PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
PostNews – Birja DevOps mühəndisinin cihazının ələ keçirildiyini ilk açıqlasa da, sonra hücumun daha mürəkkəb olduğunu bildirdi. Təxminən 3 milyard dollar dondurulub, çıxarışlar bərpa olunmaqdadır.
Dünyanın ən böyük kriptovalyuta birjası Binance oktyabrın 29-da baş verən təhlükəsizlik hadisəsində təxminən 6,3 milyard dollar dəyərində aktivin oğurlandığını açıqlayıb. Bu, kriptovalyuta tarixində qeydə alınmış ən böyük oğurluqdur. Analitiklər hadisəni keçən il baş verən 1,5 milyard dollarlıq oğurluqla müqayisə edir.
Hücum necə başladı? TRM Labs-ın məlumatına görə, hücum GMT ilə 20:05-də başlayıb və vəsaitlərin çoxu təxminən 20 dəqiqə ərzində Binance cüzdanlarından çıxarılıb. CoinDesk dəqiqələr ərzində təxminən 2,5 milyard dolların çıxarıldığını yazır. Binance dərhal depozit və çıxarışları dayandırdı.
Birjanın ilkin açıqlamasında deyilirdi ki, hücumçular DevOps mühəndisinin kompromat olunmuş noutbukundan servis konteynerinə daxil olub və icazəsiz çıxarış əməliyyatları göndərib. Sonradan həmtəsisçi Richard Teng bildirdi ki, hadisə bir nəfərin səlahiyyəti ilə məhdudlaşmır. Onun sözlərinə görə, hücumçu “bir mühəndisin icazələrindən sadəcə istifadə etməyib, bu, bir kliklə baş verən əməliyyat olmayıb”.
Əlavə detallara baxaq. CoinDesk-in yazdığına görə, hücumçular Ethereum-un EIP-7702 funksiyasından istifadə edərək isti cüzdanın nəzarətini ələ keçirib və normal təsdiq prosesini keçib. Bu funksiya hesabın müvəqqəti olaraq başqa kodun icrasına icazə verməsinə imkan verir. Teng həmçinin bildirdi ki, hücumçular “özünüməhv etmə” mexanizmi ilə izləri silib. TRM Labs isə operator cüzdanının hücumdan 36 saat əvvəl maliyyələşdirildiyini və imzaların əvvəlcədən hazırlanmış ola biləcəyini qeyd edir.
Binance-in reaksiyasına baxaq. Birja zərərləri SAFU (İstifadəçilər üçün Təhlükəsiz Aktiv Fondu) və şirkət vəsaitləri hesabına ödəyəcəyini açıqladı. Binance-in sözlərinə görə, istifadəçi vəsaitləri təhlükəsizdir və əsasən soyuq cüzdanlarda saxlanılır. Blokçeyn tərəfdaşları ilə birlikdə təxminən 3 milyard dollarlıq aktiv dondurulub. Birja təsirə məruz qalmış ünvanın səlahiyyətini ləğv edib.
Teng çıxarışların təxminən 40 saat ərzində, bazar günü bərpa olunmasını hədəflədiyini bildirdi. Proof of Reserves (ehtiyatların təsdiqi) hesabatının isə bazar ertəsi dərc ediləcəyi planlaşdırılır.
Kim məsuliyyət daşıyır belə hallarda?
Binance hələ heç kimi konkret məsuliyyət daşıyan kimi göstərməyib: “Təhqiqatımız heç bir şəxsi məsuliyyətə cəlb etməyib.” ABŞ Gizli Xidməti hadisə ilə bağlı vəsaitlərin izlənməsində iştirak etdiyini, FBI isə hadisədən xəbərdar olduğunu və tərəfdaşlarla əlaqədə olduğunu açıqlayıb.
Analitik şirkətlər hücumu Şimali Koreya ilə əlaqələndirir. TRM Labs TraderTraitor (Lazarus) qrupunun məsuliyyət daşıdığını “yüksək inamla” bildirir. Chainalysis isə oğurlanmış vəsaitlərin bir ay əvvəlki başqa hücumun vəsaitləri ilə qarışdığını qeyd edir. Şimali Koreya bu cür hücumlarda iştirakını rədd edib.
Binance əvvəllər də hücuma məruz qalıb. 2019-cu ildə birjanın BTC isti cüzdanından təxminən 7 000 BTC (o vaxt təxminən 40 milyon dollar) oğurlanmışdı. 2022-ci ildə isə BNB Chain-in BSC Token Hub körpüsündəki zəiflik nəticəsində təxminən 570 milyon dollarlıq BNB yaradılmışdı. Oktyabr 2026-dakı hadisənin miqyası bu hücumları qat-qat üstələyir.
İstifadəçilər üçün xəbərdarlıq. Hadisədən sonra dələduzluq dalğası gözlənilir. Mütəxəssislər istifadəçiləri aşağıdakılara diqqətli olmağa çağırır:
– Hesabla bağlı məlumatı yalnız birjanın rəsmi saytı və tətbiqi üzərindən yoxlayın.
– “Kompensasiya”, “geri ödəniş” və ya “hesabınızı bərpa edirik” deyən mesajlara və zənglərə inanmayın.
– Hardware təhlükəsizlik açarı ilə 2FA aktiv edin və çıxarış ünvanlarının ağ siyahısını qurun.
BBC-nin məqaləsində EIP-7702 “multi-signature protocol” kimi təsvir olunur. Bu düzgün deyil, EIP-7702 hesab nümayəndəliyi (account delegation) funksiyasıdır. Yuxarıdakı mətn CoinDesk-in təsvirinə uyğundur. Həmçinin “6,3 milyard” rəqəmi ilkin qiymətləndirmədir və dəyişə bilər.
Fərid Musayev
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti,
Xəzər Universitetinin İT departament rəhbəri

