PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycanda qiymətləndirmə standartlarının hazırlanması qanunvericiliyin tələblərinə və vahid milli standartlaşdırma sisteminin prinsiplərinə uyğun həyata keçirilməlidir. Hər hansı təşkilatın standart layihəsi hazırlaması həmin sənədin avtomatik olaraq dövlət standartı statusu qazanması demək deyil.
PostNews xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyəti sədrinin müşaviri, AZSTAND/TK 54 – “Qiymətləndirmə fəaliyyəti” üzrə Texniki Komitənin üzvü, beynəlxalq idarəetmə standartları üzrə mütəxəssis Asif İbrahimov bildirib.
O, Azərbaycanda qiymətləndirmə standartlarının hazırlanması ilə bağlı müzakirələrə münasibət bildirərək bu sahədə səlahiyyət bölgüsü, hüquqi prosedurlar və maraqların toqquşması məsələlərinə toxunub.
“Standart layihəsinin hazırlanması ona dövlət standartı statusu qazandırmır”
A.İbrahimov qeyd edib ki, Azərbaycanda qiymətləndirmə standartlarının hazırlanması milli standartlaşdırma sisteminin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilməlidir.
Onun sözlərinə görə, “Standartlaşdırma haqqında” Qanuna əsasən, dövlət standartlarının qəbul edilməsi Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) səlahiyyətlərinə aiddir.
“İstənilən assosiasiya və ya şirkət standart layihələri hazırlaya, metodiki təkliflər verə bilər. Lakin bu, həmin quruma qanunvericiliklə müəyyən edilməyən səlahiyyətlər qazandırmır”, – deyə mütəxəssis vurğulayıb.
O bildirib ki, standart layihələrinin hazırlanması ilə onların dövlət standartı kimi qəbul edilməsi fərqli prosedurlardır.
Qiymətləndirmə standartlarının hazırlanmasında şəffaflıq təmin edilməlidir
Mütəxəssis qeyd edib ki, standartlaşdırma prosesi milli standartlaşdırma proqramı çərçivəsində həyata keçirilir.
Bu prosesə standart layihələrinin texniki komitələrdə hazırlanması, ictimai müzakirəyə çıxarılması və müvafiq prosedurlara uyğun qəbul edilməsi daxildir.
A.İbrahimovun fikrincə, belə yanaşma qiymətləndirmə sahəsində vahid metodologiyanın formalaşdırılmasına və obyektivliyin qorunmasına xidmət edir.
O, standartların hazırlanması zamanı maraqların toqquşması risklərinin də nəzərə alınmasının vacibliyini bildirib.
Mütəxəssisin sözlərinə görə, qiymətləndirmə xidmətləri göstərən qurumların öz fəaliyyətlərinə təsir edən standartların hazırlanmasında iştirakı zamanı şəffaflıq və rəqabət bərabərliyi təmin olunmalıdır.
AZSTAND/TK 54 Texniki Komitəsinin fəaliyyəti diqqətə çatdırılıb
A.İbrahimov qeyd edib ki, Azərbaycanda qiymətləndirmə sahəsi üzrə AZSTAND/TK 54 – “Qiymətləndirmə fəaliyyəti” Texniki Komitəsi fəaliyyət göstərir.
Komitədə dövlət qurumlarının, maliyyə sektorunun, ali təhsil müəssisələrinin və elmi-pedaqoji heyətin nümayəndələrinin təmsil olunması standartların hazırlanmasına müxtəlif tərəflərdən yanaşmağa imkan verir.
Onun sözlərinə görə, qiymətləndirmə standartlarının hazırlanması AZSTAND-ın müəyyən etdiyi prosedurlar və Texniki Komitənin 2025–2027-ci illər üzrə fəaliyyət planı çərçivəsində əlaqələndirilməlidir.
“Bütün maraqlı tərəflər təkliflərini vahid mexanizm vasitəsilə təqdim edə bilərlər”
A.İbrahimov Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) da daxil olduğu bütün maraqlı tərəflərin standartlaşdırma prosesində iştirak imkanlarına toxunub.
O bildirib ki, təşkilatlar öz təkliflərini və standart layihələrini mövcud milli standartlaşdırma mexanizmi vasitəsilə təqdim edə bilərlər.
Mütəxəssisin fikrincə, əsas məsələ standart layihəsinin hansı təşkilat tərəfindən hazırlanması deyil, onun qanunvericiliyə uyğun, şəffaf və vahid milli standartlaşdırma sistemi çərçivəsində qəbul edilməsidir.
A.İbrahimov vurğulayıb ki, qiymətləndirmə standartları ayrı-ayrı qurumların deyil, bütövlükdə bazarın və qiymətləndirmə xidmətlərindən istifadə edən şəxslərin maraqlarını nəzərə almalıdır.

