PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycanda ağıllı idarəetmə sistemlərinin istehsalı və tətbiqi ilə məşğul olan “Smart Sistem” şirkəti yerli texnologiyaların istifadəsini genişləndirməyi və məhsullarını ABŞ bazarına çıxarmağı planlaşdırır. Şirkətin istehsal etdiyi sistemlər artıq müxtəlif müəssisələrdə, o cümlədən Heydər Əliyev Mərkəzində tətbiq olunur.
Bu barədə “Smart Sistem” şirkətinin rəhbəri Elmin Sadıqov PostNews-a müsahibəsində bildirib.
Oktyabrın 22-də Bakıda təşkil olunan “TABA-AmCham Eurasia Investment & Networking Summit 2026” beynəlxalq sammitində iştirak edən şirkət rəhbəri yerli texnologiyaların inkişafı, dövlət dəstəyi, informasiya təhlükəsizliyi, ağıllı idarəetmə sistemlərinin tətbiqi və ixrac imkanları barədə danışıb.
PostNews Elmin Sadıqovla müsahibəni təqdim edir.
“Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının inkişafıdır”
– Elmin bəy, Azərbaycan, Türkiyə və ABŞ biznes dairələrini bir araya gətirən bugünkü sammiti necə qiymətləndirirsiniz? Bu cür tədbirlər sahibkarlar üçün hansı imkanları yaradır?
– Azərbaycanda son illərdə iqtisadi fəallığın artmasında və sahibkarlığın inkişafında dövlət dəstəyinin mühüm rolu var.
Sahibkarlara yaradılan şərait, verilən imtiyazlar və biznesin inkişafına yönəlmiş tədbirlər şirkətlərin fəaliyyət imkanlarını genişləndirir.
Hesab edirəm ki, sahibkarlığın inkişafı birbaşa ölkə iqtisadiyyatının inkişafına xidmət edir. Sahibkara ən böyük dəstək onun sərbəst fəaliyyət göstərməsi və inkişaf etməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
Bugünkü beynəlxalq sammit də bu baxımdan əhəmiyyətlidir. Burada müxtəlif ölkələrdən iş adamları bir araya gəlir, yeni əməkdaşlıq imkanları müzakirə olunur.
Düşünürəm ki, sahibkarların öz fikirlərini və təkliflərini səsləndirə bildikləri belə tədbirlər davamlı keçirilməlidir.
“Azərbaycanın öz ağıllı idarəetmə sistemlərini istehsal etməsi vacibdir”
– Rəhbərlik etdiyiniz “Smart Sistem” şirkəti ağıllı texnologiyalar sahəsində fəaliyyət göstərir. Azərbaycanda bu sahənin inkişafını necə qiymətləndirirsiniz?
– Hazırda süni intellekt, rəqəmsal texnologiyalar və elektron təhlükəsizlik bütün dünyada sürətlə inkişaf edir.
Azərbaycanda da bu istiqamətlərə diqqət artır. Xüsusilə süni intellektin tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və informasiya sistemlərinin qorunması mühüm məsələlərdir.
Biz hesab edirik ki, bu sahədə yerli istehsalın inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
“Smart Sistem” olaraq ağıllı idarəetmə qurğularının yerli istehsalı və tətbiqi istiqamətində fəaliyyət göstəririk.
Məqsədimiz Azərbaycan müəssisələrinin və dövlət qurumlarının xarici texnologiyalardan asılılığını azaltmaq, yerli istehsal olan sistemlərin tətbiqini genişləndirməkdir.
“Məlumatların xarici sistemlərdən asılılığı təhlükəsizlik riskləri yarada bilər”
– Yerli istehsal olan sistemlərin tətbiqi informasiya təhlükəsizliyi baxımından hansı üstünlükləri təmin edə bilər?
– Bu gün müxtəlif müəssisələrdə və dövlət qurumlarında xarici istehsal olan mərkəzləşdirilmiş idarəetmə sistemlərindən istifadə edilir.
Həmin sistemlər vasitəsilə əməkdaşların giriş-çıxış məlumatları, üz tanıma göstəriciləri və digər informasiyalar emal oluna bilər.
Bəzi xarici sistemlərdə məlumatların saxlanılması və idarə olunması xarici serverlərdən və xidmətlərdən asılı ola bilər. Bu isə müəyyən təhlükəsizlik riskləri yaradır.
Bizim məqsədimiz həmin funksiyaları yerli istehsal olan sistemlər vasitəsilə həyata keçirməkdir.
İstəyirik ki, Azərbaycanda fəaliyyət göstərən təşkilatlar öz məlumatlarının idarə olunması üzərində daha geniş nəzarət imkanlarına malik olsunlar.
Artıq bir sıra dövlət müəssisələrində istehsal etdiyimiz sistemlər tətbiq edilir.
“Heydər Əliyev Mərkəzində xarici sistemi Azərbaycan istehsalı ilə əvəz etmişik”
– Şirkətinizin yerli texnologiyaları hansı obyektlərdə tətbiq olunur? Bu sahədə konkret nümunələr göstərə bilərsinizmi?
– Hazırda müxtəlif dövlət müəssisələrində və iri obyektlərdə sistemlərimizdən istifadə olunur.
Ən diqqətçəkən nümunələrdən biri Heydər Əliyev Mərkəzidir.
Həmin obyektdə əvvəllər İtaliya istehsalı olan idarəetmə sistemindən istifadə edilirdi. Biz onu Azərbaycan istehsalı olan sistemlə əvəz etmişik.
Hazırda tətbiq etdiyimiz texnologiya işləyir və öz funksiyalarını yerinə yetirir.
Bu, yerli istehsal olan texnologiyaların böyük və mürəkkəb obyektlərdə də istifadə edilə biləcəyini göstərir.
Bizim üçün əsas məqsəd belə sistemlərin daha çox müəssisədə tətbiqinə nail olmaqdır.
“90–150 obyekti Bakıdan idarə etmək mümkündür”
– Ağıllı idarəetmə sistemləriniz hansı funksiyaları yerinə yetirir və onların tətbiqi müəssisələrin gündəlik fəaliyyətinə necə təsir göstərir?
– İstehsal etdiyimiz sistemlər müxtəlif texniki və təhlükəsizlik proseslərinin vahid mərkəzdən idarə olunmasını təmin edə bilir.
Buraya giriş-çıxışa nəzarət, məlumatların toplanması, təhlükəsizlik kameraları, istilik və soyutma sistemləri, yanğın təhlükəsizliyi və digər mühəndis sistemlərinin inteqrasiyası daxildir.
Məsələn, Azərbaycanın müxtəlif bölgələrində yerləşən su quyularını və digər texniki obyektləri Bakıdan idarə etmək mümkündür.
Təsəvvür edin ki, müxtəlif rayonlarda yerləşən 90–150 obyektin fəaliyyətinə vahid mərkəzdən nəzarət olunur.
Əks halda, həmin obyektlərə ayrıca əməkdaşların göndərilməsi və yerində nəzarətin təşkili lazım gələ bilər.
Ağıllı idarəetmə sistemləri isə bu prosesləri daha səmərəli həyata keçirməyə, vaxt və resurs itkisinin qarşısını almağa imkan verir.
“Xarici texnologiyalardan asılılığı azaltmalıyıq”
– Yerli istehsal olan ağıllı sistemlər xarici məhsullarla rəqabət apara bilirmi? Bu sahədə əsas çətinliklər nələrdir?
– Azərbaycanda bizim fəaliyyət göstərdiyimiz konkret istiqamətdə yerli istehsal alternativləri çox məhduddur.
Bu səbəbdən əsas rəqabətimiz xarici istehsalçılarladır.
Xarici texnologiyalardan istifadə zamanı nəzərə alınmalı məsələlərdən biri həmin sistemlərin istehsalçı şirkətlərin proqram təminatından və texniki dəstəyindən asılılığıdır.
Bəzi hallarda xarici istehsalçının tətbiq etdiyi məhdudiyyətlər sistemlərin fəaliyyətinə təsir göstərə bilər.
Biz hesab edirik ki, yerli istehsal olan texnologiyaların inkişafı bu cür asılılığın azaldılmasına kömək edə bilər.
Məqsədimiz Azərbaycan istehsalı olan sistemlərin həm keyfiyyət, həm də funksionallıq baxımından xarici məhsullarla rəqabət aparmasına nail olmaqdır.
“Azərbaycan texnologiyalarını ABŞ bazarında satmaq istəyirik”
– “Smart Sistem”in xarici bazarlara çıxış planları nələrdir? Məhsullarınız hazırda hansı ölkələrə ixrac olunur?
– Artıq məhsullarımızın xarici ölkələrə ixracını həyata keçiririk. Qazaxıstan və Özbəkistan bu istiqamətdə fəaliyyət göstərdiyimiz bazarlar sırasındadır.
Növbəti hədəflərimizdən biri isə ABŞ bazarıdır.
İstəyirik ki, Azərbaycan istehsalı olan ağıllı idarəetmə sistemləri Amerika bazarında da satılsın.
Bizim qiymətləndirməmizə görə, ABŞ istehsalı olan bəzi analoji məhsulların qiyməti bizim sistemlərdən təxminən beş dəfə yüksək ola bilir.
Bu baxımdan qiymət üstünlüyümüzün beynəlxalq bazarlarda rəqabət aparmaq üçün imkan yaratdığını düşünürük.
Əsas məqsədimiz yeni tərəfdaşlıqlar qurmaq, ixrac coğrafiyamızı genişləndirmək və Azərbaycan istehsalı olan texnologiyaları xarici bazarlarda tanıtmaqdır.

