PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycanın aparıcı sement istehsalçılarından olan “Norm” ASC fəaliyyət istiqamətlərini genişləndirərək quru tikinti qarışıqları və hazır beton istehsalı sahələrinə investisiyalar yatırır. Şirkət Bakıda yeni beton zavodunu istifadəyə verib və yaxın illərdə regionda daha bir iri investisiya layihəsi həyata keçirməyi planlaşdırır.
PostNews xəbər verir ki, “Norm” ASC-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Ramil Mahmudov bu barədə Fins.az-a müsahibəsində bildirib.
14–16 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən 31-ci Azərbaycan Beynəlxalq Tikinti Sərgisi – “BakuBuild 2026” çərçivəsində baş tutan müsahibədə şirkətin inkişaf strategiyası, yeni məhsulları, tikinti materialları bazarındakı fəaliyyəti, Qarabağda həyata keçirilən layihələr və gələcək investisiya planları müzakirə olunub.
Fins.az Ramil Mahmudovla müsahibəni təqdim edir.
“Norm” tikinti materialları bazarında fəaliyyətini genişləndirir
– Ramil bəy, “Norm” ASC Azərbaycanın sement bazarında aparıcı mövqeyə malikdir. Şirkət “BakuBuild 2026” sərgisində geniş stendlə təmsil olunur. Sərgidə iştirakınızın əsas məqsədi nədir və ziyarətçilərə hansı məhsulları təqdim edirsiniz?
– İlk növbədə, marağınıza görə təşəkkür edirəm. Bildiyiniz kimi, “Norm” 2013-cü ildə Azərbaycan bazarına daxil olub və ötən illər ərzində tikinti sektorunda fəal fəaliyyət göstərərək sement bazarının liderinə çevrilib.
Lakin bizim məqsədimiz yalnız sement istehsalı ilə məhdudlaşmaq deyil. Şirkət olaraq tikinti sənayesinin digər istiqamətlərində də fəaliyyət göstərməyi və məhsul portfelimizi genişləndirməyi qarşıya məqsəd qoymuşuq.
Bu məqsədlə 2020-ci ildə şirkətin uzunmüddətli inkişaf strategiyası qəbul edilib. Strategiyanın hazırlanması üçün beynəlxalq konsaltinq mütəxəssisləri cəlb olunub, qısamüddətli və uzunmüddətli inkişaf istiqamətlərimiz müəyyənləşdirilib.
Bundan sonra tikinti sektorunun müxtəlif sahələri üzrə araşdırmalara başladıq. Məqsədimiz yeni bazar imkanlarını müəyyənləşdirmək, fəaliyyətimizi şaxələndirmək və istehlakçılara daha geniş çeşiddə keyfiyyətli məhsullar təqdim etməkdir.
Artıq bu strategiya çərçivəsində yeni fəaliyyət istiqamətlərinə daxil olmuşuq. Quru tikinti qarışıqları və hazır beton istehsalı bunların əsas nümunələridir.
“Storm” brendi altında yeni məhsullar bazara təqdim olunur
– Şirkətin yeni fəaliyyət istiqamətlərindən danışdınız. Xüsusilə quru tikinti qarışıqları bazarında hansı yenilikləriniz var?
– 2025-ci ildən etibarən quru tikinti qarışıqları bazarına daxil olmuşuq. Bu istiqamətdə “Storm” adlı yeni brend yaratmışıq.
Hazırda həmin brend altında keramik plitələr üçün yapışdırıcılar, izolyasiya materialları, hovuzlar üçün xüsusi yapışdırıcılar, dekorativ suvaqlar və digər tikinti məhsulları təqdim edirik.
“Storm” brendi artıq bir ildən çoxdur bazarda fəaliyyət göstərir. Bu müddət ərzində kifayət qədər fəal bazar fəaliyyəti həyata keçirmişik, məhsul çeşidlərimizi genişləndirmişik və müsbət nəticələr əldə etmişik.
Eyni zamanda, hazır beton istehsalı istiqamətində də fəaliyyətə başlamışıq və bunun üçün ayrıca şirkət yaratmışıq.
Burada əsas məqsədimiz son istehlakçını keyfiyyətli tikinti materialları ilə kompleks şəkildə təmin etməkdir. Yəni müştəri keyfiyyətli sement əldə etdiyi kimi, beton, quru tikinti qarışıqları, izolyasiya materialları və digər məhsullarda da eyni keyfiyyət yanaşmasını görməlidir.
Biz istəyirik ki, tikinti aparan hər bir istehlakçı müxtəlif mərhələlərdə istifadə etdiyi materialların keyfiyyətinə əmin olsun.
“BakuBuild” yeni müştərilər və tərəfdaşlar qazanmaq üçün mühüm platformadır
– Yeni brendlərin tanıdılması baxımından “BakuBuild” sərgisinin şirkətiniz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? Sərgidən əsas gözləntiləriniz nələrdir?
– “Norm” brendi Azərbaycanda kifayət qədər tanınır. Lakin bizim yeni yaradılmış brendlərimiz və yeni fəaliyyət istiqamətlərimiz də var. Bu məhsulları bazara və potensial müştərilərə daha geniş şəkildə tanıtmalıyıq.
Məhz buna görə ötən ildən etibarən “BakuBuild” sərgisində fəal iştirak etməyə qərar vermişik.
Bu sərgi tikinti sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətləri bir araya gətirən mühüm platformadır. Burada Türkiyə, Almaniya, Qazaxıstan və digər ölkələrdən şirkətlər, istehsalçılar və təchizatçılar iştirak edirlər.
Belə tədbirlər yeni məhsulların təqdimatı, potensial müştərilərin cəlb olunması və işgüzar əlaqələrin qurulması baxımından böyük imkanlar yaradır.
Digər tərəfdən, sərgi mövcud müştərilərimizlə əlaqələri möhkəmləndirmək üçün də əlverişli fürsətdir. Bəzən gündəlik iş prosesində tərəfdaşlarımızla görüşməyə imkan olmur. Burada isə bir araya gəlir, əməkdaşlığımızı müzakirə edir və yeni layihələr barədə fikir mübadiləsi aparırıq.
Sərginin təşkilatçılığını da yüksək qiymətləndiririk. Dövlət qurumlarının nümayəndələri ilə görüşmək, onlara fəaliyyətimiz və gələcək planlarımız barədə məlumat vermək imkanımız olur. Buna görə təşkilatçılara təşəkkürümüzü bildiririk.
“Qarabağda həyata keçirilən bir çox layihələrdə sementimizdən istifadə olunub”
– Hazırda Azərbaycanın tikinti sektorunda əsas istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləridir. “Norm” ASC bu prosesdə hansı layihələrdə iştirak edib və regionun yenidən qurulmasına necə töhfə verir?
– Qarabağ işğaldan azad edildikdən sonra regionda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Biz də həmin dövrdən etibarən burada fəaliyyət göstərən tikinti şirkətləri ilə fəal əməkdaşlıq etməyə başladıq.
İlk növbədə, həyata keçirilən layihələr üçün sement tədarükünü təmin etdik. Qarabağda ərsəyə gələn bir çox infrastruktur layihələrində bizim sement məhsullarımızdan istifadə olunub.
Bunlara Şuşa yolunun tikintisini, tunellərin, körpülərin və digər yol infrastrukturu obyektlərinin inşasını misal göstərə bilərik.
Bundan əlavə, dağlıq ərazilərdə yol məsafələrinin qısaldılması və nəqliyyat infrastrukturunun daha səmərəli qurulması üçün viadukların tətbiqi ilə bağlı təkliflərimiz də olub.
Hesab edirik ki, belə mühəndis həllərindən istifadə dağlıq ərazilərdə yol tikintisinin səmərəliliyini artıra bilər.
Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinin bir hissəsi olmaq bizim üçün böyük qürurdur. Bu prosesdə iştirakımızı yalnız sement tədarükü ilə məhdudlaşdırmaq istəmirik. Məqsədimiz tikinti sənayesinin digər istiqamətlərində də fəaliyyət göstərmək və regionun inkişafına daha geniş töhfə verməkdir.
“Qarabağda dörd aya yaxındır beton zavodumuz fəaliyyət göstərir”
– Şirkətin Qarabağda istehsal müəssisəsi yaratdığı barədə də məlumat verdiniz. Yeni beton zavodunun fəaliyyəti və regionun tikinti sektoruna verəcəyi töhfələr barədə nə deyə bilərsiniz?
– Artıq dörd aya yaxındır ki, Qarabağda “Norm Beton” adı altında zavodumuz fəaliyyət göstərir.
Bu müəssisəni yaratmaqda əsas məqsədimiz regionda həyata keçirilən yol tikintisi, yaşayış binalarının inşası və digər infrastruktur layihələrini keyfiyyətli beton məhsulları ilə təmin etməkdir.
Bildiyiniz kimi, Qarabağın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Biz də fəaliyyətimizdə bu yanaşmanı nəzərə alırıq.
Məqsədimiz istehlakçılara həm keyfiyyətli, həm də ekoloji tələblərə uyğun istehsal olunan beton məhsulları təqdim etməkdir.
Eyni zamanda, məhsullarımızın rəqabətqabiliyyətli olmasına xüsusi diqqət yetiririk. İstəyirik ki, Qarabağda fəaliyyət göstərən tikinti şirkətləri keyfiyyətli məhsulu münasib və rəqabətli şərtlərlə əldə edə bilsinlər.
Hesab edirik ki, regionda yerli istehsalın inkişafı tikinti sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək.
“Qarabağda daha bir böyük investisiya layihəmiz olacaq”
– Qarabağda beton zavodunun istifadəyə verilməsi şirkətin regiona investisiya marağını göstərir. Növbəti mərhələdə yeni müəssisələrin yaradılması və əlavə investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulurmu?
– Bəli, şirkət rəhbərliyi Qarabağa investisiya yatırılmasında maraqlıdır. Biz regionda həyata keçirilən iqtisadi inkişaf və bərpa-quruculuq proseslərində fəal iştirak etmək istəyirik.
Bu istiqamətdə ilk investisiya addımımız beton zavodunun yaradılması olub. Lakin bununla kifayətlənmək niyyətində deyilik.
Hazırda Qarabağda daha bir böyük investisiya layihəsi üzərində işləyirik. Layihə hazırlıq mərhələsindədir və onun həyata keçirilməsi üçün müvafiq infrastruktur formalaşdırılır.
Hələlik layihənin detalları barədə məlumat verə bilmirik. Çünki müəyyən hazırlıq işləri davam edir.
Ancaq onu deyə bilərəm ki, yaxın bir neçə il ərzində Qarabağda daha bir iri layihəmizin reallaşdırılmasını planlaşdırırıq.
Biz regionun uzunmüddətli iqtisadi inkişaf potensialına inanırıq və burada fəaliyyətimizi mərhələli şəkildə genişləndirmək istəyirik.
“Qarabağda bazara vaxtında daxil olan şirkətlər üstünlük qazana bilərlər”
– Qarabağ və Şərqi Zəngəzurda formalaşan yeni iqtisadi mühitin investisiya baxımından cəlbediciliyini necə qiymətləndirirsiniz? Sahibkarlar üçün hansı imkanlar mövcuddur?
– Qarabağ hazırda fəal inkişaf mərhələsini yaşayır. Regionda genişmiqyaslı tikinti və infrastruktur layihələri həyata keçirilir, yeni sənaye müəssisələri yaradılır və müxtəlif iqtisadi fəaliyyət istiqamətləri formalaşır.
Belə bir mərhələdə bazara vaxtında daxil olan şirkətlər üçün mühüm imkanlar yaranır.
Hansı şirkət bu bazara daha erkən daxil olarsa, gələcəkdə öz mövqeyini möhkəmləndirmək, bazar payını genişləndirmək və müəyyən sahələrdə lider mövqe qazanmaq baxımından üstünlük əldə edə bilər.
İnvestisiya qoyuluşu üçün də əlverişli şərait mövcuddur. Əsas məsələ sahibkarların bu imkanları düzgün qiymətləndirməsi və real layihələrlə çıxış etməsidir.
Biz də “Norm” olaraq həmin imkanları nəzərə alır, regionda uzunmüddətli fəaliyyət qurmağa çalışırıq.
“Qarabağa həm yerli, həm də xarici investorlar maraq göstərirlər”
– Regiona investisiya marağı daha çox yerli sahibkarlardan gəlir, yoxsa xarici şirkətlər də Qarabağda fəaliyyət göstərməkdə maraqlıdırlar?
– Qarabağa həm yerli, həm də xarici investorların marağı var.
Regionda yeni sənaye zonalarının yaradılması, infrastrukturun inkişaf etdirilməsi və investisiya fəaliyyəti üçün şəraitin formalaşdırılması bu marağı artırır.
Ağdam və Cəbrayıl sənaye zonalarını buna nümunə göstərə bilərik. Həmin ərazilərdə müxtəlif istehsal və investisiya layihələri həyata keçirilir.
Sənaye zonalarının nümayəndələri də investorlarla fəal əməkdaşlıq edirlər. Yeni müəssisələrin yaradılması və investisiya layihələrinin reallaşdırılması üçün sahibkarlara dəstək göstərilir.
Bu imkanlardan həm Azərbaycan şirkətləri, həm də xarici investorlar yararlana bilərlər.
Hesab edirəm ki, Qarabağda formalaşan iqtisadi mühit gələcək illərdə yeni istehsal sahələrinin yaradılmasına, investisiyaların artmasına və tikinti materialları sənayesinin inkişafına mühüm töhfə verəcək.

