PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Mərkəzi Bank valyuta alışı ilə bağlı qərarları manat emissiyasının və inflyasiyanın mümkün təsirini qiymətləndirdikdən sonra verir. AMB sədri bildirib ki, 2026-cı ildə indiyədək 3,6 milyard dollar alınıb, ilin sonunadək isə təxminən 1 milyard dollar həcmində alış mümkündür.
PostNews xəbər verir ki, bunu Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında açıqlayıb.
Kazımovun sözlərinə görə, AMB valyuta ehtiyatlarını müəyyən məbləğə çatdırmaq və həmin həddə alışları dayandırmaq məqsədi qoymayıb. Mərkəzi Bank bazardan valyuta alarkən bunun manat emissiyasına və qiymətlərə mümkün təsirini hər dəfə nəzərdən keçirir.
“Gözləntimiz odur ki, ilin sonunadək alış yönümlü müdaxilələrimiz davam edəcək. Təxminən 1 milyard ABŞ dolları həcmində alış həyata keçirə bilərik”, – deyə o bildirib.
AMB sədri qeyd edib ki, bu il 3,6 milyard ABŞ dolları həcmində valyuta alınıb və bunun müqabilində manat emissiyası həyata keçirilib. Onun sözlərinə görə, emissiya olunan manat vəsaitlərinin iqtisadiyyata birbaşa təsiri yoxdur. Lakin həmin vəsaitlər dərhal iqtisadiyyatda istifadə edilsəydi, inflyasiya proseslərini sürətləndirə bilərdi. Hazırda belə bir təsir müşahidə olunmur.
Kazımov əlavə manat kütləsinin qiymətlərə təsir edə biləcəyi əsas kanallardan biri kimi kreditləşməni göstərib. Kreditləşmənin artması iqtisadiyyatda kreditə tələbin mövcudluğundan asılıdır. AMB inflyasiya riski görmədiyi halda valyuta alışlarını davam etdirir.
Mətbuat konfransında banklararası bazardakı aktivlik də müzakirə olunub. AMB bankların sərbəst vəsaitlərini Mərkəzi Bankda saxlamaq əvəzinə bir-birinə yerləşdirməsini təşviq edir. Sentyabrın 23-də qəbul olunan qərardan sonra AMB-nin banklardan cəlb etdiyi vəsaitlərə ödədiyi faiz dərəcəsi 5%-ə endirilib və bu, banklararası əməliyyatları daha cəlbedici edib.
Bütün bankların banklararası bazarda iştirak edə bildiyini deyən Kazımov, onların likvidlik ehtiyaclarının fərqli olduğunu vurğulayıb. Kreditə tələb olduqda banklar sərbəst vəsaitlərini kreditləşməyə yönəldə bilərlər.

