PostNews – Bakı Biznes Universiteti ilə BMG International arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində universitetdə tədris olunan “Sərt bacarıqlar” (Hard Skills) fənni üzrə növbəti təqdimat əsaslı imtahan sessiyası keçirilib.
Sessiyada tələbələr semestr ərzində hazırladıqları real startap layihələrini təqdim edərək biznes ideyalarını müdafiə ediblər.
Təqdimat zamanı müxtəlif istiqamətlər üzrə hazırlanmış startap, xidmət və istehsal layihələri nümayiş etdirilib. Tələbələr layihələrinin iqtisadi əsaslandırmasını, bazar potensialını, gəlir modelini və inkişaf perspektivlərini təqdim edərək sualları cavablandırıblar.
Qiymətləndirmə prosesində biznes ideyalarının kommersiyalaşdırılması imkanları, innovativ həllər və layihələrin dayanıqlı inkişaf potensialı əsas meyarlardan biri olub.
Qeyd edək ki, Bakı Biznes Universitetində ardıcıl üç ildir “Sərt bacarıqlar” fənni üzrə innovativ tədris və imtahan metodu tətbiq edilir. Yeni metodun tətbiqi BMG International şirkətinin təsisçisi və biznes eksperti Orxan Məmmədzadə tərəfindən irəli sürülüb. Proqram dünyanın aparıcı universitetlərində tətbiq olunan “layihəəsaslı qiymətləndirmə” prinsiplərinə əsaslanır. Bu metod tələbələrin yalnız nəzəri biliklərini deyil, onların analitik düşünmə, problem həll etmə, sahibkarlıq və innovasiya bacarıqlarını real layihələr üzərində nümayiş etdirməsinə imkan yaradır.
Tədris proqramının əsas məqsədi universitet auditoriyasını real biznes mühiti ilə əlaqələndirmək, tələbələri gələcəyin sahibkarları kimi formalaşdırmaq və onların hələ tələbə ikən biznes qurmaq bacarığı qazanmasını təmin etməkdir.
Proqram çərçivəsində tələbələr ideyanın formalaşdırılmasından başlayaraq bazar araşdırması, biznes modelinin hazırlanması, maliyyə planlaşdırılması, marketinq strategiyası, satış mexanizmləri, komandanın qurulması və investorlara təqdimat mərhələlərinədək bütün prosesi praktiki şəkildə həyata keçirirlər. Nəticədə hər bir tələbə semestrin sonunda yalnız imtahan vermir, eyni zamanda bazara çıxarıla biləcək real biznes və ya startap layihəsi formalaşdırmış olur.
Bu yanaşma Azərbaycanda universitet təhsilinin praktiki komponentinin gücləndirilməsinə, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına, gənclərin innovasiya yönümlü sahibkarlıq potensialının inkişafına və startap ideyalarının real biznes layihələrinə çevrilməsi bacarıqlarının formalaşmasına xidmət edir. Bununla yanaşı, proqram ölkənin innovasiya və startap ekosisteminin gələcək inkişafına töhfə verməyi hədəfləyir.
Onu da vurğulayaq ki, Bakı Biznes Universiteti biznes və sahibkarlıq sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını əsas prioritetlərindən biri hesab edir. BMG International ilə həyata keçirilən bu əməkdaşlıq akademik biliklərin real biznes təcrübəsi ilə inteqrasiyasını təmin etməklə yanaşı, universitetlərdə beynəlxalq təcrübəyə əsaslanan müasir tədris və qiymətləndirmə metodlarının tətbiqinə də mühüm töhfə verir.
