Yaponiyalı professor: “Azərbaycan mühüm diplomatik rol oynaya bilər”

Mətn Ölçüsü

Yaponiyanın Hitotsubashi Universitetinin professoru Mayko İçihara hesab edir ki, Azərbaycanın enerji resursları və geosiyasi mövqeyi ölkəyə qlobal proseslərə təsir göstərmək imkanları yaradır. Onun sözlərinə görə, Azərbaycan regionda mürəkkəb vəziyyət fonunda mühüm diplomatik rol oynaya bilər.

PostNews xəbər verir ki, bunu Yaponiyanın Hitotsubashi Universitetinin professoru Mayko İçihara Xəzər Universitetində “Qlobal idarəetmənin dəyişən mənzərəsi və orta güclərin rolu” mövzusunda keçirilən mühazirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Professorun sözlərinə görə, Cənubi Qafqaz regionu geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Hər bir ölkə qlobal siyasət və enerji təhlükəsizliyi məsələlərində maraqlıdır və Azərbaycan bu prosesdə əsas oyunçulardan biridir.

Azərbaycan qlobal proseslərə təsir imkanlarına malikdir

Mayko İçihara Azərbaycanın neft ehtiyatlarının və mövcud geosiyasi rıçaqlarının ölkəyə qlobal miqyasda təsir imkanları qazandırdığını vurğulayıb.

O qeyd edib ki, regionda baş verən gərginliklər, xüsusilə ABŞ ilə İran arasındakı qarşıdurmalar dünya iqtisadiyyatına da təsir göstərir.

Professorun fikrincə, yaranmış mürəkkəb şəraitdə Azərbaycan mühüm diplomatik rol oynaya bilər. O, ölkənin enerji resurslarından digər dövlətlərə müsbət təsir göstərmək məqsədilə istifadə imkanlarını nəzərdən keçirə biləcəyini bildirib.

Azərbaycan-Yaponiya tərəfdaşlığının potensialı

İki ölkə arasındakı münasibətlərə də toxunan professor mövcud əməkdaşlıq potensialının hələ tam reallaşdırılmadığını qeyd edib.

“Azərbaycan kimi strateji vacib ölkələrlə əlaqələrin daha geniş işıqlandırılmasına və inkişaf etdirilməsinə ehtiyac var. Azərbaycan-Yaponiya tərəfdaşlığı hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir”, – deyə Mayko İçihara əlavə edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri