Aİ Orta Dəhlizin inkişafı üçün strateji investisiyaları müzakirə edəcək

Mətn Ölçüsü

Avropa İttifaqı 2026-cı il noyabrın 17-də Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması və marşruta strateji investisiyaların cəlb olunması ilə bağlı dialoq keçirəcək. Tədbirdə özəl sektorun, beynəlxalq maliyyə institutlarının və Avropa Komissiyasının nümayəndələri iştirak edəcəklər.

PostNews xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat dərc olunub.

Bildirilib ki, dialoq Avropa komissarları Marta Kos və Yozef Sikelanın sədrliyi ilə keçiriləcək.

Tədbirin əsas məqsədi Orta Dəhlizin inkişafına yönəlmiş strateji investisiyalara dəstəyin genişləndirilməsi mexanizmlərini müzakirə etməkdir.

Aİ özəl sektorun Orta Dəhlizdə iştirakını genişləndirmək istəyir

Avropa Komissiyasının məlumatına görə, Aİ-nin regionlararası bağlantılar üzrə Gündəliyi Avropa İttifaqına üzv dövlətlər, “Şərq Tərəfdaşlığı” ölkələri, Qara dəniz regionu və Mərkəzi Asiyadakı tərəfdaşlar arasında ticarət, nəqliyyat, energetika və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün strateji istiqamətləri müəyyən edir.

Bu əməkdaşlığın inkişafında özəl sektora xüsusi rol ayrılır. Dövlət investisiyaları dəhlizin infrastruktur imkanlarının genişləndirilməsinə töhfə versə də, marşrutun etibarlı və kommersiya baxımından cəlbedici nəqliyyat yoluna çevrilməsi üçün özəl şirkətlərin uzunmüddətli iştirakı və investisiyaları vacib hesab olunur.

İnvestisiya risklərinin azaldılması və biznesə dəstək müzakirə ediləcək

Dialoq çərçivəsində Bağlantılar Gündəliyi Platforması (Connectivity Agenda Platform) vasitəsilə özəl sektor nümayəndələri ilə müntəzəm məsləhətləşmələrin aparılması üçün praktiki mexanizmlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, Aİ və beynəlxalq maliyyə institutlarının biznesə maliyyələşdirmə ilə yanaşı, tənzimləyici tədbirlər, koordinasiya, texniki yardım və investisiya risklərinin azaldılması alətləri vasitəsilə dəstək imkanları müzakirə olunacaq.

Orta Dəhliz layihələri üzrə özəl sektorun təklifləri toplanacaq

Tədbirin digər məqsədlərindən biri Orta Dəhlizlə bağlı layihələrin planlaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi və icrasının təkmilləşdirilməsi üçün özəl sektor nümayəndələrinin konkret tövsiyələrini toplamaqdır.

Müzakirələr fiziki infrastrukturu, daşımaların təşkili və normativ şərtləri, eləcə də marşrutun inkişafına mane olan mövcud amilləri əhatə edəcək.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri