PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Yaponiyanın “TET International Development Co., Ltd.” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək, kənd təsərrüfatı ilə yanaşı, əczaçılıq sektorunda yeni biznes imkanlarını araşdırmaq niyyətindədir. Şirkət Azərbaycanı Mərkəzi Asiya və Cənubi Qafqaz bazarlarına çıxış üçün perspektivli iqtisadi və logistika mərkəzi kimi qiymətləndirir.
Bu barədə Yaponiyanın “TET International Development Co., Ltd.” şirkətinin prezidenti Taro Savada PostNews-a müsahibəsində bildirib.
Oktyabrın 18–19-da Bakıda keçirilən “THE JAPAN ESSENCE GLOBAL EXPO 2026” beynəlxalq biznes sərgisi və forumunda iştirak edən yaponiyalı iş adamı Azərbaycanda təxminən 10 ildir fəaliyyət göstərdiyini, əsas biznes istiqamətlərinin kənd təsərrüfatı, xüsusilə tütünçülük və aqrar məhsulların ixracı ilə bağlı olduğunu açıqlayıb.
Taro Savada müsahibəsində Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialından, Milli Məclisin deputatı Əminə Ağazadə ilə görüşündən, Yaponiya istehsalı olan əczaçılıq məhsullarının Azərbaycan bazarına gətirilməsi planlarından və regional ticarət əlaqələrinin genişləndirilməsi imkanlarından danışıb.
PostNews müsahibəni təqdim edir.
– Taro bəy, əvvəlcə özünüz və rəhbərlik etdiyiniz şirkətin fəaliyyəti barədə məlumat verərdiniz. Azərbaycanda hansı sahələrdə bizneslə məşğulsunuz?
– Mənim adım Taro Savadadır. Təxminən 10 il əvvəl Azərbaycanda biznes fəaliyyətinə başlamışam. Əsas fəaliyyət istiqamətim kənd təsərrüfatıdır. Xüsusilə tütünçülük sahəsində çalışıram.
Fəaliyyətimiz tütünün əkilməsi və becərilməsindən başlayaraq məhsulun yığılması, emalı və ixracına qədər müxtəlif mərhələləri əhatə edir.
Bu sahədə əldə etdiyimiz təcrübədən istifadə etməklə Azərbaycanda kənd təsərrüfatı biznesini inkişaf etdirməyə və yeni iqtisadi əməkdaşlıq imkanları yaratmağa çalışırıq.
– Bakıda keçirilən “THE JAPAN ESSENCE GLOBAL EXPO 2026” beynəlxalq sərgisini necə qiymətləndirirsiniz? Tədbir çərçivəsində hansı görüşləriniz olub?
– Bu sərgi Azərbaycan və Yaponiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi, iki ölkənin iş adamlarının bir araya gəlməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir.
Tədbir çərçivəsində Milli Məclisin deputatı, Azərbaycan–Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə ilə də görüşmüşəm.
Əminə Ağazadənin Azərbaycan və Yaponiya arasında münasibətlərin inkişafı istiqamətində fəaliyyətini yüksək qiymətləndirirəm. Onun iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə göstərdiyi səylər təqdirəlayiqdir.
Hesab edirəm ki, parlamentlərarası münasibətlərin inkişafı iqtisadi və işgüzar əməkdaşlıq üçün də yeni imkanlar yarada bilər.
Belə beynəlxalq tədbirlər sahibkarların bir-birini yaxından tanımasına, qarşılıqlı təcrübə mübadiləsinə və gələcək tərəfdaşlıqların qurulmasına şərait yaradır.
– Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu bölgələrin investisiya imkanlarını necə qiymətləndirirsiniz? Gələcəkdə həmin ərazilərdə fəaliyyət göstərmək planınız varmı?
– Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini böyük maraqla izləyirəm.
2020-ci ildə Azərbaycanın Qarabağda qazandığı qələbədən sonra mən də “Qarabağ Azərbaycandır!” şüarı ilə çıxış etmiş və Azərbaycan xalqının sevincini bölüşmüşdüm.
Hazırda bölgədə həyata keçirilən infrastruktur layihələri barədə məlumatlıyam. Yeni avtomobil yollarının çəkilməsi, hava limanlarının inşası, yaşayış və sosial infrastrukturun yaradılması regionun gələcək inkişafı baxımından əhəmiyyətlidir.
Təhsil sahəsində görülən işləri də müsbət qiymətləndirirəm. Məktəblərin, universitetlərin və digər təhsil müəssisələrinin inkişafı regionun iqtisadi və sosial potensialının gücləndirilməsinə xidmət edir.
Düşünürəm ki, bütün bunlar Qarabağ və Şərqi Zəngəzurda yeni biznes və investisiya imkanları yaradır.
2027-ci ildən etibarən bu bölgələrlə bağlı əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərməyə çalışacağam.
– Hazırda əsas fəaliyyətiniz kənd təsərrüfatı ilə bağlıdır. Gələcəkdə Azərbaycanda başqa hansı sahələr üzrə biznesinizi genişləndirmək istəyirsiniz?
– Kənd təsərrüfatı əsas fəaliyyət istiqamətim olaraq qalır. Bununla yanaşı, Azərbaycanda digər sahələr üzrə də yeni biznes imkanlarını araşdırmaq niyyətindəyəm.
Xüsusilə əczaçılıq sektoru ilə maraqlanıram. Yaponiyada istehsal olunan dərman vasitələrinin və müxtəlif əczaçılıq preparatlarının Azərbaycan bazarına gətirilməsi istiqamətində fəaliyyətə başlamağı planlaşdırıram.
Hesab edirəm ki, Yaponiya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar mövcuddur.
Məqsədim Yaponiya istehsalçıları ilə Azərbaycan bazarı arasında yeni kommersiya əlaqələri qurmaq və gələcəkdə əczaçılıq məhsullarının ölkənizə gətirilməsi istiqamətində çalışmaqdır.
– Təxminən 10 ildir Azərbaycanda fəaliyyət göstərirsiniz. Ölkənin biznes mühitini və beynəlxalq ticarətdəki mövqeyini necə qiymətləndirirsiniz?
– Azərbaycan və Yaponiya sahibkarlarının ortaq xüsusiyyətlərindən biri öz ölkələrinin iqtisadi inkişafına töhfə vermək istəyidir.
Azərbaycanlı iş adamları ölkələrinin inkişafı, biznes imkanlarının genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün çalışırlar. Yaponiyalı sahibkarlar da eyni məqsədlərə önəm verirlər.
Əsas məsələ bu maraqları birləşdirərək qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır.
Mən Azərbaycanı yalnız daxili istehlak bazarı kimi qiymətləndirmirəm. Ölkənizin coğrafi mövqeyi onun regional ticarət və logistika mərkəzinə çevrilməsi üçün mühüm imkanlar yaradır.
Azərbaycan vasitəsilə Qazaxıstan, Türkmənistan, Gürcüstan və digər ölkələrlə iqtisadi əlaqələri genişləndirmək mümkündür.
Xüsusilə nəqliyyat və logistika imkanları beynəlxalq ticarət baxımından əhəmiyyətlidir. Azərbaycan region ölkələri arasında iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynaya bilər.
Biz yalnız Azərbaycan bazarı ilə məhdudlaşmaq istəmirik. Məqsədimiz Azərbaycan vasitəsilə Qazaxıstan, Türkmənistan, Gürcüstan və digər regional bazarlara da çıxmaq, həmin ölkələrlə yeni biznes əlaqələri qurmaqdır.
Bu baxımdan Azərbaycanı Yaponiya şirkətləri üçün perspektivli tərəfdaş və regional biznes mərkəzi hesab edirəm.
İnanıram ki, Azərbaycan və Yaponiya sahibkarları arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün yeni iqtisadi imkanlar yaradacaq.
Qeyd edək ki, 18–19 oktyabr 2026-cı il tarixlərində Bakının “Baku Marriott Hotel Boulevard” mehmanxanasında “THE JAPAN ESSENCE GLOBAL EXPO 2026” beynəlxalq biznes sərgisi və forumu keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı investisiya imkanlarının araşdırılması, texnologiya mübadiləsi və yeni beynəlxalq biznes tərəfdaşlıqlarının qurulması olub.
Sərgidə kənd təsərrüfatı, sənaye, istehsalat, informasiya texnologiyaları, əczaçılıq, qida və inşaat sektorlarında fəaliyyət göstərən şirkətlər təmsil olunublar.
Tədbirin təşkilatçısı “THE JAPAN ESSENCE GLOBAL EXPO 2026” İcra Komitəsi, Azərbaycan üzrə rəsmi nümayəndəsi isə “Made in Turan” şirkəti olub.

