TÜİB Türkiyəli investorların Azərbaycana cəlb olunması istiqamətində fəaliyyətini genişləndirir

Mətn Ölçüsü

Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Azərbaycana yeni investorların cəlb olunması, yerli və xarici şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də sahibkarlarla dövlət qurumları arasında birbaşa əlaqələrin qurulması istiqamətində yeni imkanları dəyərləndirir.

Bu barədə TÜİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Nərgiz İsayeva PostNews-a açıqlamasında bildirib.

O, oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər İnşaat Həftəsi 2026” çərçivəsində birliyin beynəlxalq sərgilərdə iştirakının məqsədlərindən, investisiya təşviqi istiqamətində fəaliyyətindən və qarşıdakı layihələrindən danışıb.

TÜİB yeni şirkətlərlə əməkdaşlıq imkanlarını genişləndirir

Nərgiz İsayevanın sözlərinə görə, TÜİB beynəlxalq sərgilərdə iştirak etməklə üzv şirkətlərin tanıdılmasına, onların yeni biznes tərəfdaşları ilə əlaqələrinin qurulmasına və birliyin üzvlük bazasının genişləndirilməsinə çalışır.

“Biz mütəmadi olaraq beynəlxalq sərgilərdə təmsil olunuruq. Təşkilatçılar hər dəfə bizə ayrıca yer ayırırlar və buna görə onlara təşəkkür edirik. Əsas məqsədimiz TÜİB-ə üzv olan, xüsusilə də sərginin istiqamətlərinə uyğun sahələrdə fəaliyyət göstərən şirkətləri ziyarətçilərə və digər iştirakçılara təqdim etməkdir. Bununla yanaşı, yeni şirkətlərlə əməkdaşlıq əlaqələri qurmaq və TÜİB ailəsini genişləndirmək istəyirik. Ümid edirik ki, bu əməkdaşlıq növbəti illərdə də davam edəcək”, – deyə o bildirib.

TÜİB rəsmisi qeyd edib ki, bu cür tədbirlər iş adamlarının bir araya gəlməsi, qarşılıqlı təcrübə mübadiləsi və potensial tərəfdaşlıqların formalaşması baxımından əhəmiyyətlidir.

Sahibkarlarla dövlət qurumları arasında birbaşa dialoq qurulur

Birliyin fəaliyyətində mühüm istiqamətlərdən biri də özəl sektorla dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsidir.

Nərgiz İsayeva bildirib ki, TÜİB-in həyata keçirdiyi “Açıq Dialoq Platforması” çərçivəsində sahibkarların dövlət qurumlarının nümayəndələri ilə görüşləri təşkil olunur.

“Bizim ‘Açıq Dialoq Platforması’ adlı layihəmiz var. Bu layihə vasitəsilə dövlət qurumları ilə görüşlər təşkil edir, üzv şirkətlərimizin həmin qurumların nümayəndələri ilə birbaşa ünsiyyət qurmasına şərait yaradırıq. Çalışırıq ki, dövlətlə özəl sektor arasında vasitəçi rolunu oynayaq, sahibkarları maraqlandıran məsələlərin müzakirəsinə və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək verək”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, belə görüşlər işgüzar mühitdə qarşılıqlı anlaşmanın gücləndirilməsinə və sahibkarların müvafiq dövlət qurumları ilə əlaqələrinin inkişafına xidmət edir.

Türkiyəli investorların Azərbaycana marağının artırılması hədəflənir

Nərgiz İsayeva Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, həmçinin Azərbaycanın investisiya imkanları ilə bağlı sualı cavablandırarkən bildirib ki, TÜİB-in əsas fəaliyyət istiqamətlərindən biri Türkiyəli iş adamlarının ölkəyə cəlb olunmasına dəstək göstərməkdir.

“Bildiyiniz kimi, biz Türkiyə ilə Azərbaycan arasında körpü rolunu oynayırıq. Məqsədimiz iki ölkə arasında iqtisadi və işgüzar əlaqələri inkişaf etdirmək, Türkiyəli investorların Azərbaycana cəlb olunmasına töhfə verməkdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdirir, iş adamlarının ölkəmizdəki investisiya imkanları ilə yaxından tanış olmasına çalışırıq”, – deyə TÜİB nümayəndəsi bildirib.

O əlavə edib ki, potensial investorların Azərbaycanda yaradılmış biznes imkanları, dövlət dəstəyi mexanizmləri və iqtisadi təşviqlər barədə məlumatlandırılması da birliyin diqqət mərkəzindədir.

“İqtisadi Zonaların İnkişafı Agentliyi ilə əməkdaşlığımız mövcuddur. Agentliyin investorlar üçün təqdim etdiyi imkanlar, güzəştlər və təşviq mexanizmləri haqqında məlumatları iş adamlarına çatdırmağa çalışırıq. İstəyirik ki, investorlar Azərbaycanda mövcud olan imkanları daha yaxından tanısınlar və ölkəmizə investisiya yatırmaq perspektivlərini dəyərləndirsinlər”, – deyə Nərgiz İsayeva qeyd edib.

TÜİB 10 illik yubileyinə hazırlaşır

Birliyin qarşıdakı planlarından danışan Nərgiz İsayeva bildirib ki, təşkilat 2026-cı ilin dekabrında fəaliyyətinin 10 illiyini qeyd etməyə hazırlaşır.

“Bu ilin dekabr ayında TÜİB-in 10 illik yubileyi olacaq. Hazırda həmin əlamətdar tarixə hazırlıq işləri aparırıq”, – deyə o əlavə edib.

Xəzər İnşaat Həftəsində Qarabağın bərpası və investisiya imkanları müzakirə olunub

Qeyd edək ki, oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər İnşaat Həftəsi 2026” çərçivəsində dörd beynəlxalq sərgi – “BakuBuild”, “Rebuild Garabagh”, “Aquatherm Baku” və “Plastex Caspian” təşkil edilib.

200-dən çox şirkətin iştirakının əvvəlcədən təsdiqləndiyi beynəlxalq tədbirdə tikinti sənayesi, mühəndislik, istehsal, infrastruktur və Qarabağda aparılan bərpa-quruculuq işləri ilə bağlı layihələr təqdim olunub.

Sərgilər çərçivəsində yerli və xarici şirkətlər arasında yeni biznes əlaqələrinin qurulması, investisiya imkanlarının qiymətləndirilməsi və sənaye sahəsində əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına, sahibkarların qarşılıqlı əməkdaşlığının genişləndirilməsinə, investisiyaların təşviqinə və üzv şirkətlərin biznes imkanlarının artırılmasına dəstək göstərən ictimai təşkilatdır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri