Abşeron Ticarət Mərkəzində doluluq səviyyəsi 95 faizdir – Mahir Quliyev

Mətn Ölçüsü

“Abşeron Ticarət Mərkəzi” MMC 2026-cı ilin sonunadək fəaliyyət sahəsini genişləndirərək əlavə 20 hektar ərazini yerli istehsalçıların və sahibkarların istifadəsinə verməyi planlaşdırır. Hazırda ticarət mərkəzində icarə sahələrinin doluluq səviyyəsi təxminən 95 faiz təşkil edir.

Bu barədə “Abşeron Ticarət Mərkəzi” MMC-nin Korporativ Satış Müdiri Mahir Quliyev PostNews-a açıqlamasında bildirib.

Oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsi 2026 çərçivəsində təşkil olunan 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində (“BakuBuild 2026”) iştirak edən şirkət nümayəndəsi ticarət mərkəzinin genişlənmə planları, sahibkarlar üçün yaradılan imkanlar, logistika üstünlükləri və tikinti materialları bazarındakı mövcud vəziyyət barədə danışıb.

“İlin sonunadək daha 20 hektar ərazini sahibkarların istifadəsinə verəcəyik”

Mahir Quliyevin sözlərinə görə, “Abşeron Ticarət Mərkəzi” fəaliyyət miqyasına görə Azərbaycanın və Qafqaz regionunun ən böyük ticarət komplekslərindən biridir. Şirkət mövcud infrastrukturunu genişləndirməklə daha çox sahibkarın fəaliyyətinə şərait yaratmağı hədəfləyir.

“Abşeron Ticarət Mərkəzi nəinki Azərbaycanın, ümumilikdə Qafqaz regionunun ən böyük ticarət mərkəzidir. Burada sahibkarların öz bizneslərini inkişaf etdirmələri və genişləndirmələri üçün əlverişli şərait yaradılıb. Ticarət mərkəzində rahat və ödənişsiz parkinq, sutkanın 24 saatı fəaliyyət göstərən mühafizə xidməti, müşahidə kameraları və yanğından mühafizə sistemi mövcuddur. Məqsədimiz sahibkarların təhlükəsiz və müasir infrastrukturla təmin olunmuş mühitdə fəaliyyət göstərmələrinə imkan yaratmaqdır”, – deyə o bildirib.

Şirkət rəsmisi qeyd edib ki, 2026-cı ilin sonunadək əlavə 20 hektar ərazinin istifadəyə verilməsi nəzərdə tutulur. Yeni sahələr yerli istehsalçıların, məhsul təchizatçılarının və ticarətlə məşğul olan sahibkarların fəaliyyət imkanlarını genişləndirəcək.

“Ticarət mərkəzimizdə icarə doluluğu 95 faizə yaxındır”

Mahir Quliyev bildirib ki, ticarət mərkəzində mövcud sahələrə sahibkarlar tərəfindən yüksək maraq göstərilir.

“Hazırda ticarət mərkəzimizdə icarə sahələrinin doluluq göstəricisi təxminən 95 faizdir. Burada topdan və pərakəndə satış mağazaları, anbarlar və istehsal sahələri vahid kompleks daxilində fəaliyyət göstərir. Sahibkarlar üçün yaradılmış infrastruktur onların fəaliyyətini daha səmərəli təşkil etməsinə, müştərilərə isə daha keyfiyyətli xidmət göstərilməsinə imkan yaradır”, – deyə şirkət nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, müxtəlif fəaliyyət istiqamətlərinə malik müəssisələrin eyni ərazidə yerləşməsi ticarət əlaqələrinin inkişafına, məhsul təchizatının asanlaşdırılmasına və sahibkarların əməliyyat xərclərinin optimallaşdırılmasına şərait yaradır.

Hazırda ticarət mərkəzində 2 000-dən çox sahibkar fəaliyyət göstərir. Burada həm yerli, həm də xarici istehsalçıların geniş çeşiddə məhsulları satışa təqdim olunur.

“Qaradağ rayonu ticarət və logistika mərkəzi kimi inkişaf edir”

Şirkət rəsmisi “Abşeron Ticarət Mərkəzi”nin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşməsini mühüm logistika üstünlüyü kimi qiymətləndirib.

“Qaradağ rayonu ticarət və logistika sahəsində ixtisaslaşan ərazilərdən biridir. Abşeron Ticarət Mərkəzinin Lökbatan qəsəbəsində yerləşməsi bu ərazinin ticarət və logistika qovşağı kimi mövqeyini daha da gücləndirir. Buradan Bakı şəhərinə, ətraf yaşayış məntəqələrinə və ölkənin müxtəlif regionlarına məhsulların daşınması və çatdırılması əlverişlidir. Bu imkanlar həm sahibkarlar, həm də son istehlakçılar üçün üstünlüklər yaradır”, – deyə Mahir Quliyev bildirib.

O qeyd edib ki, paytaxtın mərkəzi və intensiv nəqliyyat hərəkəti olan ərazilərində iri ticarət obyektlərinin yerləşməsi müəyyən infrastruktur problemlərinə səbəb ola bilir.

Şirkət nümayəndəsinin fikrincə, xüsusilə Ziya Bünyadov prospekti kimi nəqliyyatın sıx olduğu ərazilərdə ticarət və anbar fəaliyyətinin cəmləşməsi yük avtomobillərinin hərəkətini artırmaqla tıxacların yaranmasına təsir göstərir.

“Bu baxımdan, müasir infrastruktura malik iri ticarət komplekslərinin şəhərin kənar ərazilərində inkişaf etdirilməsi həm nəqliyyat yükünün azaldılması, həm də ticarət fəaliyyətinin daha səmərəli təşkili üçün əhəmiyyətlidir”, – deyə o əlavə edib.

“Abşeron Ticarət Mərkəzində icarə haqları iki-üç dəfə daha ucuzdur”

Mahir Quliyev ticarət mərkəzinin üstünlüklərindən birinin sahibkarlar üçün daha münasib icarə və logistika imkanlarının yaradılması olduğunu bildirib.

Onun sözlərinə görə, xüsusilə tikinti materiallarının daşınması baxımından Lökbatan qəsəbəsinin coğrafi mövqeyi əlverişlidir.

“Lökbatan yük stansiyasının bu ərazidə yerləşməsi tikinti materiallarının və digər iri həcmli məhsulların daşınmasını asanlaşdırır. Nəticədə yük avtomobillərinin şəhərin mərkəzi hissələrinə daxil olmasına ehtiyac azalır. Bu isə nəqliyyat sıxlığının azaldılması baxımından əhəmiyyətlidir”, – deyə şirkət rəsmisi qeyd edib.

Mahir Quliyev bildirib ki, paytaxtın mərkəzi hissələrində kommersiya obyektlərinin yüksək icarə qiymətləri məhsulların maya dəyərinə də təsir göstərir.

“Bakı şəhərinin mərkəzi ərazilərində daşınmaz əmlakın icarə qiymətləri yüksəkdir. Bu xərclər son nəticədə məhsulların satış qiymətlərinə təsir edir. Abşeron Ticarət Mərkəzində isə icarə haqları həmin ərazilərlə müqayisədə iki-üç dəfə daha münasibdir. Bu, sahibkarların xərclərini azaltmasına və istehlakçılara daha sərfəli qiymətlər təklif etməsinə imkan yaradır”, – deyə o vurğulayıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, müxtəlif istehsalçıların və satıcıların bir məkanda fəaliyyət göstərməsi alıcılara məhsul çeşidlərini və qiymətləri müqayisə etmək imkanı yaradır.

“Burada 2 000-dən çox sahibkarın fəaliyyət göstərməsi alıcılar üçün geniş seçim deməkdir. İstehlakçılar müxtəlif məhsullarla eyni məkanda tanış ola, qiymətləri müqayisə edə və özlərinə daha uyğun təklifi seçə bilirlər. Bu da həm vaxta, həm də maliyyə vəsaitinə qənaət etməyə şərait yaradır”, – deyə Mahir Quliyev bildirib.

“Beynəlxalq sərgilər biznesin inkişafında mühüm rol oynayır”

“BakuBuild 2026” sərgisində iştiraklarını dəyərləndirən Mahir Quliyev bildirib ki, belə tədbirlər yerli və xarici şirkətlər arasında yeni işgüzar əlaqələrin qurulması baxımından əhəmiyyətli platformadır.

“Beynəlxalq sərgilər müasir biznes mühitində şirkətlərin tanıdılması, yeni tərəfdaşlıqların qurulması və məhsul və xidmətlərin hədəf auditoriyaya təqdim edilməsi üçün mühüm vasitədir. Bu imkanlardan düzgün istifadə edən şirkətlər öz fəaliyyətlərini genişləndirə, yeniliklərini və üstünlüklərini potensial tərəfdaşlara çatdıra bilirlər. ‘BakuBuild’ beynəlxalq inşaat sərgisi də bu baxımdan mühüm əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.

Şirkət rəsmisi sərgidə iştirakın nəticələrindən razı qaldıqlarını da bildirib.

“Sərgi həm yerli istehsalçıları, həm xidmət şirkətlərini, həm də xarici iştirakçıları bir araya gətirir. Biz ziyarətçi axınından və iştirakçıların fəaliyyət istiqamətlərinin biznes profilimizə uyğunluğundan razıyıq. Bu cür tədbirlər yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və mövcud əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır”, – deyə Mahir Quliyev əlavə edib.

Qeyd edək ki, 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsi çərçivəsində “BakuBuild 2026”, “Rebuild Garabagh 2026”, “Aquatherm Baku 2026” və “Plastex Caspian 2026” beynəlxalq sərgiləri təşkil olunub. Üçgünlük tədbir tikinti, sənaye, mühəndislik, logistika və infrastruktur sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətləri bir araya gətirib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri