Türk dövlətləri arasında ticarətdə yeni mərhələ: Ortaq elektron platforma yaradılması istiqamətində iş aparılır

Mətn Ölçüsü

Azərbaycan, Türkiyə, Qazaxıstan və digər türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı, sahibkarların qarşılaşdıqları maneələrin aradan qaldırılması və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində yeni təşəbbüslər həyata keçirilir. Əsas istiqamətlərdən biri ölkələr arasında ticarəti asanlaşdıracaq ortaq elektron platformanın yaradılmasıdır.

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov PostNews-a açıqlamasında bildirib.

Oktyabrın 22-də Bakıda təşkil olunan “TABA-AmCham Eurasia Investment & Networking Summit 2026” beynəlxalq sammitində iştirak edən ASK-nın vitse-prezidenti Orta Dəhlizin inkişaf perspektivləri, regional iqtisadi əməkdaşlıq və türk dövlətləri arasında ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Vüqar Zeynalov: Orta Dəhliz strateji əhəmiyyət daşıyır

Vüqar Zeynalovun sözlərinə görə, Orta Dəhliz təkcə beynəlxalq nəqliyyat marşrutu deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm imkanlar yaradan istiqamətdir.

“Orta Dəhliz prioritet məsələlərdən biridir. Bu dəhliz Mərkəzi Asiyanın Avropaya birləşdirilməsində xüsusi rol oynayır. Azərbaycan sahibkarlarının burada iştirakı olduqca vacibdir. Əsas məqsədlərdən biri ticarətin asanlaşdırılması, gömrük maneələrinin aradan qaldırılması və logistika xərclərinin azaldılmasıdır. Bu istiqamətdə sahibkarların qarşılıqlı əməkdaşlığının gücləndirilməsi və mövcud problemlərin həlli üzərində çalışırıq”, – deyə o bildirib.

ASK-nın vitse-prezidenti hesab edir ki, regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün sahibkarlar arasında birbaşa əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, ticarət prosesində qarşıya çıxan inzibati və logistika çətinliklərinin həlli də mühüm əhəmiyyət daşıyır.

Türk dövlətləri arasında rəqəmsal ticarət əməkdaşlığı genişləndirilir

Vüqar Zeynalov bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Türk Ticarət və Sənaye Palataları Birliyi çərçivəsində ölkə sahibkarlarının maraqlarını təmsil edir və regional biznes əlaqələrinin inkişafına dəstək göstərir.

Onun sözlərinə görə, türk dövlətləri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi məqsədilə rəqəmsal alətlərin tətbiqi də diqqət mərkəzindədir.

“Azərbaycan sahibkarlarının türk dövlətlərində təmsil olunması və onların iqtisadi əlaqələrinin inkişafı üçün çalışırıq. Türk Ticarət və Sənaye Palataları Birliyi çərçivəsində sahibkarların qarşılaşdıqları çətinlikləri gündəmə gətirir, maneələrin aradan qaldırılmasına çalışırıq. Eyni zamanda, rəqəmsallaşdırma alətlərinin inkişaf etdirilməsi, türk dövlətləri arasında ortaq elektron platformanın yaradılması istiqamətində fəaliyyət göstəririk. Bu sahədə artıq müəyyən addımlar atılıb və nəticələr var”, – deyə Vüqar Zeynalov vurğulayıb.

Azərbaycan, Türkiyə və Qazaxıstan arasında ticarətin inkişafı diqqət mərkəzindədir

ASK-nın vitse-prezidenti bildirib ki, türk dövlətləri arasında ticarət dövriyyəsinin artırılması və sahibkarlar üçün daha əlverişli əməkdaşlıq mühitinin yaradılması əsas prioritetlərdəndir.

“Biz türk dövlətləri arasında ticarətin daha rahat həyata keçirilməsinə çalışırıq. Burada əsas məsələlər gömrük maneələrinin azaldılması, logistika xərclərinin aşağı salınması və sahibkarların bir-biri ilə əlaqələrinin gücləndirilməsidir. Azərbaycan, Türkiyə, Qazaxıstan və digər türk dövlətləri arasında bu istiqamətdə mütəmadi fəaliyyət göstəririk”, – deyə o qeyd edib.

Vüqar Zeynalov əlavə edib ki, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və ticarət prosedurlarının asanlaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Bakıda beynəlxalq investisiya və biznes əməkdaşlığı müzakirə olunub

Qeyd edək ki, oktyabrın 22-də Bakının “Radisson Hotel Baku” mehmanxanasında “TABA-AmCham Eurasia Investment & Networking Summit 2026” beynəlxalq sammiti təşkil olunub.

“Connecting Investments, Building the Future” şüarı altında keçirilən tədbir Azərbaycan, Türkiyə və ABŞ arasında iqtisadi əməkdaşlığın inkişafına, yeni investisiya imkanlarının müəyyənləşdirilməsinə və beynəlxalq biznes əlaqələrinin genişləndirilməsinə həsr edilib.

Sammitin gündəliyində enerji, logistika, texnologiya, rəqəmsal transformasiya, beynəlxalq ticarət və strateji investisiyalar kimi istiqamətlər yer alıb.

Tədbir çərçivəsində Xəzər regionunun beynəlxalq ticarətdə rolu, regional nəqliyyat dəhlizlərinin inkişafı və sahibkarlar arasında yeni tərəfdaşlıq imkanları da müzakirə mövzuları olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri