Françayzinq sahibkara sıfırdan biznes qurmağı deyil, sınaqdan keçmiş sistemi idarə etməyi öyrədir - Elnur İslamov

Mətn Ölçüsü

PostNews – Azərbaycanda françayzinq bazarının genişləndirilməsi üçün milli brendlərin sistemləşdirilməsi, onların xarici bazarlara çıxışının dəstəklənməsi və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində yeni yanaşmalar təklif olunur.

Azərbaycan Françayzinq Mərkəzinin (AFM) Təsisçi-Direktoru, Milli Françayzinq Dəstək Proqramının (MFDP) koordinatoru Elnur İslamov Fins.az-a müsahibəsində bildirib ki, Azərbaycanda françayzinqə maraq yüksək olsa da, bazarın inkişafı üçün hüquqi və institusional sistemin gücləndirilməsinə ehtiyac var.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi, AZPROMO və AFM-in birgə həyata keçirdiyi MFDP çərçivəsində Azərbaycanda milli françayzinq ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl iş aparılır. Artıq yerli brendlərin françayzinq modelinə keçirilməsi, onların sistemləşdirilməsi və xarici bazarlara çıxarılması üzrə konkret layihələr həyata keçirilir.

elnur-islamov-francayzinq (1).png

– Elnur müəllim, Azərbaycanda françayzinq bazarı bu gün hansı vəziyyətdədir? Sahibkarların bu biznes modelinə marağı artırmı?

– Əgər düzünü desəm, bazar var, lakin sistem yoxdur. Hər il sahibkarlardan onlarla zəng alıram: “Françayzinq almaq istəyirik, haradan başlayaq?” Maraq böyükdür, amma hərəkət zəifdir.

Niyə? Çünki bu gün Azərbaycanda françayzinqə aid nə xüsusi qanun var, nə dövlət qeydiyyat sistemi, nə də françayzorları qoruyan standart müqavilə çərçivəsi.

Rəqəmləri deyim: Azərbaycanda hazırda təxminən 300 françayzinq nöqtəsi var, cəmi 20 milli brend fəaliyyət göstərir. Françayzinqin ÜDM-dəki payı 0,1%-dən azdır.

Müqayisə üçün, Türkiyədə 43 000-dən çox françayzinq nöqtəsi və 1 300-dən artıq brend var. Fransa isə françayzinqdən ÜDM-in 15%-ni əldə edir. Yəni biz bazar ölçüsündə deyil, sistem ölçüsündə geri qalırıq.

elnur-islamov-francayzinq (6).png

– Azərbaycana xarici brendlərin gətirilməsində sahibkarların əsas çətinliyi nədir? Onları ən çox hansı məsələlər düşündürür?

– Üç böyük maneə var.

Birincisi, hüquqi boşluqdur. Françayzinq müqaviləsi imzalananda sahibkar çox zaman nəyi imzaladığını tam bilmir. Royalti, know-how-ın qorunması, ərazi hüquqları – bunların heç biri yerli qanunvericilikdə aydın şəkildə tənzimlənmir. Xarici brendlər isə bu qeyri-müəyyənlikdən çəkinir.

İkincisi, maliyyə çərçivəsidir. Françayzinq açmaq üçün müəyyən giriş haqqı lazımdır. Bunu françayzinq biznesinə uyğunlaşdırılmış kredit məhsulu olmadan əldə etmək çətindir.

Üçüncüsü isə informasiya çatışmazlığıdır. Sahibkar hansı brendin Azərbaycana uyğun olduğunu, bazarın tələbatını və qanuni prosedurları haradan öyrənəcəyini bilmir.

Bu üç problemin hamısı sistem problemidir, fərdi sahibkarın günahı deyil. Düzgün infrastruktur qurulsa, bu maneələrin çoxu aradan qalxar.

elnur-islamov-francayzinq (4).png

– Milli Françayzinq Dəstək Proqramı sahibkarlara konkret olaraq necə kömək edəcək? Bu proqramdan hansı nəticələri gözləyirsiniz?

– MFDP məhz bu boşluqları doldurmaq üçün yaradılıb. İqtisadiyyat Nazirliyi, AZPROMO və AFM birgə iş aparır. Milli Məclisin İqtisadi Komissiyasının üzvü, deputat Müşviq Cəfərovla birgə çalışmamız da proqrama güclü institusional dəstək verir.

Artıq görülən işlər konkretdir.

Françayzinq potensialı olan 20-dən artıq yerli şirkətlə görüşlər keçirilib və proqrama qeydiyyat başlanıb.

İlk üç milli brendə – Hədəf STEAM, Love Lokum və Lokal Dəftərxana – françayzinq modeli tətbiq edilib.

Love Lokum artıq Bakının ən prestijli məkanlarından biri olan Ağ Şəhərdə ilk milli françayzinq nöqtəsini uğurla açıb. Hazırda Moskvadakı ən iri 7 alış-veriş mərkəzi, eləcə də Qazaxıstan və Özbəkistanda potensial tərəfdaşlarla danışıqlar davam edir.

Lokal Dəftərxana Neptun Hipermarketləri ilə güşə konsepti üzrə razılaşma əldə edib.

Hədəf School isə Qazaxıstanda və Bakıda Yeni Bakı Yaşayış Kompleksində yeni obyektlərin açılması ilə bağlı danışıqlar aparır.

2027-ci il üçün hədəfimiz 10 milli brendin françayzinq modeli ilə həm yerli, həm də xarici bazarlara çıxmasına dəstək verməkdir. MFDP 2.0 mərhələsində isə iqtisadiyyatın müxtəlif sahələri – istehsal, aqrar və sənaye sektorları üzrə tətbiqə keçirik.

elnur-islamov-francayzinq (7).png

– Love Lokum layihəsi artıq bu istiqamətdə praktik nümunəyə çevrilib. Bu layihə çərçivəsində hansı işlər görülüb?

– Love Lokum layihəsi bizim üçün vacib nümunələrdən biridir. Milli Françayzinq Dəstək Proqramı çərçivəsində Love Lokum üçün françayzinq modelinin inkişafı üzrə yol xəritəsi, françayzinq paketi, maliyyə modeli, korporativ və əməliyyat standartları, rəqib təhlili və butik açılışı üzrə check-list hazırlanıb.

Bu, françayzinqin sadəcə brend adının başqa sahibkara verilməsi olmadığını göstərir. Françayziyə hazır və sistemləşdirilmiş biznes modeli təqdim edilməlidir.

Love Lokum artıq Bakının Ağ Şəhər ərazisində ilk milli françayzinq nöqtəsini açıb. Bununla yanaşı, Moskvanın iri alış-veriş mərkəzləri, Qazaxıstan və Özbəkistanda potensial tərəfdaşlarla danışıqlar aparılır.

Love Lokum brendinin sahibi Fahrettin Can da bu əməkdaşlığı müsbət qiymətləndirir. Onun fikrincə, AFM tərəfindən hazırlanan yol xəritəsi, françayzinq paketi, maliyyə modeli və əməliyyat standartları biznesin sistemləşdirilməsinə ciddi dəstək verib. Bu cür real biznes nümunələrinin artması bizim üçün çox vacibdir.

New Project.jpg

– Deməli, milli brendin françayzinqə hazırlanması yalnız brendin tanınması ilə bağlı deyil?

– Əsla. Güclü brendin olması vacibdir, amma təkbaşına kifayət etmir. Françayzinq vermək istəyən şirkətin biznes modeli təkrarlana bilən olmalıdır.

Məsələn, şirkətin bir mağazası çox uğurlu ola bilər. Amma həmin mağazanın uğurunu başqa şəhərdə, başqa ölkədə və başqa sahibkar tərəfindən eyni standartlarla təkrarlamaq mümkün deyilsə, bu, hələ françayzinq modeli demək deyil.

Ona görə biz biznesin bütün proseslərini sistemləşdiririk: idarəetmə, satış, marketinq, insan resursları, maliyyə, müştəri xidməti, təchizat və digər istiqamətlər.

Françayzinqin mahiyyəti sahibkara sıfırdan biznes qurmağı deyil, sınaqdan keçmiş sistemi idarə etməyi öyrətməkdir.

elnur-islamov-francayzinq (2).jpeg

– Azərbaycanda françayzinq üçün qanunvericilik kifayət qədər əlverişlidirmi? Sahibkarları daha yaxşı qorumaq üçün hansı dəyişikliklərə ehtiyac var?

– Açıq deyim, kifayət deyil. Hazırda françayzinqə aid əsas müddəalar yalnız Mülki Məcəllənin kommersiya konsessiyası bölməsindən götürülür. Bu isə müasir françayzinq münasibətlərini tam əhatə etmir.

MFDP çərçivəsində Milli Məclisin İqtisadi Komissiyasına konkret təklif paketi təqdim etmişik. Tələbimiz sadədir:

“Françayzinq haqqında” ayrıca qanunun qəbul edilməsi;

françayzinq müqavilələri üçün standart hüquqi çərçivənin formalaşdırılması;

beynəlxalq standartlara uyğun milli normativlərin hazırlanması;

mülkiyyətin, know-how-ın və brendlərin qorunması mexanizmlərinin gücləndirilməsi.

Qazaxıstan 2019-cu ildə “Françayzinq haqqında” qanun qəbul etdi. Qısa müddətdə françayzinq nöqtələrinin sayı 400% artdı, ÜDM-də payı 1,2%-ə yüksəldi. Biz də həmin yolla getməliyik – siyasi iradə var, institusional hazırlıq gedir.

elnur-islamov-francayzinq (5).png

– TDT ölkələri arasında Azərbaycan françayzinq üzrə hansı yerdədir? Bu mənzərəni necə dəyərləndirirsiniz?

– Çox təəssüf ki, sonunculara yaxın yerdəyik. Bu, açıq etiraf etməli olduğumuz bir həqiqətdir. Tacikistanla birgə TDT ölkələri sırasında ən aşağı göstəricilərdəyik. Amma Tacikistanda da artıq irəliləyişlər başlayıb.

Qardaş Türkiyəyə baxın. 1990-cı illərdən aktiv françayzinq siyasəti ilə bu gün 40 illik möhkəm bir ekosistemi var. Dünyaya tanınan güclü brendlər çıxardılar. Simit Sarayı 30-dan artıq ölkədə fəaliyyət göstərir. Mado 20-dən çox ölkəyə açılıb. Türk brendləri bu gün qlobal françayzinq sərgilərinin daimi iştirakçısıdır. Bu, 40 illik ardıcıl dövlət siyasətinin nəticəsidir.

Qazaxıstan 2019-cu ildə bir qanun qəbul etdi. Üç ildə françayzinq nöqtələrinin sayı 400% artdı, ÜDM-də payı 1,2%-ə çatdı. Bu gün Qazaxıstan Turan bölgəsinin lider françayzinq bazarıdır.

Özbəkistan 2021-ci ildə Dövlət Françayzinq Agentliyi qurdu, güzəştli kredit proqramı başlatdı və 2024-cü ilə qədər Turan bölgəsinin ən sürətli böyüyən bazarına çevrildi.

AFM və MFDP olaraq əminik ki, aidiyyəti qurumlarla intensiv əməkdaşlıq milli françayzinq ekosistemini növbəti mərhələyə aparacaq.

Beş ildə 5 000 nöqtə, 500 milli brend, ÜDM-də 2% pay və 50 000 yeni iş yeri – bu hədəflər sistemin gücünü göstərir.

Françayzinqə dövlət dəstəyi adi xərc kimi deyil, çoxşaxəli, uzunmüddətli və ölçülə bilən milli investisiya kimi dəyərləndirilməlidir.

10 milli brend 20 milli brend 2027 françayzinq hədəfləri 50 000 yeni iş yeri 500 milli brend 5000 françayzinq nöqtəsi AFM Ağ Şəhər azpromo Azərbaycan biznesi Azərbaycan brendləri Azərbaycan Françayzinq Mərkəzi Azərbaycanda 300 françayzinq nöqtəsi Azərbaycanda françayzinq beynəlxalq françayzinq biznes modelinin sistemləşdirilməsi biznes standartları biznesin sistemləşdirilməsi brend hüquqları brendlərin xarici bazarlara çıxışı Elnur İslamov françayzi françayzinq françayzinq bazarı françayzinq biznes modeli françayzinq dəstəyi françayzinq ekosistemi Françayzinq haqqında qanun françayzinq investisiyaları françayzinq kreditləri françayzinq maliyyələşməsi françayzinq modeli françayzinq müqaviləsi françayzinq nöqtələri françayzinq paketi françayzinq qanunvericiliyi françayzinq siyasəti françayzinq standartları françayzinq sərgiləri françayzinqin ÜDM-də 2 faizlik payı françayzinqin ÜDM-də payı françayzinqə dövlət dəstəyi françayzor hüquqi baza Hədəf School Hədəf STEAM İqtisadiyyat Nazirliyi kiçik və orta biznes know-how KOB kommersiya konsessiyası korporativ standartlar Lokal Dəftərxana Love Lokum maliyyə modeli MFDP milli brendlər milli brendlərin beynəlxalqlaşması milli brendlərin ixracı milli françayzinq Milli Françayzinq Dəstək Proqramı milli investisiya Milli Məclis Moskva françayzinq bazarı Müşviq Cəfərov Özbəkistan bazarı Özbəkistan françayzinq bazarı Qazaxıstan bazarı Qazaxıstan françayzinq bazarı sahibkarlar sahibkarlıq startap və biznes inkişafı TDT ölkələrində françayzinq Türkiyə françayzinq bazarı xarici bazarlara çıxış yerli brendlər yol xəritəsi əməliyyat standartları əqli mülkiyyət
Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti