Bakıda Azərbaycan, Türkiyə və ABŞ arasında investisiya imkanları müzakirə olunacaq

Mətn Ölçüsü

Oktyabrın 22-də Bakıda Azərbaycan, Türkiyə və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq investisiya imkanları və yeni ticarət tərəfdaşlıqlarının inkişafına həsr olunan “TABA-AmCham Eurasia Investment & Networking Summit 2026” beynəlxalq sammiti keçiriləcək.

PostNews xəbər verir ki, tədbir Türkiyə–Amerika İş Adamları Dərnəyi – Amerika Ticarət Palatasının (TABA-AmCham) təşkilatçılığı ilə saat 09:00-dan 14:00-dək “Radisson Hotel Baku”da baş tutacaq.

“Connecting Investments, Building the Future” (“İnvestisiyaları birləşdiririk, gələcəyi qururuq”) şüarı və “Caspian Bridge Summit” konsepsiyası ilə təşkil olunan sammitdə dövlət qurumlarının nümayəndələri, diplomatlar, iş adamları, investorlar və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət rəhbərləri iştirak edəcəklər.

Sammitdə hansı investisiya və əməkdaşlıq imkanları müzakirə olunacaq?

Tədbirin əsas məqsədi Azərbaycan, Türkiyə və ABŞ arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiyaların artırılması və Avrasiya regionunda yeni biznes tərəfdaşlıqlarının qurulmasıdır.

Sammitin gündəliyində enerji, müdafiə sənayesi, aviasiya, texnologiya, logistika, rəqəmsal transformasiya və strateji investisiyalar xüsusi yer tutacaq.

Müzakirələr zamanı Xəzər regionunun beynəlxalq ticarət və investisiya şəbəkələrindəki mövqeyi, regional nəqliyyat dəhlizlərinin iqtisadi əhəmiyyəti və qlobal bazarlara çıxış imkanları da nəzərdən keçiriləcək.

Tədbir TABA-AmCham-ın Azərbaycan/Bakı nümayəndəliyinin ev sahibliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlığı, Azərbaycan İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə təşkil olunur.

Azərbaycan və Türkiyənin dövlət rəsmiləri sammitdə çıxış edəcəklər

Sammitin açılışında TABA-AmCham-ın Azərbaycan/Bakı nümayəndəsi Qızılı Seyidovanın iştirakçıları salamlaması nəzərdə tutulur.

Təşkilatçıların təqdim etdiyi proqrama əsasən, açılış mərasimində aşağıdakı şəxslərin çıxışları planlaşdırılır:

  • TABA-AmCham-ın baş sədri Süleyman Ecevit Sanlı;

  • Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün;

  • Milli Məclisin deputatları Vüqar İskəndərov, Naqif Həmzəyev və Razi Nurullayev;

  • Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov;

  • SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov.

Tədbirin aparıcısı Abbasağa Əlizadə olacaq.

Xəzər regionunda enerji, logistika və texnologiya yatırımları diqqət mərkəzində olacaq

Sammitin əsas hissəsini “Caspian Bridge – Qlobal investisiyalar, texnologiya, ticarət və strateji əməkdaşlıq” mövzusunda panel müzakirəsi təşkil edəcək.

AZAGROMİLA şirkətinin baş direktoru Ramazan Karaşahinin moderatorluğu ilə keçiriləcək paneldə Türkiyənin Bakıdakı səfirliyinin ticarət üzrə baş müşaviri Nevzat Bozkurt, TABA-AmCham-ın İdarə Heyətinin üzvü və Gömrük-Logistika Komitəsinin sədri Murat Doğan, Müdafiə-Aviasiya-Kosmos Sənayesi Komitəsinin sədri Mert Ünsal, qurumun London nümayəndəsi Cem Congar, İnformasiya Texnologiyaları Komitəsinin sədr müavini Atakan Çetintaş və “Adatech” şirkətinin biznesin inkişafı və tədqiqat-inkişaf üzrə meneceri Zeynep Cıgal çıxış edəcəklər.

Paneldə Azərbaycan, Türkiyə və ABŞ arasında üçtərəfli iqtisadi əməkdaşlıq perspektivləri, beynəlxalq investisiya modelləri, enerji və logistika sahələrində strateji imkanlar müzakirə olunacaq.

Bununla yanaşı, müdafiə və aviasiya sənayesində texnoloji inkişaf, rəqəmsal transformasiyanın beynəlxalq ticarətə təsiri və yeni bazarlara çıxış imkanları barədə fikir mübadiləsi aparılacaq.

Bakıda investorlar və şirkətlər arasında B2B və B2G görüşləri keçiriləcək

Sammit çərçivəsində biznes nümayəndələri arasında B2B (şirkətlərarası) və B2G (bizneslə dövlət qurumları arasında) görüşlərin təşkili nəzərdə tutulur.

Bu görüşlər vasitəsilə iştirakçılar potensial tərəfdaşlarla birbaşa əlaqələr qurmaq, birgə investisiya layihələrini müzakirə etmək və beynəlxalq bazarlara çıxış imkanlarını qiymətləndirmək imkanı əldə edəcəklər.

Təşkilatçıların məlumatına görə, sammit Azərbaycan, Türkiyə və ABŞ biznes dairələri arasında davamlı əməkdaşlığın genişləndirilməsinə və Xəzər regionunun Avropa, Asiya və Amerika bazarları ilə iqtisadi əlaqələrinin gücləndirilməsinə xidmət edəcək.

TABA-AmCham beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirir

1987-ci ildə yaradılan və 1991-ci ildə AmCham adını qəbul edən TABA-AmCham beynəlxalq ticarət, investisiya və iqtisadi diplomatiya istiqamətində fəaliyyət göstərir.

Təşkilatçıların təqdim etdiyi məlumata əsasən, qurumun 600-dən çox üzv şirkəti var. TABA-AmCham İstanbulda yerləşən baş ofisi, Ankara, İzmir və Çukurova bölmələri, həmçinin beynəlxalq nümayəndəlikləri vasitəsilə fəaliyyətini davam etdirir.

Təşkilat 2026-cı ildə Nyu-Yorkda “Global Business Summit New York 2026”, İstanbulda isə 30 ölkədən 70 AmCham rəhbərinin və 250-dən çox iştirakçının qatıldığı “ACE Best Practice Sharing Conference 2026” tədbirlərini həyata keçirdiyini bildirir.

Bakı sammitinin də təşkilatın Avrasiya regionunda iqtisadi diplomatiya və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətinin davamı olması nəzərdə tutulur.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri