PostNews – Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2025-ci ilin yekunlarını açıqlayıb.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, 2025-ci ildə bir nəfərə düşən sığorta məbləği 262 AZN təşkil edib. Bu göstərici 2024-cü ildəki 195 AZN ilə müqayisədə artım deməkdir.
Ötən il İTS haqqı ödənilən əhali sayı 2 263 437 nəfər olub. İşəgötürən, işçi və fiziki şəxslər tərəfindən ödənilən sığorta haqqı 705 173 092 manat, göstərilən tibbi xidmətlərin dəyəri isə 306 milyon manatdan çox təşkil edib.
Zaur Əliyev əlavə edib ki, sığorta xidmətləri arasında ginekoloji müayinələr, radioloji müayinələr və ümumi həkim müayinəsi üstünlük təşkil edib.
Agentlik bildirib ki, İTS sisteminin inkişafı əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırmaq və tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədini daşıyır.
