Azərbaycan – Çin Sənaye Parkının yaradılması müzakirə olunub

Mətn Ölçüsü

Azərbaycan və Çin arasında sənaye, infrastruktur, energetika və şəhərsalma sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də Azərbaycan – Çin Sənaye Parkının yaradılması imkanları müzakirə edilib.

PostNews xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.

Nazir “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşdüyünü açıqlayıb.

Azərbaycan – Çin Sənaye Parkının yaradılması müzakirə olunub

Görüşdə Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Tərəflər Azərbaycan – Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə “CSCEC International” şirkəti ilə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, birgə investisiyaların cəlb edilməsi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində şirkətin təcrübəsindən yararlanmaq imkanları da müzakirə edilib.

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3,46 milyard dolları ötüb

Qeyd edək ki, “CSCEC International” bina və infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğul olan beynəlxalq şirkətdir. Şirkət daşınmaz əmlak, investisiya, layihələndirmə və mühəndislik sahələrində fəaliyyət göstərir.

Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin ticarət göstəricilərində də artım qeydə alınıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 3 milyard 459 milyon ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 59,4 milyon dollar və ya 1,7% çoxdur.

Hesabat dövründə Çinlə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 9,30%-nə bərabər olub. Bu göstərici ilə Çin Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında dördüncü yerdə qərarlaşıb.

2026-cı ilin ilk doqquz ayında Azərbaycandan Çinə 83,708 milyon dollar dəyərində məhsul ixrac edilib. İxracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,055 milyon dollar və ya təxminən 18,5% artıb.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan Çinə idxal 3 milyard 376 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 46,3 milyon dollar və ya 1,4% çoxdur. Çin bu göstərici ilə Azərbaycanın ən çox idxal əməliyyatı həyata keçirdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri