PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Bakı Beynəlxalq Dəniz Limanında intermodal yük terminalının yaradılması və Ələt–Kurık marşrutu üzrə yeni nəsil bərə sisteminin qurulması istiqamətində Azərbaycan və Qazaxıstan arasında iki sənəd imzalanıb. Layihələr Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyinin artırılmasına, liman və dəmir yolu əməliyyatlarının inteqrasiyasına xidmət edəcək.
PostNews xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfəri çərçivəsində “Samruk-Kazyna” Milli Rifah Fondu İdarə Heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
AZCON Holding-in məlumatına görə, görüş zamanı iki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafına yönəlmiş iki sənəd imzalanıb.
Ələt–Kurık marşrutu üzrə yeni bərə sistemi yaradılacaq
İlk sənəd Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) ilə Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu arasında imzalanan əməkdaşlıq müqaviləsidir.
Sənəd yeni “Xəzər körpüsü” (“Super Ferry”) Transxəzər yeni nəsil bərə sisteminin yaradılması üzrə strateji əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.
Layihə Ələt və Kurık limanları arasında müasir, yüksək tutumlu bərələr vasitəsilə müntəzəm yükdaşımaların təşkilini, ixtisaslaşdırılmış terminalların inkişafını və vahid nəqliyyat-logistika sisteminin formalaşdırılmasını nəzərdə tutur.
Əsas hədəflər dəniz keçidi və liman əməliyyatlarına sərf olunan vaxtın azaldılması, daşımaların etibarlılığının artırılması və Orta Dəhlizin rəqabət qabiliyyətinin gücləndirilməsidir.
Layihənin Xəzər hövzəsində nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə və beynəlxalq yük axınları üçün daha dayanıqlı logistika imkanlarının yaradılmasına töhfə verməsi gözlənilir.
Bakı Limanında yeni yük terminalı yaradılacaq
İkinci sənəd Bakı Beynəlxalq Dəniz Limanının ərazisində intermodal yük terminalının yaradılması istiqamətində əməkdaşlığın prinsiplərini müəyyən edən əsas şərtlər sənədidir.
Sənəd AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstanın “Қазақстан темір жолы” SC arasında imzalanıb.
Yeni terminal konteyner və digər yük axınlarının cəlb edilməsinə, liman və dəmir yolu əməliyyatları arasında inteqrasiyanın gücləndirilməsinə, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımaların səmərəliliyinin artırılmasına xidmət edəcək.
Layihə çərçivəsində terminalın əməliyyat və kommersiya fəaliyyətini həyata keçirəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur.
Növbəti mərhələdə investisiya modelinin və maliyyələşdirmə şərtlərinin layihənin texniki-iqtisadi göstəriciləri əsasında dəqiqləşdirilməsi planlaşdırılır.
Orta Dəhliz üzrə digər əməkdaşlıq imkanları da müzakirə edilib
Görüş zamanı tərəflər korporativ idarəetmə və portfel şirkətləri arasında koordinasiya sahəsində təcrübə mübadiləsi aparıblar.
Bununla yanaşı, Orta Dəhliz, dibdərinləşdirmə işləri və dəniz infrastrukturu layihələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.


