərbaycan startap ekosisteminin ümumi dəyəri təxminən 600 milyon dollar qiymətləndirilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, beynəlxalq investorların marağının artması və yeni maliyyələşmə mexanizmlərinin tətbiqi bu sahənin inkişafını sürətləndirə bilər.

PostNews xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən TEI Forum 2026 (Trade, Export & Innovation Forum) çərçivəsində açıqlamasında deyib.

Onun sözlərinə görə, “Enterprise Azerbaijan” portalı ölkənin startap ekosisteminin mühüm tərkib hissələrindən biridir.

“Startup School 4” beş qitəni əhatə edib

Vüsal Qasımlı qeyd edib ki, son bir il ərzində “Enterprise Azerbaijan Startap School 4” layihəsi beş qitəni əhatə edib və 500 startap layihəsinin iştirakını təmin edib.

Layihə çərçivəsində startaplarla yanaşı, 40-a yaxın innovativ tərəfdaş, o cümlədən mələk investorlar və vençur fondları da prosesə cəlb olunub.

Mərkəzin icraçı direktoru forum çərçivəsində imzalanan müqavilələrin Azərbaycanın startap ekosisteminə beynəlxalq səviyyədə marağın artdığını göstərdiyini vurğulayıb.

Startap ekosisteminin dəyəri 600 milyon dollar qiymətləndirilir

V.Qasımlının açıqlamasına görə, hazırda Azərbaycanın startap ekosisteminin ümumi dəyəri təxminən 600 milyon dollar təşkil edir.

O bildirib ki, ölkədə həyata keçirilən islahatlar bu sahənin daha sürətli inkişafına şərait yaradacaq. Xüsusilə kraudfandinq mexanizmlərinin tətbiqi, vençur fondlarının inkişafı, texnopark rezidentlərinə verilən güzəştlər və infrastrukturun təkmilləşdirilməsi startap ekosisteminin genişlənməsinə töhfə verə bilər.

Azərbaycan regional innovasiya mərkəzinə çevrilməyi hədəfləyir

Vüsal Qasımlı Azərbaycanın coğrafi mövqeyinin innovasiya sahəsində əlavə imkanlar yaratdığını da diqqətə çatdırıb.

Onun sözlərinə görə, ölkənin Şərq və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşməsi bu potensialdan səmərəli istifadə etməklə Azərbaycanın gələcəkdə regional innovativ startap mərkəzinə çevrilməsinə imkan yarada bilər.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri