PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyətlərlə məşğul olan hüquqi şəxslər istehsalat monitorinqi aparmalı, onun nəticələri barədə illik hesabatı dövlət orqanına təqdim etməlidirlər. Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.
PostNews xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
İstehsalat monitorinqi məcburi olacaq
Qanun layihəsinə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqi sistemi kimi müəyyən edilir.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər – təbiətdən istifadəçilər istehsalat monitorinqini aparmalı olacaqlar.
Bununla yanaşı, monitorinq zamanı istifadə edilən ölçmə vasitələrinin tipi “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna uyğun olaraq təsdiq edilməli və həmin vasitələr yoxlamadan keçirilməlidir.
İstehsalat monitorinqinin nəticələri barədə illik hesabat müvafiq dövlət orqanının müəyyən etdiyi formaya uyğun hazırlanaraq növbəti il fevralın 1-dən gec olmayaraq aidiyyəti quruma təqdim ediləcək.
Mövcud qanunvericilikdə nə dəyişir?
Hazırda qüvvədə olan qanunvericiliyə görə, hüquqi şəxslər ekoloji cəhətdən təhlükə yarada bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini uçota almalı, müəssisə (istehsalat) monitorinqi aparmalı və bu barədə hesabat verməlidirlər.
Mövcud tələblərə əsasən, monitorinqdə istifadə olunan ölçü vasitələri standartlaşdırma və metrologiya normalarına uyğun olmalıdır. Monitorinq göstəriciləri barədə hesabat isə ətraf mühitin mühafizəsi sahəsində səlahiyyətli dövlət orqanlarına onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir.
Yeni dəyişikliklərlə monitorinqin aparılması, ölçmə vasitələrinə dair tələblər və illik hesabatın təqdim edilməsi qaydaları daha konkret müəyyənləşdirilir.
Dəyişikliklərin məqsədi nədir?
Qanun layihəsi hasilat sektorunda ətraf mühitə və sosial təsirlərə dair məlumatların açıqlığının artırılması, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması zərurətindən irəli gələrək hazırlanıb.
Sənədin digər məqsədlərindən biri Təbii Resursların İdarə Edilməsi İndeksinin “yerli təsirlərin idarə edilməsi” alt-komponenti üzrə Azərbaycanın göstəricilərinin yaxşılaşdırılmasıdır.
Dəyişikliklər ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi alaraq müvafiq fəaliyyətlə məşğul olan hüquqi şəxslərin sonrakı fəaliyyətinə davamlı nəzarətin təmin edilməsinə və monitorinq nəticələri barədə əhalinin məlumatlandırılmasına xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilib.

