Hüseyn Büyükfırat: Azərbaycan–Türkiyə qardaşlığı yalnız sözlə deyil, real iqtisadi işlərlə möhkəmlənməlidir

Mətn Ölçüsü

Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq münasibətləri iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və birgə biznes layihələrinin həyata keçirilməsi ilə daha da möhkəmləndirilməlidir. Bu prosesdə sahibkarların üzərinə mühüm vəzifələr düşür.

Bu barədə Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat PostNews-a açıqlamasında bildirib.

O, oktyabrın 22-də Bakıda keçirilən “TABA-AmCham Eurasia Investment & Networking Summit 2026” beynəlxalq sammiti çərçivəsində Azərbaycan–Türkiyə münasibətlərinin iqtisadi perspektivlərini, Orta Dəhlizin və Zəngəzur üzərindən nəqliyyat bağlantılarının əhəmiyyətini, həmçinin iş adamlarının ikitərəfli əməkdaşlıqdakı rolunu dəyərləndirib.

TÜİB sədri: “Bir millət, iki dövlət” prinsipi real iqtisadi əməkdaşlıqla dəstəklənməlidir

H.Büyükfırat bildirib ki, Azərbaycan və Türkiyə arasında mövcud qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi üçün sahibkarlar fəal iştirak etməlidirlər.

Onun sözlərinə görə, iki ölkə arasında dövlət rəhbərləri səviyyəsində formalaşan münasibətlərin iqtisadi sahədə konkret nəticələr verməsi xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Biz ‘Bir millət, iki dövlət’ deyirik və bu, hər iki ölkədə hər kəsin qəbul etdiyi bir həqiqətdir. Amma bu münasibətlər yalnız sözlərlə məhdudlaşmamalıdır. Qardaşlığımızı real işlərlə göstərməliyik. Dövlət rəhbərlərimiz arasında mövcud olan güclü münasibətlərin iqtisadi sahədə də konkret nəticələri olmalıdır. Bunun üçün ən böyük məsuliyyətlərdən biri məhz biz iş adamlarının üzərinə düşür”, – deyə TÜİB sədri bildirib.

O vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq qarşılıqlı fayda prinsipi əsasında qurulmalı, hər iki ölkənin iqtisadi inkişafına xidmət etməlidir.

Xarici investorlar Azərbaycandakı inkişafı gözləntilərindən yüksək qiymətləndirirlər

H.Büyükfırat beynəlxalq biznes tədbirlərinin Azərbaycana xarici investorların cəlb olunması baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Onun sözlərinə görə, belə görüşlər müxtəlif ölkələrdən gələn iş adamlarının Azərbaycanın iqtisadi imkanlarını yaxından tanımasına şərait yaradır.

“Bu cür tədbirlərin keçirilməsi çox faydalıdır. Müxtəlif ölkələrdən gələn sahibkarlar bir-birini tanıyır, dialoq qurur və ticarət imkanlarını müzakirə edirlər. Eyni zamanda, Azərbaycana gələn xarici iş adamları ölkəmizdəki inkişafı yerində görürlər. Onların bir çoxunun təəssüratları əvvəlki gözləntilərindən daha yüksək olur. Bu, Azərbaycan üçün çox müsbət haldır və ölkəyə marağın artması baxımından əhəmiyyətlidir”, – deyə o bildirib.

TÜİB sədri hesab edir ki, beynəlxalq biznes əlaqələrinin inkişafı yeni investisiya imkanlarının yaranmasına və xarici sahibkarların Azərbaycan bazarına marağının genişlənməsinə xidmət edə bilər.

Orta Dəhliz və Zəngəzur marşrutu regionda yeni iqtisadi imkanlar yarada bilər

H.Büyükfırat Orta Dəhlizin inkişafının Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Avropa arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynadığını bildirib.

O qeyd edib ki, regional nəqliyyat bağlantılarının genişləndirilməsi yeni biznes imkanlarının yaranmasına şərait yarada bilər.

“Orta Dəhliz Mərkəzi Asiyadan Avropaya uzanan çox mühüm marşrutdur. Bu, regionun gələcəyi baxımından ən ciddi iqtisadi imkanlardan biridir. Azərbaycan və Türkiyənin bu prosesdə iştirakı yeni iş sahələrinin yaranmasına, ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı əməkdaşlığın güclənməsinə imkan verəcək. Zəngəzur üzərindən nəqliyyat əlaqələrinin inkişafı da bu baxımdan yeni mərhələnin başlanğıcı ola bilər”, – deyə TÜİB sədri vurğulayıb.

Onun fikrincə, bu layihələr təkcə Azərbaycan və Türkiyə üçün deyil, regionla iqtisadi əlaqələr qurmaq istəyən digər ölkələr üçün də yeni imkanlar yarada bilər.

Hüseyn Büyükfırat: Hər iki ölkənin iqtisadi inkişafına birlikdə çalışmalıyıq

TÜİB sədri bildirib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün sahibkarlar daha fəal olmalı, yeni layihələr və qarşılıqlı investisiya imkanları üzərində çalışmalıdırlar.

“Biz yalnız bir ölkənin maraqlarını düşünməməliyik. Azərbaycan və Türkiyənin iqtisadi inkişafı birlikdə təmin olunmalıdır. Mənim qazandığım sənin də qazancın olmalıdır. Əsl qardaşlıq qarşılıqlı faydaya əsaslanmalıdır. Ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığımızı gücləndirməliyik. Bunun üçün daha çox çalışmaq, konkret işlər görmək lazımdır”, – deyə H.Büyükfırat qeyd edib.

O əlavə edib ki, Azərbaycan və Türkiyə arasında tarixi münasibətlərin iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsi hər iki ölkənin iş dünyasının əsas vəzifələrindən biri olmalıdır.

Bakıda Azərbaycan, Türkiyə və ABŞ iş adamları bir araya gəlib

Qeyd edək ki, oktyabrın 22-də “Radisson Hotel Baku”da “TABA-AmCham Eurasia Investment & Networking Summit 2026” beynəlxalq sammiti keçirilib.

“Connecting Investments, Building the Future” (“İnvestisiyaları birləşdiririk, gələcəyi qururuq”) şüarı altında təşkil olunan tədbir Azərbaycan, Türkiyə və ABŞ arasında iqtisadi əməkdaşlığın inkişafına, beynəlxalq investisiya imkanlarının genişləndirilməsinə və yeni biznes tərəfdaşlıqlarının qurulmasına həsr olunub.

Sammitdə dövlət qurumlarının nümayəndələri, diplomatlar, iş adamları, investorlar və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər.

Tədbirin gündəliyində enerji, logistika, texnologiya, rəqəmsal transformasiya, beynəlxalq ticarət və strateji investisiya imkanları yer alıb.

Sammit çərçivəsində Xəzər regionunun beynəlxalq ticarətdə rolu, Orta Dəhlizin iqtisadi əhəmiyyəti və regional əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə olunub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri