PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
İnformasiya texnologiyaları və rəqəmsallaşmaya tələb olunan investisiyalar kiçik bankların rəqabət imkanlarını məhdudlaşdırır. AMB sədri Taleh Kazımov səmərəli birləşmə və satınalmaların bu baxımdan çıxış yolu ola biləcəyini deyib.
PostNews xəbər verir ki, T.Kazımov bu fikirləri faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında səsləndirib.
AMB sədri Mərkəzi Bankın bank sektorunda konsolidasiyanı, maliyyə sektorunun dayanıqlılığı qorunmaq şərtilə, dəstəklədiyini bildirib. Onun sözlərinə görə, cari il ərzində sektorda iki konsolidasiya prosesi baş verib. Gələn il də belə hal yaranarsa, AMB bunu dəstəkləyəcək, lakin hazırda bu istiqamətdə ayrıca plan yoxdur.
Kazımov qeyd edib ki, konsolidasiya bankların səmərəliliyini və rəqabət qabiliyyətini artırmalıdır. Problemli iki bankın birləşdirilməsi ilə daha böyük problem yaranarsa, bu, Mərkəzi Bankın dəstəklədiyi konsolidasiya sayılmır.
AMB sədri kiçik bankların rəqabət aparmasını çətinləşdirən amillər sırasında texnologiya və rəqəmsallaşma xərclərini göstərib. Bu sahələrə tələb olunan investisiyalar fonunda səmərəli birləşmə və ya satınalma banklar üçün məqsədəuyğun həll ola bilər.
Kazımovun sözlərinə görə, konsolidasiya həm birləşmə, həm də satınalma formasında həyata keçirilə bilər. O, Azərbaycanın iqtisadiyyatının və sektorun ölçüsünü nəzərə alaraq bazarda çoxsaylı kiçik oyunçuların olmasının vacib olmadığını bildirib.

