Azərbaycan turizmi İordaniyada təqdim olunub – yeni uçuşlar müzakirə edilib

Mətn Ölçüsü

Azərbaycanın turizm imkanları İordaniyanın 48 şirkətini təmsil edən 66 sənaye nümayəndəsinə təqdim olunub. Əmmanda keçirilən işgüzar görüşdə iki ölkə arasında turizm əməkdaşlığının genişləndirilməsi, uçuşların artırılması və viza prosedurlarının sadələşdirilməsi imkanları müzakirə edilib.

PostNews xəbər verir ki, Azərbaycan Turizm Bürosu (ATB) noyabrın 2-də İordaniyanın paytaxtı Əmmanda “Experience Azerbaijan B2B Networking Event” adlı işgüzar tədbir təşkil edib.

Görüşün əsas məqsədi Azərbaycanın turizm istiqaməti kimi tanıdılması, eləcə də iki ölkənin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələrin genişləndirilməsi olub.

Tədbirdə ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və Azərbaycanın İordaniya Haşimilər Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak ediblər.

Azərbaycanın turizm istiqamətləri təqdim olunub

Tədbir çərçivəsində iştirakçılara Azərbaycanın ilboyu turizm imkanları barədə ətraflı məlumat verilib. Təqdimatda Bakı, Qəbələ, Quba, Qusar və Şəki əsas turizm istiqamətləri kimi diqqətə çatdırılıb.

Bununla yanaşı, ailəvi istirahət, lüks kurortlar, təbiət və macəra turizmi, qış turizmi, mədəni irs, qastronomiya, sağlamlıq və halal turizm imkanları təqdim edilib.

“Azərbaycan Hava Yolları” (AZAL) da daxil olmaqla, Azərbaycanın üç şirkətinin nümayəndələri ilə İordaniyanın turizm sənayesi təmsilçiləri arasında B2B formatlı görüşlər keçirilib.

Görüşlərdə mümkün əməkdaşlıq istiqamətləri, birbaşa işgüzar əlaqələrin qurulması və yeni biznes imkanları müzakirə olunub.

Azərbaycan və İordaniya arasında uçuşlar müzakirə edilib

Rəsmi səfər çərçivəsində ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid İordaniya Turizm Şurasının baş icraçı direktoru Ramzi Al-Maaytah ilə də görüşüb.

Tərəflər mövcud uçuşları, viza prosedurlarının sadələşdirilməsini və gələcəkdə iki ölkə arasında yeni hava əlaqələrinin yaradılması perspektivlərini müzakirə ediblər.

Hazırda Azərbaycan və İordaniya arasında hava əlaqəsi əsasən yay mövsümündə AZAL və “Fly Jordan” aviaşirkətləri tərəfindən həyata keçirilən həftəlik çarter reysləri vasitəsilə təmin olunur. Bu reyslər İordaniyadan Azərbaycana səfər edən turistlər üçün əlavə səyahət imkanları yaradır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri