PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycanda daşınmaz əmlak sektorunun inkişafı, yerli və beynəlxalq investorlar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni yaşayış və kommersiya layihələrinin təqdimatı baxımından AIREX 2026 beynəlxalq sərgisi mühüm platforma olacaq.
PostNews xəbər verir ki, bunu “PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev noyabrın 4–6-da Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə (AIREX 2026) həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sərginin əsas məqsədlərindən biri daşınmaz əmlak bazarının müxtəlif iştirakçılarını vahid platformada birləşdirmək, yeni işgüzar əlaqələrin qurulmasına şərait yaratmaq və Azərbaycanın investisiya potensialını beynəlxalq auditoriyaya təqdim etməkdir.
Daşınmaz əmlak bazarının iştirakçıları bir araya gələcək
Tural Əliyev bildirib ki, AIREX 2026 yalnız tikinti və daşınmaz əmlak şirkətləri üçün deyil, eyni zamanda, mənzil almaq, yaşayış şəraitini yaxşılaşdırmaq və ya sərmayə yatırmaq istəyən şəxslər üçün də nəzərdə tutulub.
Şirkət rəhbərinin sözlərinə görə, sərgi ilk mənzilini almağı planlaşdıran şəxslərdən tutmuş ailəsi üçün daha geniş yaşayış sahəsi axtaranlara, eləcə də daşınmaz əmlakı investisiya aləti kimi qiymətləndirən investorlara qədər geniş auditoriyanı əhatə edəcək.
Tədbirdə iştirak edən ziyarətçilər yerli və xarici daşınmaz əmlak layihələri ilə tanış olmaq, onların xüsusiyyətləri barədə ətraflı məlumat əldə etmək və şirkət nümayəndələri ilə birbaşa görüşmək imkanı qazanacaqlar.
Beynəlxalq investorlarla əməkdaşlıq imkanları genişlənəcək
T.Əliyev vurğulayıb ki, sərgi Azərbaycanın daşınmaz əmlak bazarının beynəlxalq səviyyədə tanıdılması və xarici şirkətlərlə əlaqələrin gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, AIREX 2026 çərçivəsində Azərbaycanın və regionun perspektivli daşınmaz əmlak layihələrinin təqdim edilməsi nəzərdə tutulur. Bu isə yerli şirkətlərin öz layihələrini beynəlxalq investorlara və potensial tərəfdaşlara təqdim etməsinə şərait yaradacaq.
Eyni zamanda, xarici daşınmaz əmlak bazarları ilə maraqlanan ziyarətçilər beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşərək müxtəlif ölkələrdə mövcud olan investisiya imkanları barədə məlumat əldə edə biləcəklər.
Şirkət rəhbəri hesab edir ki, belə tədbirlər bazar iştirakçıları arasında peşəkar əlaqələrin inkişafına, qarşılıqlı təcrübə mübadiləsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verir.
AIREX 2026 yeni biznes əlaqələrinin qurulmasına şərait yaradacaq
Tural Əliyev sərginin əhəmiyyətinin yalnız daşınmaz əmlak layihələrinin nümayişi ilə məhdudlaşmadığını bildirib.
Onun fikrincə, tədbir investorlar, layihə inkişaf etdirən şirkətlər, potensial alıcılar və sektorun digər peşəkar iştirakçıları arasında birbaşa ünsiyyətin qurulması üçün əlverişli imkan yaradacaq.
Sərgi çərçivəsində şirkətlər öz layihələrini geniş auditoriyaya təqdim edə, potensial müştərilərin tələbatını daha yaxından öyrənə və yeni əməkdaşlıq istiqamətlərini müzakirə edə biləcəklər.
T.Əliyev AIREX-in gələcəkdə regionun aparıcı daşınmaz əmlak platformalarından birinə çevriləcəyinə inamını ifadə edib.
O, sərginin perspektivlərini belə dəyərləndirib:
“Əminik ki, AIREX yeni əməkdaşlıqların, investisiyaların və imkanların qovuşduğu aparıcı regional platformaya çevriləcək”.
Şirkət rəhbərinin açıqlamasına əsasən, tədbir həm yerli bazarda fəaliyyət göstərən şirkətlər, həm də Azərbaycanda yeni investisiya imkanları axtaran xarici biznes nümayəndələri üçün əhəmiyyətli görüş məkanı olacaq.
Sərgidə 70-dən çox şirkətin iştirakı gözlənilir
Qeyd edək ki, noyabrın 4–6-da Bakı Ekspo Mərkəzində keçiriləcək AIREX 2026 sərgisində Avropa və Asiya ölkələrini təmsil edən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirakı gözlənilir.
Üç gün davam edəcək tədbirə ümumilikdə 20 min ziyarətçinin qatılacağı proqnozlaşdırılır.
Sərgi proqramında beş panel müzakirəsi, şirkət təqdimatları və işgüzar görüşlər nəzərdə tutulub. Tədbirdə şəhərsalma, dayanıqlı tikinti, yeni yaşayış layihələri, daşınmaz əmlakın maliyyələşdirilməsi və müasir texnologiyaların sektorda tətbiqi məsələləri müzakirə olunacaq.
Sərgiyə giriş ödənişsizdir. İştirakçılar qeydiyyat və proqramla bağlı ətraflı məlumatı AIREX-in rəsmi saytından əldə edə bilərlər.
Qeyd edək ki, AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisinin informasiya dəstəkçilərindən biri də PostNews xəbər portalıdır.


