TEI Forum 2026 Bakıda keçirilib: 70-dən çox startap layihəsi investorlara təqdim olunub

Mətn Ölçüsü

Bakıda keçirilən TEI Forum 2026 ticarət, ixrac, investisiya və innovasiya sahələrində yerli və beynəlxalq biznes nümayəndələrini bir araya gətirib. Forum çərçivəsində “Startup School 4” proqramının finalı – “Demo Day” təşkil olunub, 15 ölkədən müraciət etmiş 233 startapdan finala yüksələn 70-dən çox MVP investorlara təqdim edilib.

PostNews xəbər verir ki, Trade, Export & Innovation (TEI) Forum 2026-nın rəsmi təqdimat mərasimi əvvəlcə “Hilton Baku” hotelində keçirilib. Tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin diplomatik nümayəndələri, millət vəkilləri, sahibkarlar və biznes ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Forumun əsas tədbiri isə 31 oktyabr 2026-cı il tarixində Bakıda yerləşən SABAH.city innovasiya kampusunda baş tutub.

TEI Forum 2026-nın təqdimatında diplomatik korpus və biznes nümayəndələri iştirak ediblər

Rəsmi təqdimat mərasimində Forumun Təşkilat Komitəsinin rəhbər heyəti – “Founder Club”un rəhbəri Ruslan Dəmirov, “S.I.G.N LTD” şirkətinin təsisçisi və TEI Forum Təşkilat Komitəsinin sədri Elmir Hacıyev, “BMG International” şirkətinin təsisçisi, maliyyə innovasiyaları üzrə ekspert və iqtisadçı Orxan Məmmədzadə, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının rəhbəri dosent İsa Qasımov təqdimatlarla çıxış ediblər.

Tədbirdə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamitkanov, Qazaxıstanın səfiri Alim Bayel və Özbəkistanın səfiri Baxrom Əşrəfxanov da iştirak ediblər. Diplomatlar Türk Dövlətləri Təşkilatı çərçivəsində ticarət və ixrac əlaqələrinin genişləndirilməsində forumun əhəmiyyətini vurğulayıblar.

Həmçinin millət vəkilləri Razi Nurullayev, Vüqar Bayramov, Müşfiq Məmmədli və Müşviq Cəfərov, müxtəlif ölkələrin ticarət müşavirləri və iş adamları tədbirə qatılıblar.

Forumun əsas məqsədi ixracı və beynəlxalq biznes əlaqələrini genişləndirməkdir

TEI Forum 2026 yerli və beynəlxalq biznes nümayəndələri arasında ticarət, ixrac, investisiya və innovasiya sahələrində yeni əməkdaşlıq imkanları yaratmağı hədəfləyib.

Təşəbbüsün əsas istiqamətlərindən biri Azərbaycan şirkətlərinin xarici bazarlara çıxışını dəstəkləmək, yerli sahibkarlarla beynəlxalq tərəfdaşlar arasında birbaşa əlaqələr qurmaq və biznesin qlobal miqyasda genişlənməsi üçün imkanları müzakirə etmək olub.

Forum çərçivəsində aşağıdakı məsələlərə diqqət yetirilib:

  • Yerli məhsulların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi və “Made in Azerbaijan” brendinin təşviqi;
  • Ticarət və logistika sahəsində innovativ texnologiyaların tətbiqi;
  • Xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi;
  • Alternativ maliyyələşmə və investisiyaların cəlb edilməsi imkanları;
  • Azərbaycan biznesinin qlobal tədarük zəncirlərinə inteqrasiyası.

Tədbir proqramına panel müzakirələri, B2B və B2G görüşləri, sərgi və networking imkanları daxil edilib.

“Startup School 4” proqramının finalında 70-dən çox layihə təqdim olunub

TEI Forum 2026 ilə eyni vaxtda SABAH.city kampusunda İİTKM-nin “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının final mərhələsi – “Demo Day” keçirilib.

Proqram beş qitəni əhatə edən tərəfdaşlıq şəbəkəsi vasitəsilə 15 ölkədən müraciət etmiş 233 startapın inkişafına dəstək verib. “Demo Day” çərçivəsində final mərhələsinə yüksələn 70-dən artıq MVP (minimum işlək məhsul) investorlara təqdim olunub.

Startap komandaları öz layihələrini sərgi formatında nümayiş etdirib. Münsiflər heyəti layihələri innovativlik, bazar potensialı, komanda bacarıqları və məhsulların inkişaf səviyyəsi baxımından qiymətləndirib.

Tədbirdə müxtəlif ölkələrdən investorların, vençur fondlarının, sahibkarların və innovasiya ekosisteminin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Proqram startaplara innovativ həllərini təqdim etmək, investisiya imkanlarını araşdırmaq, beynəlxalq bazarlara çıxmaq və strateji tərəfdaşlıqlar qurmaq üçün platforma yaradıb.

Startaplar və investorlar arasında əməkdaşlıq imkanları müzakirə edilib

TEI Forum çərçivəsində beynəlxalq bazarlara çıxış, startapların qlobal miqyasda genişlənməsi və investisiyaya hazırlıq mövzularında iki panel müzakirəsi təşkil olunub.

Müzakirələrdə biznesin miqyaslandırılması, kapitalın cəlb edilməsi, alternativ maliyyələşmə mexanizmləri və investorlarla əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

B2B görüşlər isə sahibkarlar, startap təsisçiləri və investorlar arasında birbaşa əlaqələrin qurulmasına xidmət edib. Bununla yanaşı, “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə ali təhsil müəssisələri və beynəlxalq innovasiya ekosistemi arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş memorandumların imzalanması da nəzərdə tutulub.

TEI Forum 2026-nın təşkilatçıları və strateji tərəfdaşı

TEI Forum 2026 “Founder Club” və onun üzv şirkətlərinin – “BMG International”, “TECCO”, “Bahar Home” və “EduDistance”in təşkilatçılığı ilə keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və onun “Enterprise Azerbaijan” portalı forumun strateji tərəfdaşı olub.

Təşkilatçıların əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək, Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışını dəstəkləmək və regionda ticarət, ixrac və innovasiya əlaqələrinin inkişafına töhfə verməkdir.

TEI Forum 2026 çərçivəsində keçirilən müzakirələr, startap təqdimatları və biznes görüşləri yerli şirkətlərin beynəlxalq tərəfdaşlarla əlaqələrinin genişləndirilməsi və yeni investisiya imkanlarının araşdırılması baxımından əhəmiyyət daşıyıb.

Ətraflı məlumat: https://www.teiforum.com/

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri