Azərbaycanda “Rəqəmsal Media Ayı”na start verilib – noyabrda təlim və seminarlar keçiriləcək

Mətn Ölçüsü

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb. Proqram media savadlılığının artırılması, süni intellekt texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə istiqamətlərini əhatə edəcək.

PostNews xəbər verir ki, bu barədə Media və Yayım Şurası məlumat yayıb.

Bildirilib ki, təşəbbüsün əsas məqsədi cəmiyyətdə media savadlılığını artırmaq, müasir informasiya mühitinə dair bilik və bacarıqları təkmilləşdirmək, etibarlı məzmun yaradılmasını təşviq etmək, eləcə də gənclərin bu sahədə peşəkar inkişafına dəstək göstərməkdir.

“Rəqəmsal Media Ayı” yeni texnologiyaların yaratdığı imkanlar barədə məlumatlılığın artırılmasına, həmin imkanlardan səmərəli istifadəyə və rəqəmsal platformalarda təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə də xidmət edir.

İlk təlimdə rəqəmsal media trendləri və platforma alqoritmləri müzakirə olunub

Təşəbbüs çərçivəsində təşkil edilən təlim proqramının ilk günü rəqəmsal media trendləri, platforma alqoritmləri, şəxsi brendin formalaşdırılması və auditoriya ilə qarşılıqlı əlaqənin qurulması mövzularına həsr olunub.

Rəqəmsal marketinq və süni intellekt üzrə mütəxəssis Cəfər Nəcəfov “Rəqəmsal media trendləri və platforma alqoritmləri” mövzusunda çıxış edib.

O, rəqəmsal platformaların fəaliyyət prinsipləri, alqoritmlərin məzmunun yayılmasına təsiri və müasir informasiya mühitində formalaşan yeni tendensiyalar barədə məlumat verib.

Kontent yaradıcısı Pərviz Sadıqov isə “Şəxsi brend və auditoriya ilə qarşılıqlı əlaqə: rəqəmsal kontent strategiyaları” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda şəxsi brendin inkişafı, hədəf auditoriyanın müəyyənləşdirilməsi, sosial media üçün effektiv məzmun strategiyalarının hazırlanması və auditoriya ilə davamlı kommunikasiyanın qurulması məsələləri diqqət mərkəzində olub.

Təlim proqramı mövzular ətrafında müzakirələr və sual-cavab sessiyaları ilə davam edib.

Noyabrda müxtəlif maarifləndirmə proqramları təşkil ediləcək

Qeyd olunub ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının keçirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində aşağıdakı mövzulara xüsusi diqqət yetiriləcək:

  • Rəqəmsal media trendləri və sosial media platformalarının fəaliyyət prinsipləri;
  • Məzmun strategiyalarının hazırlanması;
  • Süni intellekt texnologiyalarının tətbiqi;
  • İnformasiya təhlükəsizliyi;
  • Dezinformasiya ilə mübarizə.

Təşəbbüsün bu istiqamətlər üzrə bilik və bacarıqların inkişafına, rəqəmsal informasiya mühitində daha təhlükəsiz və məsuliyyətli davranışın təşviqinə töhfə verməsi hədəflənir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri