İsa Qasımov: TEI Forum startaplarla sahibkarlar arasında yeni əməkdaşlıq imkanları yaradıb

Mətn Ölçüsü

TEI Forum 2026 startapların investorlarla görüşməsi, layihələrini təqdim etməsi və sahibkarlarla yeni tərəfdaşlıqlar qurması üçün imkanlar yaradıb. Forumun “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Bakının innovasiya ekosisteminə yeni dinamika qazandırdığını bildirib.

PostNews xəbər verir ki, bunu Bakıda keçirilən TEI Forum 2026 (Trade, Export & Innovation Forum) çərçivəsində açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov deyib.

TEI Forum startaplarla biznes nümayəndələrini bir araya gətirib

İsa Qasımovun sözlərinə görə, forum təkcə Azərbaycanda deyil, bütövlükdə regionun innovasiya ekosistemində yeni dinamika yaradıb.

O qeyd edib ki, qərarvericilərin, biznes nümayəndələrinin, sahibkarların və şirkətlər üçün yeni həll yolları təklif edən startapların eyni platformada bir araya gəlməsi mühüm əhəmiyyət daşıyır.

“Şirkətlər rəqabətə davam gətirmək üçün innovasiyalara üstünlük verməlidirlər. Bu prosesdə startaplarla əməkdaşlıq xüsusi rol oynayır. Forum çərçivəsində startapların investorlarla görüşməsi, layihələrin təqdim olunması, eləcə də yerli, regional və qlobal ekspertlərlə müzakirələrin aparılması yeni əməkdaşlıq imkanları yaradır”, – deyə İ.Qasımov bildirib.

B2B görüşlər gələcək tərəfdaşlıqlar üçün zəmin yaradır

Portal rəhbəri vurğulayıb ki, bu cür təşəbbüslər Bakının innovasiya ekosistemi üçün yeni başlanğıc hesab oluna bilər və gələcəkdə oxşar proqramlarla davam etdirilməlidir.

Onun fikrincə, forum çərçivəsində keçirilən B2B görüşlər və startaplarla qurulan tərəfdaşlıqların nəticələri gələcəkdə bazarın inkişafına da töhfə verəcək.

İ.Qasımovun sözlərinə görə, startaplarla sahibkarlar arasında əməkdaşlığın genişlənməsi şirkətlərin innovativ həllərdən istifadə etməsinə, yeni biznes imkanlarının yaranmasına və regional innovasiya əlaqələrinin inkişafına şərait yarada bilər.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri