PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
8 Noyabr Zəfər Günü Azərbaycanın milli qürurunun, birliyinin və dövlətçilik iradəsinin təcəssümü kimi qiymətləndirilib. Deputat Bəhruz Məhərrəmov Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərini, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını və ərazilərin iqtisadi reinteqrasiyasını Zəfərin nəticələrinin qorunmasının göstəriciləri kimi dəyərləndirib.
PostNews xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat 8 Noyabrı dövlətçilik tarixində yeni mərhələ adlandırıb
Bəhruz Məhərrəmovun sözlərinə görə, 8 Noyabr Azərbaycanın tarixində milli qürurun, sarsılmaz birliyin və dövlətçilik iradəsinin yeni erasının başlanğıcı, Heydər Əliyev siyasi kursunun və Prezident İlham Əliyevin siyasətinin təntənəsidir.
Deputat bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində əsas meyar sülh haqqında bəlağətli nitqlər deyil, real sülhü təmin etmək qətiyyətidir.
“Prezident İlham Əliyev regional sülhü birbaşa döyüş və diplomatiya meydanında mütləq Zəfərlə təmin etdi. Bu, bizim qələbəmizdir, bizim silahımızın, əsgərimizin və liderimizin qələbəsidir! Cənab İlham Əliyev sülhü öz gücümüzlə reallığa çevirərək ürəyi Vətənlə döyünən hər bir azərbaycanlını bu Zəfərə şərik etdi”, – deyə o vurğulayıb.
B.Məhərrəmov 44 günlük Vətən müharibəsinin hər gününün ayrıca qəhrəmanlıq salnaməsi olduğunu qeyd edib. Onun fikrincə, xalqın qəhrəmanlığı heç vaxt şübhə doğurmayıb və Vətən müharibəsində Azərbaycan hərbi-siyasi Zəfər qazanıb.
Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri diqqətə çatdırılıb
Deputat mürəkkəb geosiyasi şəraitdə Zəfərin nəticələrini qorumağın qələbənin özü qədər çətin olduğunu bildirib. O, Azərbaycanın artan qüdrətini, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini, eləcə də keçmiş işğal zonasının milli iqtisadiyyata reinteqrasiyasını Zəfərin dayanıqlılığının göstəriciləri kimi təqdim edib.
B.Məhərrəmov çıxışında 100 mindən artıq vətəndaşın ata-baba yurdlarına layiqli qayıdışının təmin olunduğunu deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bərpa edildiyi ərazilərin sahəsi Monteneqro, Livan və Qətər də daxil olmaqla, dünyanın 40-dan çox ölkəsinin ərazisindən böyükdür.
Deputat dini-mədəni irsin qorunması məsələsinə də toxunub:
“Azərbaycanın məscidləri, ziyarətgahları müsəlman ümmətinin qəbirlərini tapdaqdan xilas etdiyi əraziləri sahəsinə görə dünyanın 7 müsəlman dövlətinin ərazisindən daha böyükdür və bütün İslam dünyası buna görə İlham Əliyev şəxsiyyətinə minnətdar olmalıdır”.
“Zəfərin müəllifi Prezident İlham Əliyevdir”
Bəhruz Məhərrəmov bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin ölkəni xaosdan xilas edərək sabitlik və inkişafın əsasını qoymasının dayandığını vurğulayıb.
Deputatın sözlərinə görə, həmin təməl üzərində əldə edilən Zəfərin müəllifi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
“O təməl üzərində ucalan Zəfərin müəllifi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Bizim böyük dövlətçilik tariximiz var. Amma cənab İlham Əliyev bu xalq üçün elə bir Zəfər qazanıb ki, dövlətçilik tariximiz olmasaydı belə, bu uğur xalqımızın adının dünyanın dövlətçilik tarixinə əbədi həkk edilməsinə kifayət edərdi. Hər bir azərbaycanlı bu Zəfərin qürurunu yaşayaraq nəsildən-nəslə ötürəcək”, – deyə B.Məhərrəmov əlavə edib.

