PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
PostNews – Azərbaycanda xarici dil və xaricdə təhsil xidmətlərinə tələbat dəyişir: ingilis dili ilə yanaşı Çin və Koreya dillərinə, xaricdə təhsil üçün isə Kanada, ABŞ, Çin və Koreya universitetlərinə maraq artır.
“World” Təhsil və İnkişaf platformasının rəhbəri Aygün Məmmədli Fins.az-a müsahibəsində kurs seçimində tədrisin nəticələrinə diqqət yetirilməsinin vacibliyindən, xaricdə təhsilin ailələr üçün yaratdığı əlavə xərclərdən, Bakıda keçirilən “TəhsildəSƏN” forumlarından və Qarabağda müəllimlərin cəlbinə yönələn “VətəndəSƏN” layihəsindən danışıb. O, həmçinin qadınların inkişafına həsr olunan “XoşBəxtSən” və “YeniSƏN” təşəbbüsləri, eləcə də “ÖyrədənSƏN” podkastı barədə məlumat verib.

– Azərbaycanda xarici dil və xaricdə təhsil xidmətlərinə tələbat necə dəyişib? Bu gün müraciət edənlərin əsas ehtiyacı nədir?
– Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil xidmətlərində də sürətli inkişaf gedir. Xarici dil öyrənmək istəyənlər indi daha məqsədyönlüdürlər və seçimləri barədə daha çox məlumata sahibdirlər. Əvvəllər əsasən ingilis dilini bilmək aktual idisə, indi Çin və Koreya dillərinə də daha çox üstünlük verilir.
Xaricdə təhsil istiqamətində də seçimlər dəyişib. Əvvəlki illərdə Türkiyə və Avropa ölkələrinə üstünlük verilirdi. İndi isə yaşayış xərcləri, tələbələr üçün perspektivli mühit və iş imkanları nəzərə alınaraq Kanada, ABŞ, Çin və Koreya universitetlərinə müraciətlər artır.

– Xarici dil kurslarının çox olduğu bazarda tələbə tədrisin keyfiyyətini və əldə edəcəyi nəticəni necə qiymətləndirə bilər?
– Xarici dil kurslarının fəaliyyətini bazar şəraiti tənzimləyir. Bizim müşahidəmizə görə, bir il ərzində 300–500 yeni kurs açıldığı halda, təxminən eyni sayda kurs da fəaliyyətini dayandırır. Belə bir şəraitdə tələbə və valideynlər mərkəzin neçə ildir bazarda olmasına, fəaliyyətini davamlı inkişaf etdirib-etdirməməsinə və əldə etdiyi nəticələrə baxmalıdırlar.
– Xaricdə təhsil almaq istəyən gənclər ölkə və ixtisas seçərkən ən çox hansı səhvlərə yol verirlər? Ailələr hansı xərcləri əvvəlcədən hesablamalıdır?
– Təəssüf ki, bəzi qeyri-peşəkar təhsil mərkəzlərinin verdiyi məlumatlar xaricdə təhsil barədə yanlış təsəvvür formalaşdırıb. Bəzi valideynlər və tələbələr düşünürlər ki, xərclər universitetin illik təhsil haqqı və mərkəzin xidmət haqqı ilə bitir.
Halbuki tələbənin aylıq kirayə, nəqliyyat və qida xərcləri, həmçinin ildə iki dəfə vətənə gəlib-getməsi də büdcədə mühüm yer tutur. Bu xərclər təhsil haqqı qədər əhəmiyyətli ola bilər. Ona görə də xaricdə təhsil üçün ölkə və ixtisas seçməzdən əvvəl bütün xərcləri hesablamaq, eləcə də mütəxəssis rəyi almaq vacibdir.

– “TəhsildəSƏN” tədbirlərində müəllimlərin ən çox qaldırdığı məsələlər hansılardır və müzakirələr hansı praktik nəticələri verib?
– 2022 və 2025-ci illərdə Bakıda beş dəfə “TəhsildəSƏN” təhsil forumu keçirmişik. Məqsədimiz təhsil sahəsində fəaliyyət göstərən rəsmi qurumların nümayəndələrini, özəl təhsil müəssisələrinin rəhbərlərini, müəllimləri və digər pedaqoji heyəti bir araya gətirmək olub. Biz bunu ölkədə həmin tərəfləri birləşdirən ilk belə təşəbbüs kimi qiymətləndiririk.
Forumlarda Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil Tələbə Krediti Fondu (TTKF), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Dövlət İmtahan Mərkəzi (DİM), KOBİA və digər qurumların nümayəndələri iştirak ediblər. Təhsil gündəmində olan mövzular müzakirə olunub, iştirakçılar bir-birinin təcrübəsindən yararlanıblar. Nəticədə yeni əməkdaşlıqlar və layihələr ortaya çıxıb.
İndiyədək forumlarda inklüziv təhsil, peşə seçimi, imtahanlara hazırlıq, müəllimin şəxsi inkişafı, müəllim–valideyn–şagird münasibətləri, disleksiya, autizm, xarici dil fənlərinin tədrisi, sinfin idarə olunması, yeniyetmə psixologiyası və emosional intellekt kimi mövzular müzakirə edilib.

– “VətəndəSƏN” layihəsi zamanı Qarabağda hansı təhsil ehtiyaclarını müşahidə etmisiniz və davamlı dəstək üçün nə lazımdır?
– “VətəndəSƏN” təhsil layihəsinin əsas məqsədi Qarabağın dirçəlməsində təhsilin rolunu vurğulamaq və müəllimlərin cəmiyyətin inkişafına verdiyi töhfəni dəstəkləməkdir. Qarabağın müxtəlif ərazilərində yenidənqurma işləri aparılır. İnfrastrukturla yanaşı, orada işləyəcək əməkdaşlara və müxtəlif sahələr üzrə mütəxəssislərə də ehtiyac var.
Mütəxəssislərin yetişdirilməsi bağçadan başlayıb universitetə qədər davam edən bir prosesdir və müəllimlər bu prosesdə mühüm rol oynayırlar. Forumları keçirməkdə məqsədimiz müəllimlərin Qarabağda yeni açılan təhsil müəssisələrinə cəlb edilməsinə kömək etmək, həmçinin bölgədə həyata keçiriləcək təhsil layihələrində dövlət və özəl sektor arasında tərəfdaşlığa şərait yaratmaqdır.
– “XoşBəxtSən”, “YeniSƏN” və “ÖyrədənSƏN” layihələri iştirakçılara nə qazandırır? Onların təsirini necə qiymətləndirirsiniz?
– Təhsil müəssisəsi olaraq əsas işimiz maarifləndirmədir. Fəaliyyətimizin bir hissəsini qadınların maarifləndirilməsinə yönələn layihələr təşkil edir. “XoşBəxtSən” və “YeniSƏN” layihələrində öz sahəsində təcrübə qazanmış spikerlər iştirakçı qadınlarla biliklərini bölüşür, onları motivasiya edir və əvvəl məlumatlı olmadıqları sahələrlə tanış edirlər.
İnanırıq ki, hər bir iştirakçı tədbirdən ən azı bir yeni fikir və ya məlumatla ayrılır. Bu görüşlər yeni tanışlıqlar qurmağa, ortaq layihələr üçün tərəfdaş tapmağa və şəxsi inkişaf mühiti yaratmağa imkan verir. Forumların iştirakçı qadınların gələcək inkişaf istiqamətini seçməsinə müsbət təsir göstərdiyini düşünürük.
Ən son layihəmiz YouTube platformasında yayımlanan “ÖyrədənSƏN” podkastıdır. Hər həftə ölkədə müxtəlif sahələrdə bilik və təcrübəsini başqalarına öyrədən şəxsləri qonaq çağırır, onların tədris etdiyi mövzular haqqında suallar veririk. Beləliklə, dinləyicilər mövzunun detallarını həmin sahənin mütəxəssisindən öyrənirlər.
Podkast daim öyrənmək, inkişaf etmək və özünü gələcəyə hazırlamaq istəyən hər kəs, o cümlədən xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutulub. Mövzular müxtəlif sahələri əhatə edir. Məqsədimiz izləyicilərə yeni və faydalı məlumat çatdırmaq, onların öyrənməsi və inkişafı üçün imkanları genişləndirməkdir.


