PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Türk dövlətlərinin sığorta bazarları arasında vahid əməkdaşlıq mexanizminin qurulması, risklərin birgə bölüşdürülməsi və ortaq təkrarsığorta imkanlarının yaradılması istiqamətində yeni mərhələyə keçilir.
Qaziantepdə keçirilən Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyasında təşkilatın Baş katibi seçilən Məmməd Ağayev müsahibəsində Birliyin formalaşma tarixindən, türk dünyasının sığorta sektorunu birləşdirən təşəbbüslərdən və qarşıdakı dövr üçün strateji hədəflərdən danışıb.
PostNews müsahibəni təqdim edir:
Türk Dünyası Sığorta Birliyi hansı zərurətdən yaradılıb?
– Türk Dünyası Sığorta Birliyinin yaradılması öz-özlüyündə bir zərurət idi. Belə ki, 2009-cu ildə Türk Dövlətləri Təşkilatı (TDT) yaradılmışdı. Lakin həmin ildən sonra türk dövlətləri çərçivəsində müxtəlif sahələr üzrə ayrıca birliklərin və təşkilatlanmaların formalaşması müşahidə edilməmişdi.
Əslində isə TDT-yə üzv ölkələrin müxtəlif sahələrini əhatə edən vahid təşkilati platformaların yaradılması, ayrı-ayrı istiqamətlər üzrə TDT çətiri altında birləşərək ölkələrimizin ümumi inkişafına müxtəlif formalarda dəstək göstərilməsi və bu prosesə təkan verilməsi zəruri idi.
Biz də məhz bu zərurəti əsas götürərək bir ilkə imza atmaq və inkişafın başlıca təminatlarından biri olan sığorta sahəsində türk dövlətlərini birləşdirən platforma yaratmaq qərarına gəldik.
Bu qərar Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və birgə təşəbbüs nəticəsində meydana gəldi. Həmin dövrdə Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli idi. Atilla bəyin Birliyin sistemli şəkildə təşkilatlanmasında böyük xidmətləri olub.
Nəticədə, 2022-ci il mayın 24-də Türkiyənin İstanbul şəhərində keçirilən “Beynəlxalq Sığorta Zirvəsi” çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarının rəhbərlərinin iştirakı və təsis aktını imzalaması ilə Türk Dünyası Sığorta Birliyi təntənəli şəkildə təsis olundu.
Birlik yaradılarkən qarşıya qoyulan əsas hədəf və fəaliyyət istiqamətləri sırasında “Yol xəritəsi”nin hazırlanması, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın təmin edilməsi, üzv ölkələrin sığorta bazarları arasında təcrübə, kadr və məlumat mübadiləsinin sistemli şəkildə təşkili, eləcə də türk dünyasını əhatə edəcək vahid təkrarsığorta hovuzunun yaradılması kimi mühüm məsələlər yer alırdı.
Sevinirik ki, dörd il əvvəl təsis etdiyimiz Türk Dünyası Sığorta Birliyi bu gün qarşıya qoyulan məqsəd və hədəflərə doğru daha çevik addımlarla irəliləyir.
Türk Dünyası Sığorta Birliyinin ilk strateji addımları
– İlk növbədə, Birliyin “Yol xəritəsi”ni hazırladıq. Bu sənəd növbəti dövr üzrə strateji addımlarımızı müəyyənləşdirməklə yanaşı, Birliyin strukturunun formalaşmasına da xidmət etdi.
Sevindirici haldır ki, müvafiq “Yol xəritəsi” Türk Dünyası Sığorta Birliyinə üzv ölkələrin sığorta bazarlarına nəzarət edən qurumları tərəfindən bəyənildi və yüksək qiymətləndirildi. Həmin sənəd Türk Dövlətləri Təşkilatına da göndərildi.
Digər sevindirici məqam ondan ibarətdir ki, strateji “Yol xəritəsi” sayəsində Birliyimiz Türk Dövlətləri Təşkilatının diqqətini və rəğbətini qazandı. Nəticədə, TDT ilə ilk əməkdaşlığımızı reallaşdırdıq.
Türk Dünyası Sığorta Birliyinin 1-ci Assambleyası yalnız Birliyin üzvləri üçün deyil, bütövlükdə türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan və maraqla gözlənilən tədbir idi.
2025-ci il sentyabrın 14-də Türk Dünyası Sığorta Birliyinin 1-ci Assambleyası Azərbaycanın Şuşa şəhərində təşkil olundu. Tədbirdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Birliyin ilk sədri seçildi.
Assambleyada Azərbaycanda maliyyə bazarlarına nəzarət edən qurumun – Azərbaycan Mərkəzi Bankının rəhbərliyi, millət vəkilləri, Türk Dövlətləri Təşkilatının səlahiyyətli nümayəndəsi, Birliyə üzv ölkələrin maliyyə tənzimləyiciləri və sığorta birliklərinin nümayəndələri iştirak etdilər.
Tədbir çərçivəsində Birliyin bayrağı və loqosu təqdim olundu. Ən yaddaqalan məqamlardan biri isə Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsipləri əsasında yenidən formalaşdırılmasına dair üzv təşkilatların Proklamasiya aktını imzalaması oldu.
Həmin Proklamasiya aktına əsasən, Türk Dünyası Sığorta Birliyinə də TDT-də olduğu kimi üç müşahidəçi üzv əlavə edildi. Bunlar Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta assosiasiyaları idi.
1-ci Assambleyada Birliyin növbəti dövr üzrə əsas fəaliyyət istiqamətləri, eləcə də 2-ci Assambleyanın keçiriləcəyi ölkə səsvermə yolu ilə müəyyənləşdirildi. Nəticədə, növbəti Assambleyaya ev sahibliyi etmək hüququ Türkiyəyə verildi.
Qaziantepdə keçirilən 2-ci Assambleyada hansı qərarlar qəbul edildi?
– Bəli, Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyasına bu il Türkiyənin Qaziantep şəhəri ev sahibliyi etdi. Tədbir zəngin məzmunu və əhatəli proqramı ilə Türkiyə Sığorta Birliyi tərəfindən yüksək səviyyədə təşkil olunmuşdu. Səfər çərçivəsində Qaziantepin tarixi-mədəni irsi də qonaqlara geniş şəkildə təqdim edildi.
Assambleyanın rəsmi açılış mərasimi Türkiyənin Sığorta və Özəl Pensiya Nəzarət və Tənzimləmə Qurumunun sədri Davut Menteşin, Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyyə Cabbarovanın, Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşarın və Qaziantep Bələdiyyəsinin sədri Fatma Şahinin çıxışları ilə başladı.
Rəsmi açılış mərasimindəki çıxışlarda Türk Dünyası Sığorta Birliyinin əhəmiyyəti və yaradılmasının zəruriliyi diqqətə çatdırıldı. Həmçinin Assambleyanın sadəcə bir sığorta tədbiri deyil, ortaq keçmişə malik türk dövlətlərinin ortaq gələcəyə doğru atdığı mühüm strateji addım olduğu vurğulandı.
Daha sonra Assambleya çərçivəsində iki panel müzakirəsi təşkil olundu.
İlk panel Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Vüsal Qurbanov, Qırğız Respublikası İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarlarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin Sığorta Fəaliyyətinin Tənzimlənməsi Şöbəsinin müdiri Tahmina Kamçıbekova, Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunun sədr müavini Barış Taşkesen, Özbəkistan Sığorta Bazarının İnkişafı və Rəqəmsallaşdırılması İdarəsinin rəisi Şukrat Abduraxmanov və Şimali Kipr Türk Respublikasının Maliyyə Nazirliyi şöbə müdirinin müavini Zafer Arifoğlunun iştirakı ilə keçirildi.
“Yeni Qlobal Risklər Kontekstində Türk Dünyası: Sığorta Tənzimlənməsində Uzlaşma, Dayanıqlıq və Ortaq Gələcək” mövzusuna həsr olunan paneldə qlobal risklər fonunda sığorta tənzimlənməsi, dayanıqlılıq və türk dünyası ölkələrinin ortaq gələcək perspektivləri müzakirə edildi.
İkinci panel müzakirəsi isə “2030-cu ilədək Türk Dünyasının Sığorta Bazarı: Ortaq Risklər, Ortaq Potensial, Ortaq Gələcək” mövzusunda təşkil olundu.
Paneldə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli, Qırğızıstan Sığortaçılar Assosiasiyasının sədri Ulan Baktıqulov, Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar, Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyasının Direktorlar Şurasının üzvü Rüstəm Azimov və Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyinin sədri Börte Barlasoğlu iştirak etdilər.
Assambleya çərçivəsində Türkiyə Sığorta Birliyinin sifarişi ilə hazırlanmış Türk Dünyası Sığorta Birliyinin rəsmi veb-saytı da təqdim olundu.
Assambleyadan sonra keçirilən qapalı iclasda Birliyin yeni sədri və baş katibi vəzifələrinə namizədlər üzrə səsvermə keçirildi. Üzv ölkələrin sığorta assosiasiyalarının səsverməsinin nəticələrinə əsasən, Atilla Benli Türk Dünyası Sığorta Birliyinin yeni sədri, mən isə Baş katibi vəzifəsinə yekdilliklə seçildik.
Daha sonra Birliyin 3-cü Assambleyasının keçiriləcəyi ölkə və üçüncü sədr postuna namizəd məsələsi səsverməyə çıxarıldı. Səsvermənin nəticəsinə əsasən, Birliyin növbəti, 3-cü Assambleyasının Özbəkistanda keçirilməsi qərara alındı.
Türk dünyasının sığorta bazarını hansı yeniliklər gözləyir?
– Türk Dünyası Sığorta Birliyinin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında növbəti dövr ərzində həyata keçiriləcək prioritet tədbirlər planı da müzakirə olundu.
Panellərdə aparılan müzakirələr zamanı qarşıdakı dövrdə türk dünyası ölkələri arasında təcrübə mübadiləsinin və birgə fəaliyyətin daha da intensivləşdirilməsi, eləcə də ortaq sığorta məhsullarının yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı.
Bununla yanaşı, iştirakçılar türk dünyası ölkələri üçün ortaq təkrarsığorta hovuzunun formalaşdırılması imkanlarını da geniş müzakirə etdilər. Belə bir mexanizmin yaradılması risklərin bölüşdürülməsinə, sığorta təminatının gücləndirilməsinə və üzv ölkələrin sığorta bazarları arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verə bilər.
Hesab edirəm ki, Birliyin növbəti mərhələdə daha aktiv fəaliyyət göstərməsi türk dünyası ölkələrinin sığorta sənayelərinin yeni inkişaf mərhələsinə keçidində mühüm rol oynayacaq.
Çünki bu Birlik türk dünyasının sığortaçılarını birləşdirən və inkişafa təşviq edən unikal platformadır.
Bizim üçün əsas çağırış isə birdir: Güclü sığorta – güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü türk dünyası deməkdir!


