PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycanda tikinti və interyer dizaynı sahəsində fəaliyyət göstərən “DecoForm” MMC dekorativ divar panelləri bazarında mövqeyini gücləndirməyi və məhsul çeşidini geniş müştəri auditoriyasına təqdim etməyi hədəfləyir. Şirkət hazırda 500-dən çox dekorativ panel modeli təklif edir.
Bu barədə “DecoForm” MMC-nin satış meneceri Casim Babazadə PostNews-a açıqlamasında bildirib.
Oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində keçirilən 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild 2026”da iştirak edən şirkət nümayəndəsi dekorativ materiallara tələbat, məhsulların texniki xüsusiyyətləri və bazardakı rəqabət mühiti barədə danışıb.
Casim Babazadənin sözlərinə görə, təxminən iki ildir fəaliyyət göstərən şirkət bu müddət ərzində müştəri bazasını genişləndirməyə və tikinti sektorunda yeni əməkdaşlıq imkanları yaratmağa çalışır.
“Sərgi ilə bağlı təəssüratlarımız müsbətdir. Burada müxtəlif şirkətlər öz məhsullarını və yeniliklərini nümayiş etdirirlər. Biz də ziyarətçilərə dekorativ panellərimizi təqdim edir, onların tətbiq imkanları barədə məlumat veririk. İki ilə yaxındır bazardayıq və məhsullarımıza marağın artdığını müşahidə edirik. Əsas məqsədimiz fəaliyyətimizi inkişaf etdirmək və bazarda daha geniş müştəri auditoriyasına çatmaqdır”, – deyə o bildirib.
Şirkət 500-dən çox dekorativ panel modeli təqdim edir
Satış meneceri bildirib ki, “DecoForm”un əsas fəaliyyət istiqaməti yaşayış və kommersiya obyektlərinin daxili tərtibatında istifadə olunan dekorativ divar panellərinin satışıdır.
Şirkətin məhsul çeşidinə ağac, mərmər, metal və kətan görünüşlü müxtəlif teksturalara malik panellər daxildir.
“Hazırda 500-dən çox modelimiz mövcuddur. Müştərilərimiz interyerin üslubuna uyğun olaraq müxtəlif rəng və teksturalar arasından seçim edə bilirlər. Panellər həm mənzillərdə, həm ofislərdə, həm də digər kommersiya məkanlarında istifadə oluna bilər. Məhsullarımızın əsas üstünlüklərindən biri onların rahat quraşdırılması və fərqli dizayn həllərinə uyğunlaşdırılmasıdır”, – deyə C.Babazadə qeyd edib.
Onun sözlərinə görə, panellərin elastik quruluşu müxtəlif səthlərdə, bucaqlarda və qeyri-standart formalarda tətbiq imkanlarını artırır.
“Panellərimiz suya və zərbəyə davamlıdır”
Casim Babazadə məhsulların texniki göstəricilərinə də toxunub.
O bildirib ki, panellərin hazırlanmasında istifadə olunan xammal Çindən idxal edilir. Şirkət nümayəndəsinin sözlərinə görə, məhsulların istehsalında təbii tərkibli materiallardan da istifadə olunur.
“Təklif etdiyimiz panellər hipoallergen və qoxusuzdur. Onlar suya və zərbəyə davamlı olmaqla yanaşı, asan təmizlənmə xüsusiyyətinə malikdir. Səthdə yaranan ləkələri sadəcə silməklə təmizləmək mümkündür. Panellərin elastikliyi isə onların müxtəlif formalarda tətbiqinə imkan yaradır. Bu da həm ustalar, həm də müştərilər üçün əlavə rahatlıq yaradır”, – deyə satış meneceri vurğulayıb.
Şirkət nümayəndəsi əlavə edib ki, dekorativ panellərin seçimində yalnız xarici görünüş deyil, materialın keyfiyyəti, davamlılığı və uzunmüddətli istifadə imkanları da mühüm rol oynayır.
“Bazarda rəqabət kifayət qədərdir”
Azərbaycanda dekorativ divar panelləri bazarındakı rəqabəti qiymətləndirən Casim Babazadə bildirib ki, tikinti və təmir sektorunda müxtəlif qiymət kateqoriyalarına aid məhsullar təklif olunur.
Onun sözlərinə görə, müştərilər məhsul seçərkən qiymətlə yanaşı, keyfiyyətə və istifadə müddətinə də diqqət yetirirlər.
“Bazarda rəqabət kifayət qədərdir. Eyni təyinatlı məhsulları müxtəlif qiymətlərə əldə etmək mümkündür. Lakin məhsullar arasındakı əsas fərqlər onların keyfiyyəti, materialı və davamlılığı ilə bağlıdır. Müştərilər üçün məhsulun uzunömürlü olması vacibdir. Biz də fəaliyyətimizdə keyfiyyət və geniş seçim imkanlarını ön plana çıxarırıq”, – deyə C.Babazadə bildirib.
Satış meneceri qeyd edib ki, şirkət gələcək fəaliyyətində məhsul çeşidini və müştərilərlə əməkdaşlıq imkanlarını genişləndirməyə üstünlük verməyi planlaşdırır.
Qeyd edək ki, “DecoForm” MMC təxminən iki ildir Azərbaycanda dekorativ divar panellərinin satışı sahəsində fəaliyyət göstərir. Şirkətin təqdim etdiyi 500-dən çox model yaşayış, ofis və kommersiya məkanlarının interyer tərtibatı üçün nəzərdə tutulub.
Xatırladaq ki, 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsi çərçivəsində “BakuBuild”, “Rebuild Garabagh”, “Aquatherm Baku” və “Plastex Caspian” beynəlxalq sərgiləri təşkil olunub. Sərgilərdə tikinti, memarlıq, mühəndislik, sənaye və əlaqəli sahələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlər təmsil olunub.

