“Startup School 4” proqramında 70-ə yaxın startapın investisiya təklifləri var

Mətn Ölçüsü

“Startup School 4” innovasiya proqramı çərçivəsində 15 ölkədən müraciət edən startaplar arasında seçilmiş layihələr üçün investisiya imkanları yaranıb. Hazırda proqramın iştirakçısı olan 70-ə yaxın startapın investisiya təklifləri mövcuddur.

PostNews xəbər verir ki, bunu TEI Forum 2026 (Trade, Export & Innovation Forum) çərçivəsində açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib.

“Startup School 4” proqramına 15 ölkənin 40 şəhərindən müraciətlər daxil olub

İsa Qasımovun sözlərinə görə, “Enterprise Azerbaijan” portalının təşkilatçılığı, “500 Global”ın tərəfdaşlığı ilə həyata keçirilən “Startup School 4” innovasiya proqramına 15 ölkənin 40 şəhərindən müraciətlər daxil olub.

O qeyd edib ki, altı ay davam edən proqram müddətində beş qitənin müxtəlif innovasiya ekosistemlərini təmsil edən şirkət və mütəxəssislərin dəstəyindən istifadə olunub. ABŞ-dan Çinə, Cənubi Koreyadan Afrika ölkələrinə, eləcə də Avropa və Asiyanın müxtəlif dövlətlərinə qədər geniş coğrafiyanı əhatə edən tərəfdaşlıq əlaqələri qurulub.

Portal rəhbəri bildirib ki, proqramın əsas məqsədlərindən biri startapları real sektorla, investorları isə yeni texnoloji ideyalarla bir araya gətirməkdir.

Onun fikrincə, hazırda innovativ layihələrin inkişafında əsas problemlərdən biri perspektivli startapların investisiya cəlb etməkdə çətinlik çəkməsi, digər tərəfdən isə real sektorun ehtiyacları ilə təklif olunan texnoloji həllər arasında uyğunluğun tam formalaşmamasıdır.

Universitetlərdə yaranan innovativ ideyalar texnoloji inkişaf üçün əhəmiyyətlidir

İsa Qasımov xüsusilə universitetlərdə və bilik istehsal edən müəssisələrdə formalaşan yeni ideyaların gələcək texnoloji inkişaf baxımından mühüm rol oynadığını vurğulayıb.

O, gənc nəslin mövcud yanaşmaları dəyişdirmək, yeni sahələr yaratmaq və fərqli texnoloji həllər ortaya qoymaq potensialına diqqət çəkib.

Portal rəhbəri vençur kapitalı investisiyalarının əhəmiyyətindən də danışıb. Onun sözlərinə görə, bu sahədə risklər yüksək olsa da, uzunmüddətli perspektivdə böyük iqtisadi nəticələr əldə etmək mümkündür.

“Enterprise Azerbaijan” innovasiya ekosisteminin inkişafını dəstəkləyir

İsa Qasımovun sözlərinə görə, startapların, real sektorun, universitetlərin və texnologiya şirkətlərinin əməkdaşlığı bilik iqtisadiyyatının formalaşmasına töhfə verə bilər.

“Startapların, real sektorun, universitetlərin və texnologiya şirkətlərinin əməkdaşlığı bilik iqtisadiyyatının formalaşmasına töhfə verə bilər. Bu baxımdan “Enterprise Azerbaijan” müxtəlif proqramlar, hakatonlar və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə yerli innovasiya ekosisteminin inkişafına dəstək göstərir.

“Enterprise Azerbaijan” portalının əsas missiyalarından biri ölkənin investisiya cəlbediciliyinin artırılması və innovativ sahibkarlığın inkişafına dəstək verməkdir. Bu məqsədlə qlobal texnologiya şirkətləri, yerli universitetlər və biznes nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir”, – deyə İ.Qasımov bildirib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri