PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Dövlət Ehtiyatları Agentliyinin Aparatında 66, regional bölmələrində 9 ştat vahidi müəyyən edilib. Agentliyin tabeliyində yaradılan Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzində isə 200 nəfər çalışacaq.
PostNews xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Fərmanın mətninə əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi isə 9 ştat vahidi müəyyən edilib.
Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi yaradılır
Fərmana əsasən, Agentliyin tabeliyində “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” adlı büdcə təşkilatı yaradılır.
Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirəcək. Onun işçilərinin say həddi 200 ştat vahidi müəyyən edilib.
Nazirlər Kabinetinə iki ay vaxt verilib
Nazirlər Kabineti iki ay müddətində bir sıra məsələləri müəyyən edərək Prezidentə məlumat verməlidir. Bunlara Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının, Kollegiya üzvlərinin sayının və tərkibinin müəyyən edilməsi daxildir.
Bundan başqa, Nazirlər Kabineti Mərkəzin əməkhaqlarının, o cümlədən vəzifə maaşlarının, əlavələrin, mükafatların və digər ödənişlərin məbləğlərini, eləcə də əməyin ödənilməsi sistemini müəyyən etməlidir.
Dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər də görülməlidir.
Agentlik isə bir ay müddətində Mərkəzin Əsasnaməsini və strukturunu təsdiq edərək Prezidentə məlumat verməlidir.
Mərkəzin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına təmin ediləcək
Fərmana görə, Maliyyə Nazirliyi Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.
Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsi isə 2026-cı il dövlət büdcəsinin tətbiqi ilə bağlı Prezidentin 29 dekabr 2025-ci il tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsinin 1.11.6.10-cu abzasında nəzərdə tutulmuş vəsait hesabına təmin edilməlidir.
Maliyyə Nazirliyi, həmçinin 25 avqust 2025-ci il tarixli 489 nömrəli Fərmanın 3.7-ci bəndinə uyğun olaraq Mərkəzin strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını aparmalı, onların optimallaşdırılması üçün tədbirlər görməlidir.
Əvvəlki fərmanın iki hissəsi ləğv edilib
Yeni sənədlə “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 10 fevral 2022-ci il tarixli 1594 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri ləğv edilib.
Fərmanla Agentliyin yeni təşkilati strukturu və fəaliyyətinin təşkili üzrə müvafiq mexanizmlər müəyyənləşdirilib.

