Volvo şirkəti 2020-ci ildən bəri istehsal olunan avtomobillərin informasiya-əyləncə sistemləri üçün genişmiqyaslı proqram təminatı yeniləməsini elan edib.
PostNews xəbər verir ki, təxminən 2,5 milyon avtomobili əhatə edəcək yeniləmə mövcud sistemlərin funksionallığını əhəmiyyətli dərəcədə müasirləşdirəcək. Yenilənmiş interfeys Volvo-nun ən son modelləri olan EX30, EX60 və EX90 avtomobillərində istifadə edilən dizayna bənzər olacaq.
Proqram təminatına Google-un Gemini süni intellektinə əsaslanan virtual köməkçi inteqrasiya olunacaq. Yeni köməkçi yalnız standart səsli əmrləri icra etməklə kifayətlənməyəcək, eyni zamanda istifadəçilərlə dialoq qura və müxtəlif mövzularda suallara cavab verə biləcək.
Volvo bu təşəbbüsü avtomobil sənayesi tarixində həyata keçirilən ən böyük məsafədən proqram yeniləmələrindən biri kimi qiymətləndirir. Bildirilib ki, prosesin geniş miqyasına baxmayaraq, avtomobil sahiblərindən minimal müdaxilə tələb olunacaq. İstifadəçilər sadəcə avtomobili internetə qoşmalı və məsafədən yeniləmə funksiyasını aktivləşdirməlidirlər.

