AMB istehlak kreditlərində sərt tələblərin səbəbini açıqlayıb

Mətn Ölçüsü

İstehlak kreditləri üzrə tələblərin sərtləşdirilməsi əhalinin izafi borclanmasının qarşısını almağa və daha az riskli kreditləşməni təşviq etməyə hesablanıb. AMB sədri Taleh Kazımov son illərdə əhali kreditlərinin 15–20% artdığını bildirib.

PostNews xəbər verir ki, Kazımov bu fikirləri faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, istehlak kreditlərinə dair bəzi tələblər sərtləşdirilsə də, iyulda qəbul olunan yol xəritəsində yumşaldılmalar da var. Məqsəd kreditlərin sayını azaltmaq deyil, daha az riskli kreditləşməni təşviq etməkdir.

“İstehlak kreditləşməsində bizdə sərt tələblərin olması həmişə arzu olunur. Bunun əsas səbəbi əhalinin izafi borclanmasının qarşısını almaqdır”, – deyə AMB sədri bildirib.

Kazımov qeyd edib ki, sərt tələblərə baxmayaraq, son illərdə əhali arasında kreditləşmə 15–20% artıb. Məhdudiyyətlər yumşaldılarsa, istehlak kreditləri daha da arta və əhalinin borclanması idarəolunmaz səviyyəyə yüksələ bilər.

Eyni zamanda, AMB sədri real sektorun, xüsusilə kiçik və orta sahibkarlığın, kənd təsərrüfatı və ixracla məşğul olan bizneslərin kreditləşdirilməsi üzrə prudensial qaydaların sərt olduğu fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, bu tələblər beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər yumşaqdır.

Kazımov bankların real sektoru maliyyələşdirməsinə mane olan konkret norma olduğu iddia edilirsə, həmin maddənin göstərilməsini təklif edib. O bildirib ki, prudensial qaydalar barədə şərh verərkən onların mətnini diqqətlə araşdırmaq və beynəlxalq təcrübə ilə müqayisə etmək lazımdır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri