Azərbaycanda hotel biznesində əsas problem qiymət deyil, doluluqdur – Cabir Dövlətzadə

Mətn Ölçüsü

PostNews – Azərbaycanda hotel biznesi 2026-cı ildə turist axınının azalması, yüksək xərclər, quru sərhədlərin bağlı qalması və büdcə aviareyslərinin məhdudluğu səbəbindən təzyiq altındadır. “Dəniz Inn” otelinin rəhbəri, turizm-otelçilik üzrə mütəxəssis, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin İdarə Heyətinin üzvü Cabir Dövlətzadə Fins.az-a müsahibəsində hotel bazarındakı vəziyyəti, qiymətlərin formalaşmasını, sektorun əsas xərclərini, Türkiyə və Gürcüstanla rəqabəti, turist axınının artırılması yollarını və Azərbaycanın milli-mədəni dəyərlərinin turizmdə daha geniş təbliği imkanlarını dəyərləndirib.

– Cabir bəy, 2026-cı ildə Azərbaycanda hotel biznesinin vəziyyətini necə qiymətləndirirsiniz? Hazırda hotelçilər üçün ən böyük problem nədir?

– 2026-cı ildə Azərbaycan hotel biznesində əvvəlki illə müqayisədə müəyyən kiçilmə müşahidə olunur. Bunun bir sıra səbəbləri var. Əsas səbəblərdən biri Hindistan və Pakistan arasında baş verən münaqişə, digəri isə Yaxın Şərqdə İsrail-İran və İran-ABŞ arasında yaranan hərbi qarşıdurmalardır. Bu hadisələr regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb və nəticədə turistlərin Azərbaycana səfərlərlə bağlı daha ehtiyatlı davranmasına səbəb olub.

Xüsusilə ilin ilk üç ayında turist axınında ciddi azalma müşahidə edildi və bu amilin il ərzində ümumi turizm göstəricilərinə təsir edəcəyi gözlənilir. Buna görə də 2026-cı ilin Azərbaycan turizmi üçün əvvəlki illərlə müqayisədə o qədər də ürəkaçan olmayacağını düşünürəm.

Təbii ki, hotelçilər də bu vəziyyətdən ciddi şəkildə təsirlənirlər. Hazırda ölkəyə əsasən hava yolu ilə gəlmək mümkündür. Hava nəqliyyatında büdcə reyslərinin sayının məhdud olması və quru sərhədlərin bağlı qalması Azərbaycana gələn turistlərin sayına mənfi təsir göstərir.

Ümid edirik ki, 2027-ci ildə quru yolların açılması ilə ətraf ölkələrdən Azərbaycana gələn turistlərin sayında ciddi artım olacaq. Bu isə həm Bakıda, həm də regionlarda hotellərin doluluq səviyyəsinə birbaşa müsbət təsir göstərə bilər.

– Azərbaycanda hotel qiymətlərinin yüksək olması çox müzakirə olunur. Sizcə, hotellər niyə bahadır? Qiymətləri aşağı salmaq mümkündürmü?

– Azərbaycanda hotel qiymətlərinin formalaşması birbaşa azad bazar prinsipləri ilə bağlıdır. Ölkədə fəaliyyət göstərən hotelləri şərti olaraq iki qrupa bölmək olar. Bir qrup sahibkarların öz mülkiyyətində olan hotellərdir. Digər və daha böyük qrup isə, təxminən 90 faizə yaxın hissə, icarəyə götürülərək fəaliyyət göstərən hotellərdir.

İcarə ilə fəaliyyət göstərən hotellər üçün bu xərc kifayət qədər böyük yükdür və nəticədə qiymətlərin aşağı salınması çətinləşir. Bununla yanaşı, ərzaq qiymətlərinin artması və ölkəyə gələn müştərilərin sayının azalması da hotel qiymətlərinə təsir edən əsas amillərdəndir.

Əgər bazarda tələbat yüksəkdirsə, hotellər arasında rəqabət artır və bu, qiymətlərdə müəyyən yumşalmaya səbəb ola bilər. Lakin hazırda həm Bakıda, həm də regionlarda müştəri sayının azalması hotellərin qiymət və xidmət siyasətinə təsir edir.

Hətta bu il həm paytaxtda, həm də regionlarda bir sıra hotellər fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bunun əsas səbəblərindən biri icarə haqlarını, vergilər və digər məcburi ödənişlər də daxil olmaqla, xərcləri qarşılamağın çətinləşməsidir. Nəticədə bəzi bizneslər bağlanıb, bəziləri fəaliyyətini kiçildib, digərləri isə mövsümi fəaliyyətə keçib.

– Hotel biznesində ən böyük xərclər hansılardır? Vergilər, kommunal xərclər, əməkhaqqı və digər xərclər hotelçinin qazancına necə təsir edir?

– Hotellər vergilərdən azad deyil. Kiçik hotellər müəyyən hallarda sadələşdirilmiş vergi sistemi ilə işləyə bilirlərsə, böyük hotellərin ƏDV ödəyicisi kimi fəaliyyət göstərməsi normal haldır. Bununla yanaşı, əməkhaqqı üzrə vergi və ödənişlər, kommunal xərclər, əməkhaqqı, ərzaq və digər məsrəflər hotelçilərin gəlirlərinə ciddi təsir göstərir.

Lakin hazırda əsas problem xərclərdən daha çox hotellərin doluluq səviyyəsinin aşağı olmasıdır. Doluluq aşağı olduqda gəlirlər azalır, gəlirlər azaldıqca isə xərcləri qarşılamaq çətinləşir. Bu vəziyyət bəzi hotelləri işçi sayını azaltmağa və yalnız əsas kadrları saxlamaqla fəaliyyətlərini davam etdirməyə məcbur edir.

Ona görə də əsas məsələ turist axınının və hotel doluluğunun artırılmasıdır. Əgər turistlərin sayı artarsa, gələcəkdə Azərbaycanda daha yüksək xidmət səviyyəsinə malik hotel və hostellərin sayının artacağını düşünürəm. Bu da turistlərin seçim imkanlarını genişləndirəcək və hotelçilik sektorunda rəqabətin, nəticə etibarilə xidmət keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.

– Azərbaycan turist cəlb etməkdə Türkiyə və Gürcüstanla rəqabət apara bilirmi? Daha çox turist, xüsusilə də daha çox pul xərcləyən turist cəlb etmək üçün nə etmək lazımdır?

– Azərbaycanın turist cəlb etmək baxımından Türkiyə və Gürcüstanla rəqabət aparması hazırda kifayət qədər çətindir. Türkiyə 1980-ci illərdən, xüsusilə Turqut Özalın dövründən etibarən turizmə və liberal bazar iqtisadiyyatına ciddi sərmayələr yatırıb. 1990-cı illərdən sonra isə hotelçilik sektoru daha sürətlə inkişaf edib və Türkiyə regionun aparıcı turizm ölkələrindən birinə çevrilib.

Türkiyənin əsas üstünlüklərindən biri xüsusilə turistik bölgələrdə “hər şey daxil” sisteminin geniş yayılmasıdır. Bundan başqa, ölkənin böyük əraziyə və zəngin tarixi-mədəni irsə malik olması, turizm məhsullarının uzun illər ərzində beynəlxalq bazarlarda tanıdılması Türkiyənin rəqabət qabiliyyətini artırıb. Türkiyə uzun illərdir Avropanın ən çox turist qəbul edən ölkələri sırasında yer alır.

Gürcüstan da son illərdə turizm sahəsində ciddi inkişaf edib. Xüsusilə Mixeil Saakaşvili dövründə Avropa ilə əlaqələrin genişləndirilməsi, Qara dəniz sahillərində mövcud olan kurort infrastrukturu və turizmə yatırılan investisiyalar ölkənin mövqeyini gücləndirib.

Azərbaycanın əsas problemlərindən biri isə turizm paketlərinin və səfərlərin Gürcüstanla müqayisədə daha baha olmasıdır. Turistlər, xüsusilə aşağı büdcəli səyahət edənlər, daha çox “low-cost” reyslərə üstünlük verirlər. Bu baxımdan Gürcüstan regionda daha əlçatan istiqamət kimi ön plana çıxır.

Görüşdüyümüz turistlərin əksəriyyəti də bildirir ki, Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycan daha bahalı turizm istiqamətidir. Bu amil isə turistlərin Azərbaycanı seçməsinə müəyyən qədər mane olur.

– Siz həm də “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin İdarə Heyətinin üzvüsünüz. Milli-mənəvi dəyərlərimizi qorumaqla müasir turizmi necə inkişaf etdirmək olar?

– Mən “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin İdarə Heyətinin üzvüyəm. Təşkilatımızın fəaliyyətində Azərbaycanın multikulturalizm siyasəti və azərbaycançılıq ideyası əsas istiqamətlərdən biridir. Biz bu dəyərlərin gənclər və cəmiyyət arasında təbliğinə xüsusi diqqət yetirir, bununla bağlı müxtəlif layihələr həyata keçiririk.

Son dövrdə regionlarda və Bakının müxtəlif ərazilərində azərbaycançılıq ideyası ilə bağlı layihələr və müzakirələr təşkil olunub və bu tədbirlər uğurla başa çatıb.

– Xarici turistlərə Azərbaycanı tanıtmaq üçün milli tariximizdən, mədəniyyətimizdən və adət-ənənələrimizdən necə istifadə etmək olar?

– Xarici turistlərə Azərbaycanı tanıtmaq üçün çoxsaylı imkanlardan istifadə etmək olar. İlk növbədə, vizual tanıtımın daha geniş şəkildə aparılmasına ehtiyac var. Azərbaycan Dövlət Turizm Agentliyi bu istiqamətdə müəyyən işlər görür və müxtəlif beynəlxalq sərgilərdə ölkənin turizm imkanlarını təqdim edir.

Lakin xarici ölkələrin turistik məkanlarında geniş yayılmış bir təcrübə var: turistlər üçün hazırlanmış bələdçi kitabçalar və mini səyahət bələdçiləri asanlıqla əldə olunur. Azərbaycanda isə belə bələdçi materiallarını tapmaq, xüsusilə də kiçik və orta həcmli turist kitabçalarını əldə etmək o qədər də asan deyil.

Bu səbəbdən müxtəlif dillərdə turist bələdçilərinin hazırlanması və daha geniş yayılması vacibdir. Belə materiallar ən azı 10-15 dildə hazırlanaraq turizm informasiya mərkəzlərində, İçərişəhərdə, kitab mağazalarında, suvenir satış məntəqələrində və turistlərin rahat görə biləcəyi digər yerlərdə yerləşdirilməlidir.

Bu kitabçalarda Azərbaycanın tarixi, mədəniyyəti, görməli yerləri, milli mətbəxi və digər turizm imkanları haqqında dolğun məlumat verilməlidir. Beləliklə, turistlər ölkəni daha rahat kəşf edə və səfərləri zamanı daha çox məkan haqqında məlumat əldə edə bilərlər.

– Sizcə, Azərbaycan hotellərində milli mətbəximiz, qonaqpərvərliyimiz və milli adət-ənənələrimiz turistlərə kifayət qədər düzgün təqdim olunurmu?

– Azərbaycanın milli mətbəxinin tanıdılması xüsusilə böyük yerli və beynəlxalq brend hotellərdə müəyyən səviyyədə həyata keçirilir. Hotellərin restoranlarında milli mətbəximizə aid yeməklər təqdim olunur və xarici turistlərə Azərbaycan mətbəxini dadmaq imkanı yaradılır.

Bundan əlavə, Bakıda milli mətbəxi təqdim edən çoxsaylı restoranlar fəaliyyət göstərir. Bu restoranlar Azərbaycanın turizm baxımından tanıdılmasında mühüm rol oynayır. Azərbaycana gələn turistlər də milli yeməklərimizi xüsusi qeyd edir və mətbəximizə maraq göstərirlər.

Lakin turistlərin düzgün istiqamətləndirilməsi də vacibdir. Bakı ilə regionlar arasında bu baxımdan müəyyən fərqlər var. Paytaxtda milli mətbəx təqdim edən məkanların çeşidliliyi daha geniş olsa da, regionlarda bu imkanlar nisbətən məhduddur.

Digər tərəfdən, qiymətlərin həddindən artıq yüksək olması turistlərin təəssüratına mənfi təsir göstərə bilər. Ona görə də milli mətbəxin turistlərə real və münasib qiymətlərlə təqdim olunmasına diqqət yetirmək lazımdır. Turist ölkədən müsbət təəssüratla ayrılmalıdır. Bu, Azərbaycanın xaricdə tanıdılmasına və ümumilikdə ölkənin turizm potensialının inkişafına birbaşa təsir göstərən amillərdən biridir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti