Zahid Oruc aqrar sahədə yerli mütəxəssislərin işə götürülməsi üçün yeni mexanizmlər təklif edib

Mətn Ölçüsü

Azərbaycanda aqronom və baytarların yerli əmək bazarına cəlb olunması üçün peşə təcrübəsi, ödənişli təcrübə proqramları və əməkhaqqı əlavələrini əhatə edən yeni mexanizmlər tətbiq edilə bilər. Aqroparkların yerli mütəxəssislərin hazırlanmasında daha fəal iştirakı da təklif olunur.

PostNews xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc çıxış edib.

Deputat bildirib ki, ali təhsil müəssisələrində aqrar sahə üzrə kadr hazırlığı davam etsə də, diplomlu mütəxəssislərin kənd təsərrüfatı müəssisələrində işlə təmin olunması məsələsi araşdırılmalıdır.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində 880 əyani, 269 qiyabi bakalavr məzunu olub. Universitetin açıqladığı son məlumata əsasən, 2024-2025-ci tədris ilində aqronomluq ixtisasını 84, baytarlıq təbabəti ixtisasını isə 76 nəfər bitirib.

Zahid Oruc qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, aqrar ixtisaslar üzrə məzunların öz sahələrində məşğulluq göstəricisi son üç ildə 32%-dən 65%-ə yüksəlib.

Deputat hesab edir ki, buna baxmayaraq, universitetlərlə aqrar təsərrüfatlar arasında əlaqələrin yetərli olmaması məzunların öz ixtisasları üzrə sərbəst fəaliyyətinə maneələr yaradır.

İstixanaların və pomidor istehsalının azalmasına diqqət çəkilib

Çıxışında aqrar sektorun iqtisadi göstəricilərinə də toxunan deputat istixanaların sayında və istixana pomidoru istehsalında azalma olduğunu bildirib.

Onun təqdim etdiyi rəqəmlərə görə, Azərbaycanda 2022-ci ildə 3 228 istixana fəaliyyət göstərib. 2024-cü ildə bu göstərici 3 027-yə, 2025-ci ildə isə 2 995-ə enib.

İstixana pomidorunun istehsalı da 2023-cü ildəki 268,9 min tondan 2025-ci ildə 156,8 min tona düşüb.

Zahid Oruc vurğulayıb ki, istehsaldakı azalmanı yalnız aqronom çatışmazlığı ilə əlaqələndirmək düzgün deyil. Onun fikrincə, təbii qazın qiyməti, istehsalın maya dəyəri və xarici bazarlardakı aşağı satış qiymətləri yerli şirkətlərin rəqabət qabiliyyətinə təsir göstərir.

Deputat bildirib ki, xaricdən aqronomların cəlb edilməsi zərərlə işləyən istixanaların bütün problemlərini həll edə bilməz.

O, Rusiyanın 2024-cü ildə 1 milyon 717 min tondan çox tərəvəz, o cümlədən 479 min ton pomidor idxal etdiyini də diqqətə çatdırıb.

Xarici mütəxəssislərin peşə səriştəsi yoxlanılmalıdır

Zahid Oruc Azərbaycanda aqronomluq və baytarlıq sahələrində uzun illər formalaşmış ənənələrin olduğunu, buna görə də yerli kadr potensialının yenidən qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Deputatın sözlərinə görə, baytarlıq sahəsində də yerli ali təhsilli mütəxəssislərin əmək bazarında rəqabət imkanları ilə bağlı problemlər mövcuddur. O, Türkiyə və İrandan bu sahədə çalışan mütəxəssislərin Azərbaycana gəldiyini, təcrübə üstünlüyü səbəbindən yerli mütəxəssislərin rəqabətdə geri qala bildiyini bildirib.

Bu baxımdan, deputat qanunvericilikdə xaricdən cəlb olunan mütəxəssislərin peşə təcrübəsini müəyyənləşdirən şəffaf meyarların təsbit edilməsini təklif edib. Xüsusilə baytarlıq sahəsində təhsil və peşə səriştəsinin yoxlanılmasının təmin olunmasını vacib sayıb.

Aqroparklar üçün yeni öhdəliklər təklif olunur

Deputat yerli aqrar kadrların hazırlanması və məşğulluğunun artırılması üçün bir sıra konkret təkliflər səsləndirib.

Onun təkliflərinə əsasən:

  • Aqroparklar dövlət güzəştlərindən yararlandıqları müddətdə yerli aqronomlar, bağçılıq mütəxəssisləri və baytarlar üçün ödənişli təcrübə və mentorluq proqramları həyata keçirməlidirlər.
  • Dövlət Aqrar Universiteti, Lənkəran və digər ali təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında birgə tədris əlaqələri qurulmalıdır.
  • Regionlarda çalışan gənc baytarlar və aqronomlar üçün maaş əlavələri nəzərdə tutulmalıdır.
  • Yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə davamlı peşə təhsili üzrə hədəfli dəstək proqramları həyata keçirilməlidir.

Zahid Oruc hesab edir ki, bu tədbirlərin reallaşdırılması yerli aqrar kadr potensialından daha səmərəli istifadə etməyə və xarici mütəxəssislərdən asılılığı azaltmağa imkan verə bilər.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri