PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Mərkəzi Bank istehlak kreditləri üzrə vaxtı keçmiş borclardakı hazırkı artımı sistemli risk hesab etmir. AMB sədri Taleh Kazımov tənzimləyicinin əsas diqqətinin problemli kreditlərin tam yoxluğuna deyil, onların portfeldəki səviyyəsinə yönəldiyini bildirib.
PostNews xəbər verir ki, T.Kazımov bu barədə faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında danışıb.
AMB sədrinin sözlərinə görə, istehlak kreditləri üzrə vaxtı keçmiş borclarda müəyyən artım olsa da, bankların maliyyə hesabatlarında ehtiyatların örtülmə səviyyəsi yüksəkdir. Bu kreditlər üzrə ehtiyatların örtülmə səviyyəsi kreditlərin məbləğindən iki dəfədən çoxdur.
Kazımov bildirib ki, problemli kreditlərin bəzi dövrlərdə həm mütləq məbləğdə, həm də nisbətdə artması mümkündür. Problemli kreditlərin olmaması isə özlüyündə kredit portfelinin sağlam olduğunu göstərmir. AMB üçün əsas meyar onların ümumi kredit portfelində hansı paya sahib olmasıdır.
“Problemli kreditlər 4–5 faizlərə çatanda narahat olmağa başlayırıq. İndiki vəziyyətdə isə həmin səviyyəyə çatmadığımız üçün narahat deyilik”, – deyə o qeyd edib.
Mərkəzi Bankın tətbiq etdiyi yeni tələblərin кредитlərin həcmini məhdudlaşdırmağa deyil, riskləri daha düzgün qiymətləndirməyə xidmət etdiyini bildirən Kazımov, əvvəlki qaydalarla kredit götürən şəxslərin yenə həmin formada istehlak krediti ala biləcəyini vurğulayıb. Tələblər, həmçinin risklərin daha effektiv bölüşdürülməsinə yönəlib.

