Deputat regionlarda sahibkarların elektron ticarətə inteqrasiyasını təklif edib

Mətn Ölçüsü

Azərbaycanda regionlarda fəaliyyət göstərən kiçik sahibkarların, fermerlərin və ailə təsərrüfatlarının elektron ticarət imkanlarından daha geniş istifadə etməsi üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Eyni zamanda, onlayn satış platformalarında istehlakçı hüquqlarının və fərdi məlumatların qorunması mexanizmləri gücləndirilməlidir.

PostNews xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Müşfiq Məmmədli çıxış edib.

Deputatın sözlərinə görə, hazırda elektron ticarət imkanlarından əsasən Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə daha geniş istifadə olunur. Halbuki regionlarda fəaliyyət göstərən kiçik sahibkarlar, fermerlər, ailə təsərrüfatları və yerli istehsalçılar üçün rəqəmsal satış platformaları yeni bazarlara çıxış imkanı yarada bilər.

Müşfiq Məmmədli qeyd edib ki, Qubada meyvəçiliklə məşğul olan fermer, Cəbrayılda kənd təsərrüfatı məhsulları istehsal edən sahibkar və ya Xırdalanda kiçik ailə biznesi quran vətəndaş öz məhsulunu rəqəmsal platformalar vasitəsilə birbaşa alıcılara təqdim edə bilməlidir.

Onun fikrincə, bunun üçün elektron ticarətin hüquqi tənzimlənməsi ilə yanaşı, regionlarda rəqəmsal savadlılığın artırılması, logistika və çatdırılma xidmətlərinin inkişafı da vacibdir.

Deputat müvafiq icra hakimiyyəti orqanlarına regionlarda kiçik və orta sahibkarlığın elektron ticarətə inteqrasiyasını stimullaşdıran tədbirləri nəzərdən keçirməyi təklif edib.

Elektron ticarətdə istehlakçı hüquqları qorunmalıdır

Müşfiq Məmmədli elektron ticarətin artıq sadəcə internet üzərindən alış-veriş vasitəsi olmadığını, iqtisadiyyatın rəqəmsallaşması, nağdsız ödənişlərin genişlənməsi, şəffaflığın artırılması və yeni sahibkarlıq imkanlarının yaradılması baxımından mühüm istiqamətə çevrildiyini bildirib.

Deputatın sözlərinə görə, elektron ticarətə texnoloji yenilik olmaqla yanaşı, iqtisadi inkişaf, regionlarda məşğulluğun artırılması və vətəndaş hüquqlarının müdafiəsi baxımından da yanaşılmalıdır.

O vurğulayıb ki, texnologiyalar sürətlə dəyişdiyi üçün qanunvericilik də bu inkişafı dəstəkləyən hüquqi mühit yaratmalıdır.

Deputat elektron ticarətin genişlənməsi ilə əlaqədar yaranan risklərə də diqqət çəkib. Onun sözlərinə görə, saxta internet mağazaları, keyfiyyətsiz məhsulların satışı, ödənişdən sonra malların çatdırılmaması və şəxsi məlumatlardan qanunsuz istifadə halları istehlakçılar üçün əlavə təhlükələr yaradır.

Bu risklərin azaldılması üçün Müşfiq Məmmədli elektron ticarət platformalarında satıcıların identifikasiyası, məhsullar barədə məlumatların şəffaflığı, malların geri qaytarılması prosedurları və istehlakçı şikayətlərinə operativ baxılması mexanizmlərinin təkmilləşdirilməsini təklif edib.

Elektron ödənişlərdə kibertəhlükəsizlik gücləndirilməlidir

Deputat nağdsız ödənişlərin genişlənməsinin kiberdələduzluq risklərini də aktuallaşdırdığını qeyd edib.

O bildirib ki, elektron ödənişlər zamanı fərdi məlumatların qorunması, istifadəçilərin təhlükəsiz identifikasiyası və şübhəli əməliyyatlara qarşı çevik müdafiə mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri