Yapon investorlar Azərbaycana 3,5 milyon dollar sərmayə yatırıblar – Daha 11 milyon dollar gözlənilir

Mətn Ölçüsü

Yaponiyalı investorların iştirakı ilə Azərbaycanda yeni müəssisələr yaradılıb və ilkin mərhələdə ölkəyə 3,5 milyon ABŞ dolları investisiya cəlb edilib. 2026-cı ilin sonunadək həmin müəssisələrə əlavə 11 milyon dollar sərmayə yatırılması planlaşdırılır. Bununla da ümumi investisiya məbləği 14,5 milyon dollara çata bilər.

Bu barədə “Made in Turan” şirkətinin Direktorlar Şurasının üzvü və Yaponiya–Azərbaycan biznes konsulu Camid Mövsümov PostNews-a açıqlamasında bildirib.

Oktyabrın 18–19-da Bakıda keçirilən “THE JAPAN ESSENCE GLOBAL EXPO 2026” beynəlxalq biznes sərgisi və forumunun nəticələrini dəyərləndirən C.Mövsümov Yaponiya ilə Azərbaycan arasında investisiya, kənd təsərrüfatı, inşaat, logistika və təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu açıqlayıb.

Onun sözlərinə görə, “Made in Turan”ın təşkilatçılığı ilə keçirilən ikigünlük forumda 45 Yaponiya şirkəti təmsil olunub, Azərbaycan tərəfdən iştirakçıların sayı isə 1500 nəfəri ötüb.

“Əsas məqsədimiz Yaponiya və Azərbaycan şirkətləri arasında birbaşa biznes əlaqələri yaratmaq, birgə istehsal müəssisələrinin qurulmasına dəstək vermək, yapon investorları Azərbaycana cəlb etmək və Azərbaycan məhsullarının Yaponiya bazarına çıxışına şərait yaratmaqdır. Forum çərçivəsində əldə etdiyimiz nəticələr gözləntilərimizi doğruldub”, – deyə C.Mövsümov bildirib.

“İlin sonunadək Azərbaycana əlavə 11 milyon dollar investisiya yatırılacaq”

Camid Mövsümov bildirib ki, yapon investorların iştirakı ilə Azərbaycanda artıq bir sıra müəssisələr yaradılıb və həmin şirkətlər fəaliyyətə başlayıblar.

Onun sözlərinə görə, investisiyaların əsas istiqamətlərindən biri kənd təsərrüfatıdır.

“Yapon investorların iştirakı ilə Azərbaycanda yerli şirkətlər və məhdud məsuliyyətli cəmiyyətlər yaradılıb. Bu müəssisələr artıq aktiv fəaliyyət göstərirlər. Onların təsisçiləri və əsas pay sahibləri arasında Yaponiya şirkətləri və investorları var. Ötən ay ilkin mərhələdə Azərbaycana 3,5 milyon dollar investisiya cəlb etmişik. İlin sonunadək isə həmin şirkətlərə əlavə 11 milyon dollar sərmayə yatırılması planlaşdırılır”, – deyə o açıqlayıb.

C.Mövsümov qeyd edib ki, sərmayələrin cəlb edilməsi ilə yanaşı, yeni istehsal və kənd təsərrüfatı layihələrinin inkişaf etdirilməsi də nəzərdə tutulur.

Azərbaycanda yapon üzüm sortları yetişdiriləcək

“Made in Turan” rəsmisinin sözlərinə görə, Yaponiya investorları Azərbaycanda üzümçülük, qarğıdalı, çay və tütün istehsalı sahələrinə maraq göstərirlər.

Bu istiqamətdə artıq müəyyən razılaşmalar əldə olunub və kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi üçün torpaq sahələri ayrılıb və ya əldə edilib.

“Yaponiya mənşəli üzüm sortlarının Azərbaycanda becərilməsi ilə bağlı ilkin razılığımız var. Bununla yanaşı, qarğıdalı və çay əkinlərinin təşkili, tütünçülüyün inkişafı istiqamətində də layihələr nəzərdə tutmuşuq. Bu məqsədlə böyük torpaq sahələri əldə olunub. Məqsədimiz yapon investorların iştirakı ilə Azərbaycanda kənd təsərrüfatı istehsalını genişləndirməkdir”, – deyə C.Mövsümov vurğulayıb.

Onun sözlərinə görə, yeni layihələr çərçivəsində Yaponiya şirkətləri ilə yerli sahibkarlar arasında birgə fəaliyyət imkanlarının genişləndirilməsi hədəflənir.

Yaponiyadan Azərbaycana inşaat texnikaları gətiriləcək

Camid Mövsümov forum çərçivəsində inşaat sektoru üzrə də yeni kommersiya razılaşmasının əldə olunduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanın elektron kommersiya sahəsində fəaliyyət göstərən şirkətlərindən biri ilə Yaponiyadan inşaat texnikalarının gətirilməsi barədə saziş imzalanıb.

“Azərbaycanın elektron kommersiya şirkətlərindən biri ilə xüsusi saziş imzalamışıq. Razılaşmaya əsasən, 2027-ci ilin yanvar ayından etibarən Yaponiyadan gətiriləcək inşaat texnikaları həmin şirkət vasitəsilə Azərbaycan bazarına təqdim ediləcək və istismara veriləcək. Bu əməkdaşlığın yerli tikinti sektorunda yeni imkanlar yaradacağını düşünürük”, – deyə o bildirib.

Şirkət nümayəndəsi idxal ediləcək texnikaların sayı, ümumi dəyəri və istehsalçıları barədə konkret məlumat açıqlamayıb.

Xankəndidə yapon məktəbi yaradılması planlaşdırılır

Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın təhsil sahəsini də əhatə edəcəyini bildirən C.Mövsümov Xankəndi şəhərində yapon məktəbinin yaradılması təşəbbüsünü açıqlayıb.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi istiqamətində ilkin razılıq əldə olunub.

“Təhsil sahəsində də xüsusi layihəmiz var. Xankəndidə yapon məktəbinin yaradılmasını planlaşdırırıq. Bununla bağlı ilkin razılıq əldə etmişik. Məqsədimiz Yaponiya təhsil təcrübəsinin Azərbaycanda tətbiqinə və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verməkdir”, – deyə o qeyd edib.

Məktəbin yaradılacağı ərazi, tədris proqramı, maliyyələşmə mənbələri və fəaliyyətə başlama tarixi barədə hələlik əlavə məlumat verilməyib.

Şərqi Zəngəzurda logistika və anbar infrastrukturu qurula bilər

“Made in Turan” rəsmisi Yaponiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialına da maraq göstərdiklərini bildirib.

Onun sözlərinə görə, forumda iştirak edən yapon şirkətlərindən biri Şərqi Zəngəzurda logistika, gömrük əməliyyatları və anbar infrastrukturunun yaradılması imkanlarını araşdırır.

“Yapon investorların diqqətini Qarabağ və Şərqi Zəngəzurun iqtisadi imkanlarına yönəltməyə çalışırıq. Forumda iştirak edən şirkətlərdən biri Şərqi Zəngəzurun beynəlxalq nəqliyyat və ticarət marşrutları baxımından mövqeyini nəzərə alaraq burada logistika, gömrük və anbar infrastrukturunun yaradılmasına maraq göstərir. Hazırda bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə olunur”, – deyə C.Mövsümov bildirib.

O qeyd edib ki, bu cür təşəbbüslər regionun iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli ola bilər.

“Gələn il Bakıya 150 Yaponiya şirkəti gətirməyi planlaşdırırıq”

Camid Mövsümov bildirib ki, Bakıda keçirilən beynəlxalq biznes forumunun növbəti illərdə daha geniş miqyasda təşkil edilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, 2025-ci ildə Yaponiyada keçirilən iki biznes tədbirində Azərbaycanın investisiya potensialı yerli sahibkarlara təqdim olunub.

“Ötən il Yaponiyada iki sərgi təşkil etdik. Onlardan birində 120, digərində isə 500 yapon sahibkar iştirak etdi. Həmin tədbirlərdə Azərbaycanın investisiya imkanlarını təqdim etdik. Nəticədə bu il Bakıya 45 Yaponiya şirkətini gətirdik. Gələn il isə Bakı Ekspo Mərkəzində 150 Yaponiya şirkətinin iştirakı ilə daha böyük sərgi keçirməyi planlaşdırırıq”, – deyə o açıqlayıb.

C.Mövsümov əlavə edib ki, əsas məqsəd Azərbaycan və Yaponiya arasında biznes forumunu ənənəvi tədbirə çevirmək və iki ölkənin sahibkarları üçün davamlı əməkdaşlıq platforması formalaşdırmaqdır.

Türkiyə və Almaniya şirkətləri də əməkdaşlığa cəlb olunur

“Made in Turan” rəsmisi bildirib ki, forumda Yaponiya və Azərbaycanla yanaşı, Türkiyə və Almaniyanın biznes nümayəndələri də iştirak ediblər.

Onun sözlərinə görə, Türkiyənin Tokat bölgəsindən gələn iş adamları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

“Tokatdan gələn iş adamlarının iştirakı ilə Azərbaycan, Yaponiya və Türkiyə arasında yeni biznes əlaqələri qurmağı hədəfləyirik. Almaniyadan olan şirkət nümayəndələrinin iştirakı isə Azərbaycan, Almaniya və Türkiyə arasında ticarət əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yaradır”, – deyə o vurğulayıb.

Yapon investisiyaları üçün yeni biznes platforması yaradılacaq

Camid Mövsümov “Made in Turan”ın gələcək fəaliyyət strategiyası barədə də məlumat verib.

O bildirib ki, şirkətin əsas hədəfi türk dövlətlərinin məhsul və brendlərinin beynəlxalq bazarlarda tanıdılması, həmin ölkələrə xarici investisiyaların cəlb edilməsi və yeni iqtisadi tərəfdaşlıqların qurulmasıdır.

“Bizim əsas strategiyamız türk dövlətlərinin brendlərini dünya bazarlarına çıxarmaq və bu ölkələrə investorlar cəlb etməkdir. Bakıda keçirdiyimiz forum həmin strategiyanın həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir”, – deyə o bildirib.

C.Mövsümovun sözlərinə görə, forum çərçivəsində yeni biznes və investisiya platformasının yaradılması təşəbbüsü də elan olunub.

“Yeni qurum vasitəsilə investisiya mühitinin formalaşdırılmasını hədəfləyirik. Məqsədimiz Yaponiyadan cəlb olunacaq sərmayələrin bu platforma üzərindən müxtəlif şirkətlərə və layihələrə yönəldilməsini təşkil etməkdir”, – deyə o fikrini tamamlayıb.

Qeyd edək ki, 18–19 oktyabr 2026-cı il tarixlərində “Baku Marriott Hotel Boulevard”da keçirilən “THE JAPAN ESSENCE GLOBAL EXPO 2026” beynəlxalq biznes sərgisi və forumu Azərbaycan, Yaponiya, Türkiyə və Almaniyadan olan biznes nümayəndələrini bir araya gətirib.

Tədbirdə investisiya, kənd təsərrüfatı, sənaye, inşaat, logistika, texnologiya, təhsil və digər sahələr üzrə yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Sərginin Azərbaycan üzrə rəsmi nümayəndəsi “Made in Turan” şirkəti olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri