PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2023-cü ildə Tbilisidə etiraz aksiyaları zamanı polis əməkdaşına “Molotov kokteyli” atılması ilə bağlı hadisəyə Qərbdə göstərilən münasibəti Fransada oxşar insident üzrə cinayət işi açılması ilə müqayisə edib. O, Avropa İttifaqı nümayəndələrini və Avropa bürokratiyasını ikili standartlarda ittiham edib.
PostNews TASS-a istinadən xəbər verir ki, İrakli Kobaxidze bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Gürcüstanın Baş naziri xatırladıb ki, 2023-cü ildə ölkə parlamenti “Xarici agentlər haqqında” qanunu ilk dəfə qəbul etməyə cəhd göstərdiyi zaman Tbilisidə keçirilən aksiyalardan birində Lazar Qriqoriadis polis əməkdaşına “Molotov kokteyli” atıb.
Onun sözlərinə görə, Qriqoriadis saxlanılıb və doqquz il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Gürcüstanın qeyri-hökumət təşkilatlarının nümayəndələri onun müdafiəsi məqsədilə aksiyalar keçirib və “Mən Molotov kokteyli atmışam” yazılmış plakatlarla çıxış ediblər.
Kobaxidze bildirib ki, hökm çıxarıldıqdan qısa müddət sonra Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Qriqoriadisi əfv edib.
Kobaxidze Fransa ilə Gürcüstandakı hadisələri müqayisə edib
Baş nazir Fransada polis əməkdaşına “Molotov kokteyli” atılması ilə bağlı cinayət işinin açılmasını Gürcüstandakı hadisəyə münasibətlə müqayisə edib.
“Fransada nələrin baş verdiyini görürük? Fransada polis əməkdaşına atılan “Molotov kokteyli” ilə əlaqədar adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Bu, tamamilə adekvat qiymətləndirmədir. Bizim vəziyyətimizdə isə eyni hadisə baş verəndə, əksinə, təşviqedici çağırışlar səsləndirilirdi. Bu, utancvericidir”, – deyə o bildirib.
Kobaxidzenin fikrincə, qeyd olunan hadisələr Avropa bürokratiyasının, Gürcüstanın radikal müxalifətinin və xarici agent şəbəkəsinin mövqeyini nümayiş etdirir.
Baş nazir Avropa İttifaqı nümayəndələrinin 2023-cü ildə Gürcüstandakı etiraz aksiyalarına münasibətini tənqid edərək bunu ikili standartların təzahürü kimi qiymətləndirib.

