Kartına gündə 5 dəfədən çox pul köçürülən şəxslər nə etməlidir? – AMB açıqladı

Mətn Ölçüsü

Kartdan-karta köçürmələr üzrə gündəlik beş mədaxil və aylıq 20 min manat limiti xüsusi ehtiyac olduqda bank tərəfindən fərdi qaydada nəzərdən keçirilə bilər. AMB sədri Taleh Kazımov maaş və pensiya ödənişlərinin bu limitlərə aid olmadığını bildirib.

PostNews xəbər verir ki, Kazımov bu barədə faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, bankların köçürmələrə limit tətbiq etməsi sektorun öz qərarıdır və AMB bu yanaşmanı dəstəkləyir. Mərkəzi Bank kartdan-karta dövriyyənin artmasını izləyir: ötən il dövriyyə 66 milyard manat, bu ilin avqustunda isə 48 milyard manat olub.

Kazımov bildirib ki, yaxınlar arasında pul göndərilməsi adi haldır. Bununla yanaşı, sahibkarlıqla məşğul olmayan şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika hesab edilmir. Köçürmə dövriyyəsinin bir hissəsi vergidən yayınma, digər hissəsi isə qanuni fəaliyyətlə bağlı ola bilər. Bu əməliyyatların təhlili banklar üçün əlavə resurs tələb edir.

AMB sədri vurğulayıb ki, limitlər tam qadağa yaratmır. Müştərinin gündə beşdən artıq mədaxilə, aylıq 20 min manatdan çox limitə və ya ikinci karta əsaslı ehtiyacı varsa, banka müraciət edib səbəbini izah edə bilər. Məktəbdə valideynlərin pul toplaması və xeyriyyə köçürmələri kimi hallar da bank tərəfindən ayrıca qiymətləndirilə bilər. Maaş və pensiya ödənişləri isə limitlərə daxil deyil.

Mətbuat konfransında ödəniş bazarının göstəriciləri də açıqlanıb. Milli Ödəniş, HÖCC və Ani Ödəniş sistemi üzrə sentyabrda ümumi dövriyyə 862 milyard manat olub ki, bu da illik müqayisədə 46% artım deməkdir.

Kartla ölkədaxili əməliyyatların dövriyyəsi 64,6 milyard manat təşkil edib və 8% artıb. Bu əməliyyatlarda nağdsız dövriyyənin payı 69% olub. Ölkədaxili nağdsız əməliyyatların dövriyyəsi isə 80 milyard manata yüksəlib — ötən ilin eyni doqquz ayından 11,7% çox.

Banklar POS-terminallar vasitəsilə QR standartı ilə ödənişləri qəbul etməlidir. AMB sahibkarlara QR ilə qəbul olunan ödənişlər üzrə banklardan daha aşağı komissiya tələb etməyi tövsiyə edir.

Kazımov Mastercard və Visa ilə ölkə üzrə tariflərin aşağı salınması barədə danışıqlar apardıqlarını və ilin sonunadək irəliləyiş gözlədiklərini bildirib. Yerli ödəniş alətinin sınaqları da davam edir. Testlər uğurlu olarsa, gələn ildən müəyyən ödənişlərin Ani Ödəniş sistemi ilə aparılması nəzərdə tutulur.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri