PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycanda startap ekosisteminin genişlənməsi, rəqəmsal inkişaf və iri data mərkəzlərinin yaradılması dayanıqlı və etibarlı enerji təminatına ehtiyacı artırır. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib ki, bu sahədə əsas istiqamətlərdən biri bərpa olunan enerji mənbələrindən səmərəli istifadədir.
PostNews xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşkil etdiyi “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının “Demo Day” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, startap ekosistemində baş verən dəyişikliklər enerji sistemlərinə olan tələbatı və enerji təchizatının keyfiyyətinə dair gözləntiləri də yeniləyir.
Data mərkəzləri dayanıqlı enerji təminatı tələb edir
Cavid Abdullayev qeyd edib ki, iri data mərkəzlərinin yaradılması və rəqəmsal inkişaf istiqamətində atılan institusional addımlar enerji təminatının dayanıqlılığını daha da aktuallaşdırır.
“Xüsusilə, iri data mərkəzlərinin yaradılması və rəqəmsal inkişaf istiqamətində atılan institusional addımlar enerji təminatının dayanıqlılığını ön plana çıxarır.
Bu sahədə əsas istiqamətlərdən biri bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, onların düzgün planlaşdırılması və ölkə iqtisadiyyatının ehtiyaclarına uyğun tətbiqidir”, – o bildirib.
Agentlik direktorunun sözlərinə görə, data mərkəzlərinin enerji tələbatı meqavatlarla ölçüldüyündən, onların fəaliyyəti birbaşa etibarlı enerji təchizatından asılıdır.
Enerji infrastrukturu innovativ inkişafın dəstəklənməsində mühüm rol oynayır
Cavid Abdullayev vurğulayıb ki, iqtisadiyyatın müxtəlif sahələrindəki dəyişiklikləri və startap ideyalarının inkişaf istiqamətlərini düzgün müəyyənləşdirmək ölkənin innovativ potensialının gücləndirilməsi baxımından əhəmiyyətlidir.
O, həmçinin Azərbaycanın enerji interkonnektorlarının rəqəmsal inkişaf və innovasiya təşəbbüslərinin dəstəklənməsinə töhfə verdiyini diqqətə çatdırıb.

