Hindistan–Aİ sazişi qlobal ÜDM-in 25%-ni əhatə edəcək

Mətn Ölçüsü

Hindistan və Avropa İttifaqı (Aİ) arasında azad ticarət haqqında sazişin mətni razılaşdırılıb. PostNews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi açıqlama verib.

Baş nazir Qoa şəhərində keçirilən “Hindistan Enerji Həftəsi” forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki, razılaşma Hindistan və Avropa xalqları üçün geniş iqtisadi imkanlar yaradacaq.

“Dünən Avropa İttifaqı ilə Hindistan arasında mühüm bir saziş razılaşdırıldı. Bəziləri bunu nümunəvi müqavilə adlandırır. Bu razılaşma dünyanın iki ən böyük iqtisadiyyatı arasında tərəfdaşlığın ideal nümunəsidir. Saziş qlobal ÜDM-in 25 faizini və dünya ticarətinin üçdə birini əhatə edir”, – deyə Narendra Modi vurğulayıb.

Hindistan hökumətinin başçısı sənədin konkret detallarını açıqlamasa da, Aİ ilə əldə olunan razılaşmanın Hindistanın sənaye inkişafına ciddi təkan verəcəyini, eyni zamanda xidmət sektorunun da sürətlə inkişaf edəcəyini qeyd edib.

Ekspertlərin fikrincə, Hindistan–Aİ azad ticarət sazişi tərəflər arasında investisiya axınlarını artırmaqla yanaşı, qlobal ticarət sistemində yeni balans formalaşdıra bilər.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti