PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycanda qızıl, mis və digər qiymətli metalların hasilatı ilə məşğul olan “Azerbaijan International Mining Company” (AIMC) yeni mədən yataqlarının işlənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Şirkət Gədəbəy və Dəmirli layihələrinin gələcək investisiyalar baxımından mühüm əhəmiyyət daşıdığını bildirir.
Bu barədə “Azerbaijan International Mining Company” (AIMC) şirkətinin İcma İşləri üzrə mütəxəssisi Nihat Həsənov PostNews-a açıqlamasında məlumat verib.
Oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər İnşaat Həftəsi 2026” çərçivəsində danışan şirkət nümayəndəsi yeni mədən layihələri, qızılın dünya bazarındakı qiymət artımı, qiymətli metalların ixracı və potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarından söz açıb.
AIMC yeni mədən yataqlarına investor marağının artacağını gözləyir
Nihat Həsənov bildirib ki, mədənçilik sektoruna investisiya qoyuluşunda əsas amillərdən biri yeni faydalı qazıntı yataqlarının aşkar edilməsi və onların iqtisadi potensialıdır.
Onun sözlərinə görə, AIMC-nin həyata keçirdiyi layihələr şirkətin istehsal imkanlarının genişləndirilməsi və gələcək inkişafı üçün mühüm perspektivlər yaradır.
“İnvestorların marağı, əsasən, yeni yataqların kəşfi və onların iqtisadi potensialı ilə bağlıdır. Şirkətimizin yeni yataqlar üzrə layihələri mövcuddur. Xüsusilə Gədəbəy bölgəsindəki fəaliyyətimiz və Dəmirli filiz yatağı ilə bağlı layihələrimiz böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu layihələr investorların marağını artıracaq və mədənçilik sektoruna yeni investisiyaların cəlb olunmasına şərait yaradacaq”, – deyə N.Həsənov vurğulayıb.
Şirkət nümayəndəsi qeyd edib ki, yeni yataqların işlənməsi ilə yanaşı, mövcud istehsal imkanlarının inkişaf etdirilməsi də AIMC-nin fəaliyyətində mühüm yer tutur.
Qızılın dünya bazarında bahalaşması şirkətə necə təsir edir?
AIMC nümayəndəsi beynəlxalq bazarlarda qızılın qiymətinin yüksəlməsinin şirkətin iqtisadi fəaliyyətinə təsirini də dəyərləndirib.
O bildirib ki, qiymətli metalların bahalaşması hasilat sektorunda fəaliyyət göstərən müəssisələr üçün müsbət bazar şəraiti yaradır.
“Qızılın dünya bazarında qiymətinin artması şirkətimiz üçün müsbət amildir. Qiymətli metalların dəyərinin yüksəlməsi fəaliyyətimizə əlverişli təsir göstərir. Xarici bazarlarda da müsbət tendensiyalar müşahidə olunur. Ümumilikdə, mövcud vəziyyəti şirkətimizin fəaliyyəti baxımından müsbət qiymətləndiririk”, – deyə N.Həsənov bildirib.
Azərbaycanda hasil edilən qiymətli metallar xaricdə saflaşdırılır
Nihat Həsənov AIMC-nin istehsal etdiyi qiymətli metal məhsullarının xarici bazarlara göndərildiyini və əlavə emal prosesindən keçirildiyini açıqlayıb.
Onun sözlərinə görə, ixrac olunan məhsulların tərkibində qızılla yanaşı, gümüş və digər metallar da olur.
“İstehsal etdiyimiz qiymətli metal məhsulları xaricə göndərilir və orada saflaşdırılır. Bu məhsullar tamamilə saf qızıldan ibarət deyil. Onların tərkibində təxminən 80 faiz qızıl, 20 faiz isə gümüş və digər metallar ola bilir. Saflaşdırma prosesində həmin metallar ayrılır və sonradan satışa çıxarılır”, – deyə şirkət nümayəndəsi qeyd edib.
Beynəlxalq şirkətlər AIMC ilə əməkdaşlığa maraq göstərirlər
Şirkət nümayəndəsi “Xəzər İnşaat Həftəsi 2026” sərgisində iştirakın nəticələrini də müsbət qiymətləndirib.
O bildirib ki, tədbir zamanı müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr AIMC ilə əməkdaşlıq etmək üçün müraciətlər ediblər.
“Şirkətimizə böyük maraq göstərilir. Xüsusilə logistika, avadanlıq və məhsul təchizatı sahələrində çalışan müəssisələr bizimlə əməkdaşlıq etmək istəyirlər. Onlar öz məhsullarını və texnologiyalarını təqdim edərək fəaliyyətimizdə istifadə olunmasını təklif edirlər. Bu maraq şirkətimizə olan etimadın göstəricisidir”, – deyə N.Həsənov bildirib.
Onun sözlərinə görə, AIMC yeni tərəfdaşlıqlar vasitəsilə istehsalatda daha səmərəli texnologiya və avadanlıqlardan istifadə imkanlarını qiymətləndirir.
“Əsas gözləntimiz yeni əməkdaşlıqlar qurmaq, daha sərfəli və keyfiyyətli avadanlıqlar, texnologiyalar və təkliflər əldə etməkdir. Bu cür sərgilər həm bizim, həm də potensial tərəfdaşlarımız üçün faydalıdır”, – deyə o əlavə edib.

AIMC hansı sahələrdə fəaliyyət göstərir?
Qeyd edək ki, “Azerbaijan International Mining Company” Azərbaycanda dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir.
Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anglo Asian Mining PLC”nin törəmə müəssisəsi olan AIMC qızıl, mis və gümüş kimi qiymətli və əlvan metalların hasilatı və emalı ilə məşğuldur.
Şirkətin rəsmi məlumatına əsasən, AIMC ümumilikdə 2400 kvadratkilometr ərazini əhatə edən səkkiz müqavilə sahəsinə malikdir.
Müəssisənin fəaliyyət istiqamətlərinə geoloji kəşfiyyat, açıq və yeraltı mədənçilik, filizlərin emalı, qızıl doré və mis konsentratının istehsalı daxildir.
Xəzər İnşaat Həftəsi 2026 başa çatıb
Xatırladaq ki, oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər İnşaat Həftəsi 2026” çərçivəsində dörd beynəlxalq sərgi – “BakuBuild”, “Rebuild Garabagh”, “Aquatherm Baku” və “Plastex Caspian” təşkil olunub.
Üçgünlük tədbir tikinti, sənaye, mühəndislik, istehsal və təchizat sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətləri bir araya gətirib.
Sərgi iştirakçıları yeni texnologiyalar, istehsal avadanlıqları və əməkdaşlıq imkanları ilə tanış olub, potensial tərəfdaşlarla işgüzar görüşlər keçiriblər.
PostNews

