Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73,5 milyard ABŞ dollarına çatıb.
PostNews xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Məlumata görə, Fondun aktivləri 2025-ci ilin əvvəlinə 60,031 milyard ABŞ dolları (102,053 milyard manat) təşkil edib. 2025-ci il dekabrın 31-nə isə bu göstərici 73,541 milyard ABŞ dollarına (125,020 milyard manat) yüksəlib.
Gəlirlər və xərclər
2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37,594 milyard manat, büdcə xərcləri isə 14,627 milyard manat təşkil edib.
Fondun büdcə gəlirləri 17,160 milyard manat, valyuta məzənnələrinin və qızıl qiymətlərinin dəyişməsindən yaranan büdcədənkənar gəlirlər isə 20,434 milyard manat olub.
Neft-qaz sazişləri üzrə gəlirlər
Hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərindən əldə etdiyi gəlirlər 10,266 milyard manat təşkil edib. Bunun:
- 9,497 milyard manatı mənfəət neftinin və qazın satışından,
- 765,7 milyon manatı bonus və tranzit gəlirlərindən,
- 3,6 milyon manatı isə akrhesabı ödənişlərdən formalaşıb.
Bu müddətdə Fonda AÇG yatağından 8,293 milyard manat, Şahdəniz yatağından isə 958,8 milyon manat vəsait daxil olub.
İnvestisiya fəaliyyəti
Fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6,2% təşkil edib. Nəticədə 6,894 milyard manat (təxminən 4 milyard ABŞ dolları) həcmində investisiya gəliri əldə olunub.
Xərclərin strukturu
2025-ci ildə:
- 14,481 milyard manat dövlət büdcəsinə transfert edilib,
- Təhsil proqramlarının maliyyələşdirilməsinə 105,5 milyon manat,
- Fondun idarəetmə xərclərinə 40,7 milyon manat vəsait yönəldilib.
ARDNF bildirir ki, 2025-ci ildə qlobal maliyyə bazarlarındakı müsbət dinamika Fondun aktivlərinə əhəmiyyətli müsbət təsir göstərib. Yüksək faiz mühiti, səhm bazarlarında artım, daşınmaz əmlak və infrastruktur investisiyalarına tələbin yüksək qalması, eləcə də qızıl qiymətlərinin tarixi maksimumlara çatması Fondun gəlirliliyini artırıb.

