Müəlliflik hüququ və patent eyni obyektə tətbiq oluna bilər – Kamran İmanov

Mətn Ölçüsü

Müəlliflik hüquqları ilə sənaye mülkiyyəti obyektlərinə dair hüquqların eyni vaxtda qorunması mümkündür. Müasir beynəlxalq təcrübədə müxtəlif hüquqi rejimlər çərçivəsində paralel hüquqi mühafizəyə meyl artır.

PostNews xəbər verir ki, bunu Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov oktyabrın 12-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə çıxışı zamanı bildirib.

Müəlliflik və patent hüquqlarının paralel qorunması

Kamran İmanov qeyd edib ki, müəlliflik hüququnun sahibi patent üzrə iddia sənədinin və ya ixtiranın təsvirinin Patent Reyestrinə daxil edildiyi formada surətinin çıxarılmasına etiraz etmədiyini bəyan etməlidir. Bu halda hüquq sahibi müəlliflik hüquqlarını saxlayır.

Onun sözlərinə görə, bu yanaşma müəlliflik hüquqlarının sənaye mülkiyyəti obyektinə olan hüquqlarla paralel şəkildə qorunmasını nəzərdə tutur.

Əqli Mülkiyyət Agentliyinin sədri bildirib ki, sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilkin və mahiyyəti üzrə ekspertiza da daxil olmaqla, ekspertiza nəticələrinə əsaslanır.

“Ekspertizanın əsas xüsusiyyəti qarşıqoyma və müqayisə prinsipidir”

Kamran İmanov sənaye mülkiyyəti obyektlərinin ekspertizası ilə müəlliflik hüququ obyektlərinin qeydiyyatı arasındakı fərqlərə də toxunub.

“Ekspertizanın əsas xüsusiyyəti qarşıqoyma və müqayisə prinsipinin tətbiq edilməsidir. Eyni zamanda, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin könüllü qeydiyyatının qəbul edildiyi ölkələrdə belə qeydiyyat təsdiqləyici xarakter daşıyır”, – deyə o bildirib.

Agentlik sədri izah edib ki, yaradıcılıq fəaliyyətinin nəticəsi olan və obyektiv formada ifadə edilmiş əsərlər qanunvericiliyin tələblərinə uyğun olaraq müəlliflik hüququ ilə qorunur.

Onun sözlərinə görə, sənaye mülkiyyəti obyektinin mühafizəsi barədə qərarın yalnız ilkin ekspertiza əsasında qəbul edilməsi müəyyən mənada müəlliflik hüququ obyektlərinin qeydiyyatına bənzəyir. Bu təcrübə bir sıra ölkələrdə tətbiq olunur.

“Müxtəlif hüquqi rejimlər çərçivəsində paralel mühafizəyə meyl müşahidə olunur”

Kamran İmanov vurğulayıb ki, bir obyektin eyni zamanda həm müəlliflik hüququ, həm də sənaye mülkiyyəti hüququ ilə qorunması məsələsi hüquqi baxımdan daha mürəkkəb yanaşma tələb edir.

Onun sözlərinə görə, əvvəllər paralel hüquqi mühafizə qəbul edilmirdi və iddiaçı təqdim etdiyi əqli mülkiyyət obyektinin hansı hüquqi statusla qorunacağını seçməli olurdu.

“Hazırda müxtəlif hüquqi rejimlər çərçivəsində paralel hüquqi mühafizəyə meyl müşahidə olunur”, – deyə Əqli Mülkiyyət Agentliyinin sədri qeyd edib.

O, beynəlxalq təcrübədən nümunə kimi ABŞ patent sisteminə istinad edib.

Kamran İmanov bildirib ki, ABŞ Patent İdarəsinin patent iddia sənədlərinin ekspertizasına dair təlimatında müəlliflik və patent hüquqlarının kəsişdiyi hallara xüsusi yer ayrılır.

Belə hallarda dekorativ patent nümunəsinin müəlliflik hüququ ilə də mühafizə olunması mümkün hesab edilir. Bunun üçün iddia sənədinə © işarəsi ilə müəlliflik hüququ barədə bildirişin daxil edilməsi nəzərdə tutulur.

Bakıda Türk Dövlətləri Təşkilatının əqli mülkiyyət qurumları rəhbərləri görüşür

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilir.

Tədbirin Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkil olunması üzv ölkələr arasında əqli mülkiyyət sahəsində əməkdaşlığın genişləndirilməsi, institusional əlaqələrin möhkəmləndirilməsi və birgə təşəbbüslərin təşviqi baxımından əhəmiyyət daşıyır.

Görüşdə aşağıdakı rəsmi şəxslər iştirak edirlər:

  • Merey Mukazhan – TDT Baş katibinin müavini;
  • Şolpan Abdreyeva – Qazaxıstan Ədliyyə Nazirliyinin Əqli Mülkiyyət Hüquqları Komitəsinin sədri;
  • Maksat Mamıtkanov – Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri;
  • Muhammed Zeki Durak – Türkiyə Patent və Əmtəə Nişanları Qurumunun (TÜRKPATENT) rəhbəri;
  • Muzraf İkramov – Özbəkistanın ədliyyə nazirinin müavini, Əqli Mülkiyyət İdarəsinin rəhbəri.

Tədbir türk dövlətləri arasında müəlliflik hüquqları, patentlər və sənaye mülkiyyətinin qorunması istiqamətində təcrübə mübadiləsi üçün platforma yaradır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri